Cəmiyyət

Vəkillər Kollegiyasının üzvlüyünə namizədlərin növbəti seçim prosesi keçirilir – FOTO

Sharing is caring!


Dövlət İmtahan Mərkəzində (DİM) Vəkillər Kollegiyasının üzvlüyünə namizədlərin növbəti seçim prosesi keçirilir.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, iki qurumun birgə əməkdaşlığı çərçivəsində təşkil olunmuş imtahanda 294 nəfər vəkilliyə namizəd iştirak edir.

İmtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunub.

İmtahan saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat ərzində kompüterlər vasitəsilə elektron qaydada DİM-in kompüter mərkəzində elektronlaşdırılmış qaydada həyata keçirilir.

İmtahanın şəffaflığının təmin edilməsi məqsədilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, media nümayəndələrinin iştirakı təmin edilib.

İmtahanın təşkili və namizədlərin tərkibinə dair statistik məlumatlara gəldikdə isə qeyd olunmalıdır ki, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 56,1 faiz, respublikanın digər regionları üzrə isə 43,9 faizdir. Say nisbəti baxımından imtahanda Azərbaycanın əksər regionları təmsil olunur, bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcək. Namizədlərin 12,3 faizi xarici, 87,7 faizi yerli ali təhsil müəssisələrində təhsil alıblar ki, bu siyahıda ilk yeri 45,2 faiz ilə Bakı Dövlət Universiteti tutur.

Yaş kateqoriyası baxımından 40 yaşadək olan namizədlər ümumi namizədlərin 66 faizini təşkil edir. Qadın namizədlər 27 faiz, kişi namizədlər isə 73 faizdir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının imtahanda iştirak edən namizədləri 7 faiz təşkil edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir