Cəmiyyət

Ötən il suyun azlığından, bu il çoxluğundan məhv olan Salyanın pambıq təsərrüfatları – FOTO

Sharing is caring!


Ək, becər, bol məhsul yetişdir, son nəticədə təbiətin şıltaqlığı bütün əziyyətini bada versin… 

Söhbət Salyan pambıqçılığından gedir. Bizim.media-nın Cənub bürosu xəbər verir ki, bu il havaların qeyri-sabit, yağmurlu keçməsi aran bölgəsinin, o cümlədən Salyanın pambıqçılarını da çətin vəziyyətə salıb.

Artıq yağanda dərd verən yağış…

Fasiləsiz yağan yağışlar məhsul yığımını gecikdirməklə yanaşı, məhsulun keyfiyyətinə də mənfi təsir göstərib. Məhsuldarlığın 10-15 faiz azalması gözlənilir ki, bu da pambıqçılıqla məşğul olan fermerləri narahat edir.

Fermerlər deyirlər ki, becərmə dövründə hər şey öz qaydasında olub. Normal temperaturun olması səbəbindən tarlalara vaxtında və səmərəli aqrotexniki qaydada qulluq göstərə biliblər. Vaxtında görülən işlər səmərəsini verib, pambıq kollarından yüksək məhsuldarlıq gözləyiblər. Hər şey öz axarında getsə də, avqustun axırları və sentyabrda fasiləsiz yağışların yağması vəziyyəti çətinləşdirib.

“Ağ qızıl” təsərrüfatçısı İbadət Cəfərov bildirir ki, normal hallarda avqust ayının axırında pambığın təbii yolla rəngi dəyişir, yarpaqlarında müəyyən saralmalar gedir və qozalar açılmağa başlayırdı:

“Qozalar yenə açılmağa başladı, amma rütubətin çoxluğundan pambıq yaşıllaşdı. Yağış yağdıqca saralıb açılmalı olan qozaların yerinə kollar yaşıllaşıb böyüməyə başlayır. Təbii ki, kollar böyüdükcə dibinə kölgə salır. Bu kölgənin və rütubətin hesabına qozalarda çürümələr başlayıb”. 

Təsərrüfat sahibləri deyirlər ki, gödək kollar olan sahələrdə problem yaşanmayıb. Münbit torpaqlarda pambığın boyu hündürdür. Kollar uzandıqca pambığın daban qozalarında çürümə baş verir. 

Mütəxəssislərin fikrincə, Aran bölgəsində “ağ qızılın” 90-95 faizinin pambıqyığan maşınlarla yığılması nəzərdə tutulur. Bu məqsədlə sahələrin əksər hissəsi defoliasiya (yarpaqların xüsusi preparatlarla süni məhv edilməsi – red.) olunur. Mövcud şəraitdə isə görülən tədbirlər əhəmiyyətini itirib. Belə ki, yağışlardan sonra defoliasiya olunmuş tarlalarda pambıq kolları yenidən çürüdüyü üçün kombaynlar məhsulu tam götürə bilmir. Bu da şübhəsiz ki, çox böyük itkilərə səbəb olur.

Hazırkı vəziyyətdə ən çox çətinliklə üzləşənlər kombayn sürücüləridir

Sürücü İlqar Kərimovla həmsöhbət oluruq:

“Yağan yağışlar fəsadlar törədib. Torpaq nəm olduğu üçün qozalarda çürümə yaranıb, bu da texnikanın sahədə hərəkətini çətinləşdirir. Həm də məhsulu tam yığa bilmirik. İtkilər var. İş təmiz olmayanda bizi qane etmir”.

Məsələ ilə əlaqədar Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun müdiri Rəşad Əsgərli bildirib ki, cari il Aran bölgəsində yağıntıların miqdarı çox olub:

“Bu da pambıqçılıq təsərrüfatına təsirsiz ötüşmədi. Yağıntıların çoxluğu artıq pambıq yığımı ilə əlaqədar olan tədbirlərin həm ləngiməsinə, həm də pambıqçılıq təsərrüfatlarında məhsuldarlığın qismən azalmasına səbəb olub. Hal-hazırda sahələrdə yığım prosesi davam edir. Nəzərdə tutmuşuq ki, havalar isti və quraq keçərsə, pambıq yığımını optimal müddətdə başa çatdıraq”.

Mütəxəssislər hesab edirlər ki, bu il fasiləsiz yağışların yağması, məhsul yığımını ən azı 15 gün gecikdirib. Bununla yanaşı, ötən illə müqayisədə cari mövsümdə məhsuldarlığın 10-15 faiz azalması gözlənilir.

Əgər bundan sonra da yağış yağarsa, bu rəqəm arta bilər…

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir