Cəmiyyət

Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması üçün tədbirlər davam edir – FOTO

Sharing is caring!


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müvafiq qurumlarla birlikdə Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirləri davam etdirir.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu ilin ötən dövrü ərzində Şəki-Zaqatala iqtisadi rayonu üzrə 6012 ədəd feromon tələ asılıb. Qəhvəyi mərmər bağacığının sirayətlənmə dinamikasını izləmək və ona qarşı aparılacaq mübarizə tədbirlərini vaxtında həyata keçirmək məqsədilə həmin feromon tələlərə təkrar baxış zamanı 46 yaşayış məntəqəsində  zərərvericilər müşahidə olunub. Aşkarlanmış zərərvericilər toplanaraq mexaniki məhv edilib. Hazırda AQTA və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən Qəhvəyi mərmər bağacığının kütləvi toplaşdığı yerlərdə lokal kimyəvi mübarizə tədbirləri həyata keçirilir. Həmçinin respublikamıza zərərvericinin qonşu ölkələrdən daxil olmasının qarşısını almaq məqsədilə cari ilin oktyabr ayından Mazımqara sərhəd-buraxılış məntəqəsində (Balakən) nəqliyyat vasitələrinin dezinseksiyasına başlanılıb.

Qeyd edək ki, havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar hazırda Qəhvəyi mərmər bağacığının yaşayış məntəqələri ətrafında toplanması müşahidə olunur. Zərərvericilər qışlamaq üçün sığınacaqlar axtarır. Bu da Qəhvəyi mərmər bağacığının asanlıqla məhv edilməsinə zəmin yaradır. Eləcə də bu dövrdə Qəhvəyi mərmər bağacığının kənd təsərrüfatı bitkiləri üçün heç bir təhlükəsi olmur.

Onu da bildirək ki, kifayət qədər maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də bəzi hallarda zərərvericinin bitkidə zədəsi digər zərərli orqanizmlərin zədəsi ilə səhv salınır. Ona görə də, təsərrüfat sahiblərinə bitki üzərində zədə əlamətləri aşkar etdikdə, mütəxəssislərlə məsləhətləşmək tövsiyə olunur. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir