Cəmiyyət

“Qadınlar üçün nəzərdə tutulan ən məşhur saç düzümlərindən biri bu gün kişilər arasında trenddir” – MÜSAHİBƏ

Sharing is caring!


Ali təhsil və peşə təhsili hər zaman bir-birindən fərqləndirilib. Bunu daha çox valideynlər, xüsusilə analar uşaqları təhsilə ciddi yanaşmadıqlarında sanki hədə-qorxu kimi deyirdilər. Amma təbii ki, hər peşənin öz dərinliyi, öz əhəmiyyəti və tarixi var.

Peşə sahiblərinin böyük əksəriyyəti düşünür ki, ali təhsildən daha yaxşı öz işinin ağası olmaqdır. Necə deyərlər öz əlin, öz başın. Müdir də sənsən, işçi də sənsən, müəllim də, usta da elə özünsən. Doğrudur, bir nəfərin bu qədər funksionallığı çətin ola bilər, amma budəfəki müsahibim deyir ki, insan sevdiyi işi görəndə yorulmaq bilmir. Elə müsahibim Azərbaycanda ilklərə imza atmış, tanınmış bərbər Salman İsmayılov kimi.

O deyir ki, bu gün yüzlərlə bərbər var, amma onlar təəssüf ki, öz üzərində işləmək, yeni texnikalar öyrənmək istəmirlər. Salman İsmayılov öz peşəsinin tarixini araşdıran, eləcə də tarix boyu bərbərlərin istifadə etdiyi bir çox antik alətlərin kolleksiyasını toplayan, öz peşəsinə dəyər verən nadir insanlardandır.

Bərbərliyin tarixi, saç-saqqalın önəmi, bu peşənin keçdiyi maraqlı və çoxlarının bilmədiyi məqamları öyrənmək istəyirsinizsə, Salman İsmayılovla söhbətimizi diqqətlə oxuyun.

Oxu.Az tanınmış bərbər, ilk bərbər muzeyinin təsisçisi Salman İsmayılovla müsahibəni təqdim edir:

– Salman bəy bir qədər bu peşəyə marağınızdan danışaq. Niyə bərbər olmaq istədiniz?

– Bu suala verəcəyim cavab sizi çox təəccübləndirəcək, amma mən heç bərbər olmaq istəmirdim. Mən fotoqraf olmaq istəyirdim. O vaxt onsuzda qarşımda çox böyük seçimlər də yox idi, mən də fotoqraf olmağı seçmişdim. Hətta təhsilini də almışdım. Üstəlik peşə məktəbində məişət avadanlıqlarının təmiri üzrə təhsil almışdım. 1994-ci ildə hərbi xidməti başa vurub qayıtdıqdan sonra işləməyə başladım. Həmin dövrdə fotoqraflıq o qədər də inkişaf etməmişdi, maksimum yeni ildə şəhərə istirahətə çıxanları yolkanın yanında şaxta baba və qar qızla çəkə bilərdin.  

Sevməsəm də perspektiv olmadığını başa düşürdüm və qardaşımın məsləhətinə qulaq asaraq bərbərliyi öyrənməyə başladım. O mənə bərbərlik öyrən deyəndə cavab olaraq ona ilk olaraq Mayakovskidən ifadə işlətdim ki, “ağxalatlı olum sənin üçün? (gülür). Belə-belə ilk müəllimim də qardaşımın dostu olub, yanında dayanıb saç kəsməyi öyrənirdim. İlk illərdə məqsəd gör, götür, kəs və pulunu qazan olub. Amma desəm ki, bu sənətə sevgi ilə gəlmişəm, yalan olar. Beləcə, bu sənəti oxuyub, öyrənərək bərbərliyə başladım.

– Deyəsən, sonradan sənət sevginiz sizi hətta kolleksioner edib, hə?

– İnanın ki, bu alətlərin hər birinin özünün tarixi var və onları mənə dostlarım, tanışlarım hədiyyə ediblər. Bütün bu antik alətlərin tarixini maraqlandıqca bərbərliyin heç də səthi bir peşə olmadığını anladım. Bizdə isə təəssüf ki, valideynlər oxumayan uşaqlarına – “get bərbər ol, ya da maşın ustası”, – deyib peşə məktəblərinə qoyurlar. Bərbərlik incəsənətdir, yaradıcılıq tələb edən bir sahədir.

– Bərbərliyin tarixini araşdırdınız deyirsiz, bir qədər bizə də danışın. Sizi heyrətləndirən məqamlar nələr olub?

– Bu sənətin tarixi bizim eradan əvvəl 5 min illiklərdən başlayır. “Barber” – latın sözüdür, tarixi 4-cü əsrə qədər gedib çıxır. “Dəllək” sözüdür ərəblərdən dilimizə keçib və mənası “ülgüc” deməkdir. Peşəni heç sevməyərək öyrənsəm də, onun tarixini araşdırdıqca sevməyə başladım. Tarixdə bərbərlərin hörmətli, nüfuzlu şəxslər olduğunu oxudum. Bərbərlər həm də tarix boyu şamanlıq, cadugərliklə də məşğul olublar.

Belə-belə artıq peşənin tarixindən çox saç, saqqal, bığ o dövrlərdə necə simvolizə edilirdi, insanlar hansı saç, saqqal kəsimlərinə üstünlük verirdi onları araşdırmağa başladım.

– Bu gün kolleksiyanızda nə qədər eksponat var?

– Hazırda bu salonda 600-ə yaxın eksponat sərgilənir. Divarlarda görə və onlar barədə məlumatları oxuya bilərsiniz. Ən qədim alət isə 1791-ci ilə aid olan Britaniyada düzəldilən qayçıdır. Poladla çuqun qarışığından hazırlanıb, qutusu gümüş suyuna salınıb.

Burada, həmçinin ötən əsrin 50-60-cı illərinə aid, Misir istehsalı olan odekolonlar, 1930-cu ilə aid su qabları da var. Hətta sizə göstərəcəyim stəkana təəccüblənəcəksiniz. O dövrdə bığa, saqqala o qədər önəm verirdilər ki, onların xüsusi baxım alətləri və xüsusi stəkanları olurdu. Baxın, bu stəkanla maye qəbul edən zaman insanların bığı bulaşmırdı və səliqəli qalırdı.

– Heç özünüzün şəxsən əldə etdiyiniz alətlər varmı?

– Bu alətlərin 90 faizini mən özüm ölkəni tərk etmədən, onlayn formada sərgilənən hərraclardan çox baha qiymətə əldə etmişəm. Elə hərraclar ki, orada saatlarla oturub hərracda son qiymətlərə qədər gözləmişəm. İndi təsəvvür edin o lotu uduzduqda necə stres keçirmişəm. Ona görə bura mənim üçün həm salondur, həm də muzey.

– Muzey demişkən, neçənci ildən salon bu formada fəaliyyət göstərir?

– Bu salon əslində mənim ikinci filialımdır. 2021-ci ildən fəaliyyət göstərir. İlk filialımı 2014-cü ildə açmışam. Amma kolleksiya özü 1998-ci ildən bəri toplanır və sərgilənir. Mənim alətlərim bu sahədə istehsal edilən ən son və ən müasir alətlərdir. Hazırda elektron alətlərdən istifadə edirəm. Mexaniki alətlərlə işləmək nisbətən çətindir, amma onlar xarab olanda artıq detallarını tapmaq olmur. Ona görə də elektron və daha təkmilləşmiş alətlərlə işləyirik.

– Heç olub ki, bu antik alətlərlə hansısa müştərinin saçını kəsibsiniz?

– Xeyr, qətiyyən. Mən tarixə hörmət edən adamam. Bu alətlərin neçə min il yaşı var. 1910-cu ilin üzqırxanını qıyıb işlətmək olar? Mən, hətta bu tarixi alətlərin üzərində işləyərək dörd alət icad etmişəm.

– Saç kəsimlərində sırf sizin imzanız olan bir forma varmı?

– İndi hər kəsin sevdiyi, uşaqlarına üslub kimi seçdiyi 3D saç kəsimi “Hair tattoo”nu ilk dəfə Azərbaycanda 1998-ci ildə mən etmişəm. O vaxtlar valideynlər mənim üstümə hücum çəkirdilər, narazılıq edirdilər. Amma o valideynlər bir müddət sonra uşaqlarını mənim yanıma gətirirdilər ki, “hair tattoo” edim. Biz çox konservativ xalqıq. İlklərə imza atmaqdan, yeniliklərdən qorxuruq. Amma bir şey kütləviləşdikdən sonra ürəklənirik.

– Bir çox peşələrin ölkədaxili və ya beynəlxalq yarışları keçirilir. Bəs bərbərliklə bağlı hansısa belə müsabiqə, yarış varmı ki, siz orada iştirak etmək istəyəsiniz?

– Mən hər zaman bərbər yarışında iştirak etmək istəmişəm. Amma təəssüf ki bizim ölkədə mənim gənclik illərimdə belə bir müsabiqə keçirilmədi. Nəhayət, mən özüm qərara gəldim ki, iştirakçı kimi özümü sınaya bilməsəm də, təsisçi kimi ilk dəfə Azərbaycanda bu müsabiqəni reallaşdırım. Belə də oldu. Ölkədə ilk bərbər müsabiqəsini mən öz şəxsi büdcəm hesabına keçirdim və qalibə 500 manat mükafat verdim.

Mən bu sahəni sevirəm və gənclərin də bu sahədə sadəcə saçı kəsim, pulumu alım deməsini istəmirəm. Onların öz üzərində işləyib tanınmış ustalardan olmasını istəyirəm.

2017-ci il mayın 28-də Dənizkənarı Bulvarda “Mr.Saqqal” yarışını da ilk dəfə mən gerçəkləşdirmişəm. Ötən il 20 bərbərin iştirakı ilə “Bərbər müharibəsi” adlı konsepsiya hazırladım.

– Salman bəy, yetirmələriniz varmı?

– Mən illərlə işləyən bərbərlərdən daha yaxşı tələbələr hazırladığıma əminəm. Çünki mənim tələbələrim kəsim öyrənmir. Anatomiyanı, saç və baş dərisinin problemlərini, tük soğanaqlarını və s. məsələləri bildikdən sonra ona uyğun olaraq müştəriyə saç kəsimi modelləri təklif edirlər. Bu gün tələbələrim içərisində elələri var ki, 3-5 il sonra 15-20 il bərbər işləyən ustalardan daha yaxşı olacaqlar.

Mənim tələbələrim çoxdur. Sadəcə mən həm usta, həm müəllim, həm ailə başçısı kimi parçalana bilmərəm.

– O dövrlərdə dəb olan saç düzümləri yenidən gündəmə gəlirmi?

– Ən məşhur saç düzümlərindən biri hər kəsin Elvis Preslinin üslubu kimi tanıdığı “pompadour” saç düzümüdür. Lakin əslində tarixə nəzər salsaq, bu saç düzümü qadınlar üçün nəzərdə tutulub.

İlk dəfə “pompadour” saç düzümü 18-ci əsrdə, bərbərdə təmtəraq və yüksək üslubun üstünlük təşkil etdiyi Rokoko üslubunun çiçəklənmə dövründə ortaya çıxıb. O, Fransa kralı XV Lüdovikin rəsmi məşuqəsi Markiz de Pompadurun şərəfinə adlandırılıb. Saç düzümü və çərçivənin köməyi ilə yarım metr hündürlüyə çatan üslubu hazırlayan o idi. Cəmiyyət xanımları arasında “la pompadour” saç düzümü yüksək statusun və lüksün göstəricisi hesab olunurdu. Tədricən təmtəraqlılıq dəbdən çıxdı və saç düzümü populyarlığını itirdi.

Bu saç düzümünün ikinci dəfə çiçəklənmə dövrü isə XX əsrin 50-ci illərinə təsadüf edir. Həmin dövrdə “pompadour” saç düzümü artıq kişi versiyası kimi gündəmə gəldi. Bu dövrün novatoru, bütöv bir dövrün əsasını qoyan “rok-n-roll” musiqi janrının kralı hesab edilən Elvis Preslinin adı ilə bağlı oldu. Kişilər ona bənzəmək üçün onun zahiri görünüşünü və davranışlarını təqlid etməyə başladılar. Beləliklə, “pompadour” saç düzümü bir daha populyarlıq zirvəsinə qalxdı.

– Son dönəmlər gənclər arasında ən dəbli saç düzümü saçı arxadan rezinlə yığmaqdır. Bu saç düzümünü daha çox Çində məbəd kahinləri edirdi.

– Bəli, elədir ki, var. Saçın üst hissəsini uzun saxlayıb arxadan rezinlə toplayırlar. Kinolarda da bu saç düzümünü çinlilərdə görmüşük. Amma bu saç düzümünün tarixi VI əsrə gedib çıxır. O vaxt mancurlar Çinə hücum edərkən bu saç düzümünü özününküləşdiriblər.

– Bəzən saqqal saxlamağı gigiyenik cəhətdən müsbət qəbul etməyib, natəmizlik kimi qiymətləndirənlər olur. Bu fikrə münasibətiniz necədir?

– Ümumiyyətlə, üç növ saqqal var. İmic, din və tənbəl saqqallar. Gənclərin üzünə iki-üç tük çıxır və formasız qaydada bunu saxlayırlar. Bəzən sosial şəbəkələrdə bu barədə paylaşım edəndə insanlar qınayır. Peyğəmbərimiz buyurub ki, saqqal saxlayın. Pravoslavlar da saqqal saxlayırlar.

Bəs bilirsinizmi nə üçün katoliklər saqqal yox, bığ saxlayıblar? O vaxt I Pyotr cavan olduğu üçün üzünə saqqal çıxmırdı. Həmin dönəmlərdə də katoliklər, bütün elit təbəqə liderlərinə hörmət əlaməti olaraq saqqalı kəsib bığ saxlayırdılar. Tarix boyu hər şeyin bir səbəbi olub.

Bizim eradan əvvəl III əsrdə makedoniyalılar barbarlarla döyüşdə uduzurlar. Onların uduzmasının səbəbi araşdırılanda məlum olub ki, döyüşlərdə saç-saqqaldan tutub, süngü bıçaqlarla öldürürdülər. Ondan sonra qayda çıxdı ki, hərbidə saç-saqqal saxlamaq olmaz. Həmin dövrdə Makedoniyaya hücum edənləri “barbar” (vəhşi) adalandırırdılar. İndi də bəziləri deyirlər ki, bərbər sözü də ondan gəlib. Amma xeyr. Dəllək ərəb mənşəli, bərbər isə fars mənşəli sözdür.

Əslində tarix boyu Qafqaz kişilərində testosteronun yüksək olması gözəl saqqal saxlamalarına zəmin yaradıb. Bizdə tarix boyu ziyalılarda gur saqqal olub. Rus dahiləri də əsrlər öncə gur və səliqəli saqqal saxlayıblar. O vaxt bığlara xüsusi qulluq edirdilər. İtalyan kişilər bığlarını darayan xüsusi maşalar istifadə edirdilər. Yatarkən bığları əyilməsin deyə, xüsusi keçiricilər, trafaretlər taxırdılar. Hətta çay, su üçün xüsusi stəkanlar vardı ki, ön hissəsi qapalı idi. Bunun köməyi ilə maye bığlara bulaşmırdı. O vaxt bığ, saqqal saxlamaq ciddi sərmayə tələb edirdi.

– Bu gün əksər kosmetik vasitələrin tərkibində donuz piyindən istifadə edildiyi iddia edilir. Bəs o vaxt belə demək mümkünsə, saçlar üçün qulluq vasitələri, laklar var idi, yoxsa onları nəsə əvəz edirdi?

– O vaxt saçları xüsusi formaya salırdılar. Hər dövrün öz dəbi olurdu və kübar, zadəgan ailələrin nümayəndələri mütləq həmin dəbə uyğunlaşırdılar. O vaxt dediyiniz kimi saç düzümlərini aylarla saxlamaq mümkün idi. Bunu donuz piyinin köməyi ilə edirdilər. Soyuq yerdə saça donuz piyi vurub düzəldirdilər. Aylarla saç elə o halda qalırdı. Amma təbii ki, bir ay saç elə qalanda saçın içində tarakan və siçanlar daraşırdı.

– Kişilərdə saç tökülməsi daha çox müşahidə edilir. Hətta kişilər üçün pariklər də hazırlanıb. Bəs ilk pariklər nədən hazırlanıb?

– Bizim eradan 3 min il öncə ilk natural parikləri Misirdə düzəldirdilər. Ən varlı zadəgan xanımlar onu sifariş edirdilər. Qul xanımların baş dərisini kəsib mumiyalayırdılar. Onların kök hüceyrələrini qurudurdular və daha sonra parik kimi istifadə edirdilər. O vaxt ülgüc yox idi, balta ilə kəsirdilər. Fransada hələ də bu eksponatların qorunduğu muzey fəaliyyət göstərir.

– Uzun saqqalları bəzən radikal dini inanclara bağlayırlar, çəkinirlər. Sizin də saqqalınız, maşallah kifayət qədər uzundur. Sizə belə yanaşmırlar?

– Mən ibadət edirəm. Bu ayrı məsələdir. İbadətin saç-saqqala, bığa nə aidiyyəti var? Bəzi adamlar bunu dinlə, imanla əlaqələndirməyə çalışırlar. Amma mən sizə tarixlə danışdım axı. Şəxsən özümün isə hansısa radikal qrupla heç bir əlaqəm yoxdur. Özüm saqqalımdan zövq alıram, hər gün darayıb, ona qulluq edirəm. Bəlkə xanımların saçlarına qulluq etməsindən qat-qat artıq mən saqqalıma baxıram. Təxminən 6 ildən çoxdur saqqal saxlayıram və saxlayacağam da. Saqqal da kişinin bəzəyidir.

– Gələcəkdə sənətin nəzəri və praktiki biliklərinə sahib olan, peşəkar bərbərlər yetişməsi üçün nə əskikdir?

– Bərbər sənəti üzrə məktəb, assosiasiya, klubun olmaması ölkəmizdə bu sənətin inkişafına mənfi təsir edir. Təkcə gözəllik deyil, həm də gigiyenanın keşiyində dayanmaq lazımdır. Hər sənətin, işin bir texnikası var. Kor-koranə qurulan işin axırı da olmaz, perspektivi də. Hər şey riyaziyyat və texnika üzərində qurulub.

Daha çox foto burada: PhotoStock.Az

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir