Cəmiyyət

Çətin geosiyasi mühitdə müstəqil xarici siyasət

Sharing is caring!

         Azərbaycanın xarici siyasətinin özünəməxsus xüsusiyyətlərindən biri onun balanslaşdırılmış xarakter daşıması ilə səciyyələnməsidir. Ölkəmizin geosiyasi vəziyyəti və üzləşdiyi problemlər xarici siyasət kursunda müəyyən tarazlığı gözləməyi, Azərbaycanın manevr imkanlarını saxlamağı və regionda möhkəmlənmək uğrunda mübarizə aparan müxtəlif güc mərkəzləri arasındakı münasibətlərdən səmərəli istifadə etməyi zəruri edirdi. Ulu Öndər Heydər Əliyevin xarici ölkələrə səfərləri, həmin ölkələrin dövlət başçıları, digər rəhbərləri və iş adamları ilə keçirdiyi məhsuldar görüşlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə təkan vermiş, onun keyfiyyətcə daha yüksək mərhələyə qədəm qoymasına münbit şərait yaratmışdır.

        Avropa və Asiyanın qovuşuğunda yerləşən mühüm geostrateji məkan kimi Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması üçün dayaq nöqtəsi kimi ən perspektivli tərəfdaş hesab edilir. Bunu Qərbin qüdrətli dövlətlərində yaxşı başa düşürlər. Bu cəhətdən həmin ölkələrlə münasibətlərin qurulmasında və daim yüksələn xətlə inkişaf etdirilməsində Heydər Əliyevin xidmətləri misilsizdir. Müstəqil Azərbaycanla bu ölkələr arasında diplomatik münasibətlər 1992-ci ildən yaradılmağa  başlanmışdı. Lakin bu, hələ ancaq ilk addım idi. Bu yolla irəliləmək, bir sıra məsələlərə aydınlıq gətirmək, əlaqələri genişləndirmək, etimad, etibar qazanmaq, Azərbaycanı layiqincə təmsil etmək üçün çox iş görmək, böyük diplomatik fəallıq göstərmək tələb olunurdu. Çünki dünyəvi dövlət qurmaq istəyən və çətin problemlərlə qarşılaşmış gənc, müstəqil bir ölkənin taleyində dünya siyasətində həlledici rolu olan fövqəldövlətlər mühüm rol oynaya bilərdi. Buna nail olmaq, mövcud imkanları reallığa çevirmək üçün ardıcıl, məqsədyönlü səy göstərmək, müxtəlif yollar axtarmaq, vasitələr tapmaq lazım gəlirdi. Nəhayət, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması bu yolda ən mühüm və ən başlıca amil, Azərbaycanla Qərb arasındakı münasibətlərdə dönüş nöqtəsi oldu.

         Belə ki, Azərbaycana, onunla iqtisadi əməkdaşlığa, onun problemlərinə, geosiyasi əhəmiyyətinə maraq yarandı. Bu maraq nüfuzlu dövlətlərin  Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, münaqişəli problemin dinc yolla həllinə tərəfdar olduğunu bəyan etməsilə nəticələndi. Dünya prizmasından sərf-nəzər edilməklə, bu, Azərbaycan diplomatiyasının böyük qələbəsi idi.

         Hazırda Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursunun davamlılığını təmin edən Prezident İlham Əliyevin yüksək diplomatik məharəti sayəsində Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Bu gün Azərbaycan dünya miqyasında geostrateji əhəmiyyətə malik olan əlverişli coğrafi mövqeyindən, zəngin təbii ehtiyatlarından və böyük potensialından istifadə edərək, Avropa ilə Asiya arasında körpü rolunu səmərəli surətdə həyata keçirir. Azərbaycan regionun nadir ölkələrindən biridir ki, çətin geosiyasi mühitdə müstəqil xarici siyasət yürüdür.

                                                                                                     İlqar    Həsənov ,               

                                                                                      Göytəpə  bələdiyyəsinin  sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir