Cəmiyyət

Ulu Öndər Heydər Əliyevin xarici siyasət kursu örnəkdi

Sharing is caring!

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyəti ölkəmizin tarixində möhtəşəm hadisədir, bizlərə və gələcək nəsillərə inkişaf üçün sarsılmaz bir təməl olmuşdur. İndi respublikmızın hər sahədə qazandığı uğurlara görə birinci növbədə Heydər Əliyev dühasına minnətdarıq. O, doğma xalqın milli şüurunu dirçəldərək, onda gələcəyə tükənməz ümidlərlə baxmaq vərdişi yaratdı, dünya xalqları birliyinə inteqrasiyanın yollarını müəyyən etdi. Məhz bu  keyfiyyət demokratik, hüquqi, dünyəvi dövlətin bərqərar olmasında və inkişafında mühüm rol oynadı.

      Müstəqilliyin ilk illərində hər şeydən öncə yaxın xariclə münasibətləri qaydaya salmaq, əlaqələri bərpa etmək lazım gəlirdi. Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olması bu yöndə atılmış ilk addımlardan biri idi. Bu quruma daxil olan keçmiş Sovet respublikaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparıldı. Bu ölkələrlə iqtisadi, ticarət və mədəni əməkdaşlıq məsələlərinə xüsusi önəm verildi.

      İkitərəfli əməkdaşlıq sistemində Rusiya, Gürcüstan, Ukrayna və Moldova ilə yaradılan yeni əlaqələr, Mərkəzi Asiya respublikaları ilə münasibətlərdə bir sıra tərəddüdlərin aradan qaldırılmasına göstərilən səylər də çox əhəmiyyətli olmuşdur. Bu ölkələrlə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin yeni mühüm uğuru idi.

     Azərbaycanın yeni xarici siyasət kursunda bütövlükdə Avropa dövlətləri ilə münasibətlər məsələsi yeni bir istiqamət təşkil edirdi. Hər bir ölkənin özünəməxsus xüsusiyyətlərini bütün incəliklərinə qədər nəzərə alan bu yeni kurs çevik taktiki gedişlərlə həyata keçirilirdi. Qısa müddət ərzində Azərbaycanın özünə Böyük Britaniya, Almaniya, İtaliya kimi nüfuzlu müttəfiqlər qazanması Heydər Əliyev xarici siyasətinin Avropa istiqamətinin çox mühüm bir uğuru oldu.

       Məsələn, xaricdən enerji asılılığının minimal həddə endirilməsi dünyanın əsas karbohidrogen ehtiyatlarına nəzarəti əldə etmək uğrunda rəqabətin gücləndiyi şəraitdə ayrı-ayrı dövlətlərin təkcə milli təhlükəsizliyinin deyil, həm də müstəqil siyasət yeritməsinin vacib şərtinə çevrilmişdir. Azərbaycan isə bütövlükdə Avropanın enerji təhlükəsizliyində geniş imkanlara malik ölkə kimi Mərkəzi və Şərqi Avropa dövlətlərinin maraq dairəsində olub. Və Ulu Öndər bundan məharətlə istifadə etdi. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi idi. Azərbaycan dövləti “Əsrin kontraktı”nın icrasına bir manat vəsait qoymayıb, ancaq mənfəət neftinin əsas hissəsi Azərbaycana gəlir. İndi Azərbaycan dövlətinin payına düşən mənfəət nefti bizim iqtisadiyyatımızı gücləndirir. Bu gün xarici şirkətlərlə aparılan neft-qaz əməliyyatları çərçivəsində minlərlə milli kadr yetişib, “Əsrin kontraktı”nın icrasında işləyən insanların 90 faizi Azərbaycan vətəndaşlarıdır.

      Son illərdə Avropa ölkələri ilə neft və qaz kontraktlarının bağlanması isə ölkəmizə nəinki böyük əlavə üstünlük verdi, eyni zamanda beynəlxalq miqyasda ölkəmizin nüfuzunu əsaslı şəkildə artırdı.

                                                                                      Məmmədzadə Əliyev,

                                                                      Cəlilabad RİH-nin şöbə müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir