Cəmiyyət

Türkiyəli nazir müavini: “Astronavtika konqresinə ev sahibliyi edəcəyimizi Bakıda öyrənmək qürurvericidir”

Sharing is caring!


“Dünyanın kosmik sahədə keçirilən ən böyük tədbirinə 2026-cı ildə Türkiyənin ev sahibliyi etməsi qürurvericidir. Bu sevindirici xəbəri qardaş ölkə Azərbaycanda öyrənmək isə ayrı cür gözəldir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Türkiyənin sənaye və texnologiya nazirinin müavini, professor doktor Ahmet Yozqatlıgil deyib.

Onun sözlərinə görə, daha əvvəl keçirilən astronavtika konqresinə beş dəfə qatılsalar da, uğurlu nəticə əldə edə bilməyiblər:

“Lakin Azərbaycanda, Bakıda qatıldığımız konqresdə qalib gəldik. Bu qalibiyyət bizi sevindirir. İnşallah, 2026-da qardaş ölkədə qazandığımız uğurun davamı gələcək. 2026-cı ildə Türkiyə, Antalyada astronavtika konqresinə ev sahibliyi edəcəyik və dünyanın kosmik sahədəki ən qabaqcıl şirkətlərini qarşılayacağıq”.

O, 2024-cü ildə Türkiyəni təmsil edən iki nəfərin kosmosa uçuş həyata keçirəcəyindən danışıb:

“Bu bizim üçün çox önəmlidir. Çünki 2026-cı ildə ev sahibliyi edəcəyimiz astronavtika konqresində Türkiyə iki astronavtla təmsil olunacaq. 13 elmi tədqiqat həyata keçiriləcək. 2024-cü ildə artıq kosmosa uçmuş iki astronavtımız olacaq. Onlar uçuşu başa vurub geri qayıtdıqdan sonra kosmosda qazandıqları bütün təcrübələrini Türkiyədə təhsil müəssisələrinə gedərək şagirdlərlə, tələbələrlə paylaşacaqlar. 2026-cı ildə isə artıq ölkəmizə dünyanın müxtəlif ölkələrinin kosmik sənaye sahəsində işlər görmüş şirkətləri, astronavtları gələcəklər”.

Nazir müavini onu da bildirib ki, Türkiyə “Azərkosmos”la sıx əməkdaşlıq edir:

“Bu konqresi təşkil etməklə yanaşı, “Azərkosmos” bizimlə konqresin təşkilatçılığı ilə bağlı zəruri məlumatları da paylaşacaq. Azərbaycan bizimlə namizədlik təcrübələrini bölüşdü. Bundan sonra da konqresin təşkilatçılığı ilə bağlı məsələləri paylaşacaq. Astronavtlarımız kosmosda aparılan təcrübələri qarşılıqlı şəkildə bölüşməklə yanaşı, Azərbaycanın Milli Kosmik Proqramı ilə Türkiyənin Milli Kosmik Proqramı arasında birgə daha hansı layihələr həyata keçirilə bilərsə, onlara baxılacaq.

Türkiyə özü peyk hissələri hazırlayır. Bizim artıq həm rabitə, həm də müşahidə peyklərimiz var. Onlar orbitdə xidmət göstərməkdədir. Azərbaycanla digər sahələrlə yanaşı, kosmik sahədə də ciddi iş birlikləri planlaşdırırıq”.

“Kosmik sahəyə investisiya məsələləri mütəmadi olaraq Azərbaycan və Türkiyə nazirləri səviyyəsində müzakirə edilir. Buradakı investisiya fondunun həm Türkiyə, həm də Azərbaycandan olan sahibkarlar üçün əlçatanlığını təmin etmək məqsədilə tədbirlər görüləcək. Belə ki, Türkiyə şirkətlərinin Azərbaycanda, Azərbaycan şirkətlərinin də Türkiyədə açılması, eləcə də startap layihələrinin qarşılıqlı olaraq hər iki ölkədə həyata keçirilməsi məsələsi də planlaşdırılır. Bütün bu layihələrə ortaq investisiya məsələləri və digər zəruri layihələr barədə danışıqlar aparılır”, – deyə nazir qeyd edib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir