Cəmiyyət

36 ilin pedaqoqu: “Pis uşaq yoxdur” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“Şagirdlərimə həmişə övladlarıma arzuladığım müəllim kimi olmağa çalışmışam”.

Bunu Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseyin direktor müavini, eyni zamanda kimya müəllimi Sevda Cəbrayılova “Report”a müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

– Sevda müəllimə, ilk olaraq, bu peşə sizin üçün nə ifadə edir və sizcə, bu peşəni layiqincə yerinə yetirmək üçün bir müəllim özündə hansı xüsusiyyətləri ehtiva etməlidir?

– Mənim anam da müəllim olub. Ona görə də bu peşəyə gəlməyimə ən böyük dəstəyi anam göstərib. Anam Solmaz Eminbəyli 40 il müəllim kimi fəaliyyət göstərib. Mən də onun yolunu davam etdirmişəm. Peşə fəaliyyətimdə hər zaman çalışmışam ki, övladlarım üçün necə müəllim istəyirdimsə, şagirdlərimə də o cür müəllim olum. Övladlarımın müəllimlərinin savadlı və tələbkar olması mənim üçün çox vacib idi. Dərs dediyim şagirdlər də mənə öz övladım kimi əzizdirlər. Onları öz uşaqlarım kimi sevirəm.

– Artıq 36 ildir müəllim kimi fəaliyyət göstərirsiniz. Bu illər ərzində təhsil sistemində müəyyən dəyişikliklər də olub. Məsələn, Azərbaycan təhsilində illər öncə kurikulum sisteminə keçilib. Bu zaman bacara bilməyəcəyinizə dair hansısa tərəddüdünüz oldu?

– Açığı, indiyə qədər hansısa mövzuda çətinliyim və tərəddüdüm olmayıb. Ancaq kurikulum sisteminə keçəndə müəyyən mənada çətinlik yaşayacağımı düşündüm. Lakin təlimlərə getdik, öyrəndik. Baxmayaraq ki, 36 illik təcrübəm var, ancaq hər zaman öyrənməyə, yeniliklərdən xəbərdar olmağa çalışıram.

– Şagirdlərinizin sizi çıxılmaz vəziyyətdə qoyduğu anlar olub?

– (Gülür…) Əlbəttə, olub. Biz tələbə olanda psixologiya müəllimimiz deyirdi ki, şagird sizə sual verəndə heç vaxt “bilmirəm” deməyin. Çalışın, mövzunu dəyişin. Həmin sualın cavabını mütləq şəkildə öyrənib növbəti gün o sual şagirdin yadından çıxmış olsa da, ona xatırladaraq sualı cavablandırın.

– Bəzən müəllimlər arasında “o dövrün şagirdləri başqa idilər” kimi fikirlər səslənir. 36 ilin müəllimi olaraq siz bu barədə necə düşünürsünüz? Doğrudanmı zaman dəyişdikcə şagirdlər arasındakı fərq müşahidə olunur?

– Düzü, o dəyişikliyi mən də hiss edirəm. O vaxtın uşaqları sanki daha tez böyüyürdülər. Misal olaraq, 1990-cı illərin uşaqları həyatı daha tez dərk edir, daha tez böyüyürdülər. İndiki uşaqların ən vacib və yaxşı xüsusiyyətlərindən biri isə vətənpərvər olmalarıdır. İndi uşaqlarımız çox vətənpərvər ruhda böyüyürlər. Bu onların hərəkətlərində və söhbətlərində aydın şəkildə özünü göstərir.

– Özünüinkişaf istiqamətində nələr edirsiniz?

– Yenə deyirəm, baxmayaraq ki, 36 illik təcrübəm var, dərsdən əvvəl mütləq keçəcəyim dərsə nəzər yetirir, araşdırma edir, əlavə vəsaitlərə baxıram. Çünki tək dərsliklə kifayətlənmirəm. Mövzunu izah etməyi sinifdəki şagirdlərin qavrama səviyyəsinə uyğun müəyyənləşdirirəm. Eyni üsulu bütün siniflərdə tətbiq etmirəm, çünki bəzən sinif olur ki, orada qavrama qabilliyyəti çox yüksək olan şagirdlər toplanır.

– Sinifdə müəllim-şagird münasibətlərini necə tənzimləyirsiniz? Şagirdlərinizdən yaxınlaşıb sizinlə sirrini bölüşən olubmu?

– Şagirdlərim arasında “mən bunu valideynlərimə deyə bilmirəm, olar sizinlə danışım?!” deyənlər çox olub. Hətta dəfələrlə valideynlərinin onlara qarşı laqeyd münasibətindən də söz açıblar. Mən də onlara öz övladlarıma yanaşdığım qayğı ilə yanaşmışam. Heç vaxt söhbətdə səs tonumu yüksəldib onlarla təhqir dilində danışmamışam. Ümumiyyətlə, təhqir məsələsinə xüsusən toxunmaq istəyirəm. Bəzən müəllim düşünür ki, bu üsulla dərsdə sakitlik və nizam-intizam yarada bilər. Ancaq çox yanılırlar. Şagirdlərlə ancaq xoş münasibət və şirin dillə ünsiyyət qurmaq lazımdır. Mənə elə gəlir ki, şagirdlər müəllimi bu halda daha yaxşı anlayırlar. Mən sizi əmin edirəm ki, pis uşaq yoxdur. Onun ya ailə, ya psixoloji, ya da başqa səbəbdən problemi olur. Bütün bu kimi neqativlər uşağın hərəkətlərində özünü büruzə verir. Fikrimcə, yaxşı müəllim savadlı, səmimi, gülərüz olandır. Mən də şagird olmuşam, bizim də zəhmli müəllimlərimiz olub və həmişə onlardan çəkinmişəm. Olub ki, bildiyim suala cavab verməkdən belə, qorxmuşam. Müəllimin səmimi olması çox vacibdir. Onlarla müəllim-şagird münasibətindən daha çox, dost münasibətimiz olmalıdır.

– Siz həm də direktor müavinisiniz, yəqin ki, dərsə laqeyd yanaşan müəllimlərlə də rastlaşırsınız?

– Çox az hallarda olsa da, müəllimlərimizin bu kimi halları ilə rastlaşırıq. Onda mütləq şəkildə söhbətlər aparırıq. Bildiririk ki, bura təhsil ocağıdır və əsas tələb şagirdlərə təhsil verməkdir, maaş xətrinə gün keçirmək deyil. Sinifdə bir şagird olsa belə mütləqdir ki, həmin şagirdlə məşğul olunsun. Elə-belə oturmaqla heç nə olası deyil. Gənc müəllimlərimiz məktəbdə çoxdur və həvəslidirlər. Çalışıram ki, hər zaman onların yanında olum. Müəllim peşəsini seçən bu sahədə ciddi çalışmalıdır. Müəllimlərə hər zaman səbirli olmağı və öz üzərlərində daima işləmələrini tövsiyə edirəm. Müəllim dərsi tədris etməkdən zövq almalıdır ki, şagirdlər də dərsə qulaq asmaqdan yorulmasın.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir