Cəmiyyət

Qərbi Azərbaycan Xronikası: Çar Rusiyasının ilhaq etdiyi Şəmşəddil mahalı – VİDEO

Sharing is caring!


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Çar Rusiyasının Cənubi Qafqazla bağlı işğalçılıq planlarını reallaşdırmaq üçün ilhaq etdiyi Şəmşəddil mahalı və sultanlığı haqqında süjet hazırlanıb.

“Erməni və rusların Cənubi Qafqazla bağlı işğalçılıq planı” adlı süjetdə xalqımızın tarixinin ən önəmli səhifələrindən olan Qərbi Azərbaycanın etnoqrafiyasının dərindən öyrənilməsi və təbliği günün tələbi olduğu vurğulanır.

Bildirilir ki, Gəncə xanlığının mahallarından biri olan Şəmşəddil Yelizavetpol – Gəncə quberniyasının Qazax qəzasında 1747-ci ildə yaranıb. Bir çox mənbələrdə Şəmsəddil adı 1587-ci ildən məlumdur və I Şah İsmayılın dövründən Zülqədər tayfasının qollarından olan Şəmsəddinlu elinin adını əks etdirir. Bu el hələ 1515-ci ildə Şəmşəddil, indiki Tavuş mərzliyi ərazisində məskunlaşıb.

Qeyd olunur ki, XVIII əsrin sonunda mahalın ərazisi Qazaxla birləşdirilərək Qazax-Şəmşəddil sultanlığı adlandırılıb:

“Rusiya imperiyası 1801-ci ildə Gürcüstanla birlikdə tarixi Azərbaycan torpaqları, əsrlər boyu yalnız türklərin yaşadığı Qazax, Borçalı və Şəmşəddil sultanlıqlarını ilhaq edib. Çarizmin vergi  siyasətnə qarşı 1844-1845-ci illərdə  Şəmşəddildə kəndlilərin etirazları rus qoşunları tərəfindən amansızlıqla yatırılıb.

Ermənistanda 1920-ci il noyabrın 29-da sovet hökuməti qurulduqdan sonra Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara, yəni indiki İcevan, Çəmbərək – indiki Krasnoselo, Şəmşəddil – indiki Tavuş mərzliyi və Dilican rayonları yaradılıb”.

Süjetdə diqqətə çatdırılır ki, Qərbi Azərbaycanın tarixi mahallarının saxtalaşdırılması, oğuz türklərinin izinin itirilməsi, tarixi abidələrin dağıdılması xain və məkrli siyasətdən, Çar Rusiyası və onun Cənubi Qafqazda Azərbaycan torpaqları üzərində yaratdığı süni Ermənistan adlı dövlətdən qaynaqlanıb:

“Onlar 2 əsrdir qəhrəman oğuz-türklərinin gözünü qorxutmağa çalışıblar. Amma türkün qüdrəti qorxaqlığında deyil, onun mərdliyindədir. Mərdin qarşısında isə bütün yollar həmişə açıqdır. Əminik ki, 35 ildir Vətən həsrəti, doğma yurd yerini itirmək əzabı ilə ömür sürən Qərbi azərbaycanlılar geriqayıdış hüquqlarından istifadə edib öz doğma ocaqlarının qapısını açacaqlar”.     

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəlinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında oktyabrın 4-də saat 19:30-da Baku TV-nin efirində və “Youtube” kanalında yayımlanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir