Cəmiyyət

77 yaşını qeyd edən Misir Mərdanov ən böyük arzusunu açıqladı – MÜSAHİBƏ

Sharing is caring!


Bu gün AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun doğum günüdür. O, 3 oktyabr 1946-cı ildə Qərbi Azərbaycanın Karvansaray rayonunda anadan olub.  

Bizim.Media ad günü münasibəti ilə Misir Mərdanovla həmsöhbət olub.

Sabiq nazirlə müsahibəni təqdim edirik: 

– Misir müəllim, doğum gününüz mübarək olsun. Yaş üzərinə yaş gəlir. Bu yaşda özünüzü necə hiss edirsiniz? 

– Çox gözəl hisslər keçirirəm. 77 yaşımda illər boyu həsrətində olduğum hadisələrin sevincini yaşayıram. Çox şükürlər olsun ki, bu günü gördüm. Torpaqlarımızı tamamilə işğaldan azad etdik. Qarabağımızın azad olunduğunu gördüm. Çox sevincli bir il yaşayıram. Bundan böyük sevinc, xoşbəxtlik ola bilməz ki?!  

– Arzudan arzu doğar deyiblər. Bu yaşda hansı arzularınız var? 

– Əlbəttə ki, arzularım var. Arzu edirəm ki, yenidən gedib Qarabağı qarış-qarış gəzmək hər kəsə və mənə də qismət olsun. Ən böyük arzumsa doğulduğum və 35 ildir ki, həsrət qaldığım Karvansaraya getmək, ata ocağını ziyarət etməkdir. Allah hər kəsi arzusuna çatdırsın, o cümlədən məni də! 

– 77 yaş insan ömrü üçün hansı mərhələdir? İnsan bu yaşda daha çox nə arzulayır, hansı planlar qurur? 

– Təbii ki, bu, cavanlıq dövrü deyil. İnsanın ahıl yaşıdır. Amma insan hər yaşda xəyal qurur, nələrisə planlaşdırır. Allah nə qədər ömür veribsə, onu səmərəli yaşamaq istəyirəm. Hər gün işimin başındayam. Elmlə məşğulam. Bu yaşda da elimə, obama, xalqıma, dövlətimə daha çox xidmət etmək istəyirəm. 

– Ad gününüzü kimlərlə və harada qeyd edəcəksiniz? 

– İndi yoldayam, işə gedirəm. Axşama kimi işdə olacağam. Axşam da evə gedəcəyəm. Mən heç zaman ad günü və yubileylərimi nə rəsmi, nə də qeyri-rəsmi qeyd eləməmişəm. Bu dəfə də belə olacaq.  

– Yəqin ki, təbrikləri qəbul edirsiniz? 

– Təbii ki, təbrikləri qəbul edirəm. Sağ olsun bütün dost-tanışlar. Səhər o başdan telefonum susmur. Təbrikləri qəbul edirəm. Bax, belə… Siz də sağ olun ki, məni yada salmısınız, təşəkkür edirəm. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir