Cəmiyyət

Tibb, ya türkəçarə? – “Həkimlər də sınıqçı yanına gəlirlər” – VİDEO

Sharing is caring!


Sümüklərində sınıq və ya çıxıq olan şəxslər arasında hələ də həkimə yox, sınıqçılara müraciət edənlər var. Hətta demək olar ki, günümüzdə sınıqçılara gedənlərin sayı, həkimlərə müraciət edənlərdən daha çoxdur. 

Maraqlıdır, doğrudan da heç bir tibbi biliyi olmayan şəxslərə etibar etmək olarmı?

Tanınmış həkim-cərrah Adil Qeybulla Bizim.media-ya açıqlamasında bildirib ki, insanların sınıqçılara üz tutmasının səbəbi onların cahilliyindən irəli gəlir:

“Əslində isə indiki müasir şəraitdə tibbin yeni imkanlarından yararlanmaq lazımdır. Hesab edirəm ki, bəzən problemlər də ondan qaynaqlanır. Xüsusilə indi İcbari Tibbi Sığorta bütün sahələrin təxirəsalınmaz yardımlarını qarşıladığından, hər kəs bundan yararlanmalıdır. Sınıqçılar daha çox kənd yerlərində olur. 

Ümumiyyətlə, müxtəlif “ara həkimləri” deyilən şəxslərə müraciət etmək tam yersizdir. Bəzən onların gördüyü işlər mənfi nəticələr də yarada bilirlər. Çünki müəyyən situasiyalara görə aseptika, antiseptika, sterillik və s. gözlənilməlidir. Hesab edirəm ki, hamı bu vəziyyəti nəzərə almalıdır”.

Həkim-fizioterapevt Gülnar Əhmədlinin sözlərinə görə, hər hansı bir travmadan sonra rentgen çəkilmədən və yaxud da MRT, kompüter-tomoqrafiya müayinəsi aparılmadan sınıqçının müdaxilə etməsi yolverilməzdir:

“Çünki bəzən yer dəyişmiş sınıqlar olur ki, belə hallardan sınıqçıların başı çıxmır. Yer dəyişmiş sınığa hər hansı bir müdaxilə olunarsa, kəskin ağırlaşmalara gətirib çıxara bilir. Eyni zamanda, onurğada olan yırtıq protruziya zamanı sınıqçıların istifadə etdikləri kor-koranə manipulyasiyalar manual terapiya kimi qiymətləndirilir, amma bu, qətiyyən manual terapiya deyil, birdən-birə yırtığın qopmasına, kəskin “pristup” və sancı şəkilli ağrıların artmasına gətirib çıxara bilir. Sınıq və çıxıq zamanı mütləqdir ki, həkim instrumental hansısa müayinəni aparsın, ondan sonra travmatoloq, ortoped və yaxud da həkim-fizioterapevt gözü ilə problem dəyərləndirilsin”.

“Yanıma həkimlər də gəlir”

Sınıqçılıqla məşğul olan 90 yaşlı Səbinə Ələsgərova isə bildirib ki, heç bir tibb təhsil almadan saysız-hesabsız şəxsləri sağaldıb:

“Məndə sınıqçılıq genetik istedaddır. Babam Göyçədə loğman olub. Bizə bu vergi ondan keçib. Demək olar ki, bu işi təmənnasız görürəm. Ata-babadan keçən vergidir deyə, bizə deyilib ki, əlinin savabı bəsdir. Kimin ürəyindən nə qədər keçirsə, o qədər pul verir. 

Yanıma gündə azı 2-3 nəfər adam gəlir, kömək edirəm razı qalıb gedirlər. Azərbaycanın müxtəlif bölgələrindən, hətta həkimlər də mənə müraciət edirlər. Bu istedadı olan insanlar canlı MRT kimidir. Yəni aparatda yoxlanışdan keçib yanıma gəlsən də, gözümlə görmüş kimi, problemin nə olduğunu deyə biləcəyəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir