MARAQLI

Hiroşi Yamakava: “Ay səthində əməliyyatların həyata keçirilməsinin mümkünlüyü bizi sevindirir”

Sharing is caring!


“Bir il əvvəl start verilən “Artemis 1” (“Artemida 1”) proqramı Ay səthinin kəşf edilməsi məqsədi daşıyır. Bu proqramda üç astronavt ABŞ, bir kosmonavt isə Kanadadan olacaq. Onlar Ay səthinin öyrənilməsi prosesinə cəlb ediləcəklər”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin ikinci günündə təşkil olunan NASA-nın mətbuat konfransında Yaponiyanın Kosmik Agentliyinin prezidenti Hiroşi Yamakava deyib.

O bildirib ki, Hindistanın missiyası Ay səthinin cənub-qərbində əməliyyat keçirib:

“Bu onu göstərir ki, insanlar hər şeyə qadirdirlər. Koreya missiyası Ay səthindən olan möhtəşəm fotoları bizə təqdim edib. Yaponiyanın kəşfiyyat komandası Ay səthində kəşfiyyat texnikasını araşdırıb və bir çox nailiyyətlər əldə edib. Öz adımdan belə böyük eranın başlanğıcına gəldiyimiz üçün qürur duyuram. Gələcəkdə bu sahədə atılacaq addımların miqyasının daha da böyüməsini gözləyirik.

Ay səthində əməliyyatların həyata keçirilməsinin mümkünlüyü bizi sevindirir. Əməliyyatlar gələcəkdə daha çox çeşidlərə bölünəcək. Eyni zamanda, bu 1 saylı işçi qrupun üzvü kimi məsələlərin şəffaflığının önəmini vurğulamaq istəyirəm. Məlumatların heç bir müdaxilə olmadan işıqlandırılmasına maksimum diqqət ediləcək”.

Yaponiyanın Kosmik Agentliyinin prezidenti onu da əlavə edib ki, Ay səthinə insanların enməsi və bu sahədə əldə edilən bütün spesifik məlumatlar paylaşılacaq:

“Layihənin iştirakçıları məlumatlarla tanış olduqdan sonra onlar ictimaiyyətə açıqlanacaq. Eləcə də, BMT-nin baş katibinə məruzə olunduqdan və təsdiq edildikdən sonra məlumatlar hər kəs üçün əlçatan olacaq. Bu, sırf təhlükəsizlik tədbirlərinə görə önəmlidir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir