Cəmiyyət

Balakəndə təbii fəlakətdən zərərçəkmiş vətəndaşlara yardım edilib – FOTO

Sharing is caring!


Sentyabrın 7-də səhər saatlarında Balakən rayonu ərazisində baş vermiş güclü qasırğa ciddi fəsadlar törədib. Təbii fəlakət nəticəsində Balakəndə yaranmış bir sıra problemlər aradan qaldırılır.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, Balakən Rayon İcra Hakimiyyəti və bələdiyyələr tərəfindən dəymiş ziyanın tez bir zamanda aradan qaldırılması məqsədilə dərhal işlərə başlanılıb:

“Balakən Rayon Fövqəladə Hallar Komissiyasının sədri və üzvlərinin iştirakı ilə yerlərə baxış keçirilib. Komissiya üzvləri tərəfindən rayon mərkəzinə və kəndlərə, eləcə də ayrı-ayrı təsərrüfatlara dəymiş ziyanın müəyyən edilməsi məqsədilə iş aparılır.

Hazırda beşmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyünün  təmir-bərpası işləri həyata keçirilir. Eyni zamanda Katex kəndində evləri zərər görmüş vətəndaşlara ilkin olaraq 1000-dən çox şifer paylanılıb”.

Qeyd edək ki, ötən gün Balakəndə baş vermiş qasırğa nəticəsində Balakən şəhəri Heydər Əliyev prospektindəki beşmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyü uçub, R.Səmədov küçəsində yol kənarındakı ağac “Azərpoçt” MMC-nin Balakən Poçt filialının inzibati binasının üzərinə yıxılıb. M.Əsədov küçəsində bir ədəd ağac aşaraq sahibkarlıq obyektinə və iki minik avtomobilinə ziyan vurub. Eləcə də Heydər Əliyev prospekti və F.Teymurov küçələrində ağaclar aşaraq yolun hərəkətini məhdudlaşdırıb. Katex kəndinin “Kombinat” adlanan ərazisinə dolu düşərək, 60-80 evin dam örtüyünə ziyan vurub, evlərə su dolub. 

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir