İdman

“Qarabağ”ın yeni meneceri: “Akademiyada dəyişikliyi sözdə yox, əməldə görməyim məni cəlb etdi”

Sharing is caring!


“Qarabağ” akademiyasında dəyişikliyi sözdə yox, əməldə görməyim məni cəlb etdi”.

Bunu “Report”a açıqlamasında “Qarabağ” Futbol Akademiyasının yeni meneceri Nail Kərimov təyinatı ilə bağlı danışarkən deyib.

“Qəbələ”dən ayrıldıqdan sonra Ağdam təmsilçisi ilə anlaşan mütəxəssis həmin ərəfədə başqa təkliflərinin olduğunu da bildirib:

“Təklif göndərən klubların hər birinə təşəkkür edirəm. İlk təklif “Qarabağ”dan gəldi, söhbətimiz də yaxşı məcrada keçdi, bir-birimizi başa düşdük. Seçim zamanı “Qarabağ” klubunun adı, bu ailənin mehribanlığı, keyfiyyəti öz rolunu oynamaya bilməzdi”.

N.Kərimov akademiyanı əsas komanda səviyyəsinə uyğunlaşdırmaq üçün yollarının uzun olacağını vurğulayıb:

“Bu mövsümün əvvəlindən görülən işlər gələcəyə ümidlə baxmağa əsas verir. Artıq müəyyən addımlar atılıb. Bundan sonra hansı işlərin görüləcəyi də müzakirə olundu, planlar haqqında danışıldı. Əlbəttə ki, xeyli problemlər, çətinliklər var, bunun fərqindəyik. Əsas odur ki, bu problemlərin həlli üçün yollar axtarılsın. Bu yöndə addımlar da atılır. Ümid edirik ki, bütün çətinliklərin öhdəsindən yavaş-yavaş gələcək, çox çətin olsa belə, “Qarabağ”ın əsas komandasına layiq akademiya yarada biləcəyik”.

40 yaşlı menecer “Qarabağ” akademiyasındakı öhdəliyindən də bəhs edib:

“Əvəzedicilər də daxil olmaqla akademiyanın bütün fəaliyyəti mənə tapşırılıb. Texniki məsələlər, futbol tərəfi ilə akademiyanın koordinatoru Aftandil Hacıyev maraqlanır. Digər məsələlər mənim nəzarətimdə olacaq. Birlikdə ən yaxşı işi görməyə çalışacağıq”.

Qeyd edək ki, Nail Kərimov 2006-2024-cü illərdə “Qəbələ” İdman Klubunda fəaliyyət göstərib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir