Cəmiyyət

Körpəlikdən övladlığa verilən qız bioloji anası tərəfindən niyə QAÇIRILIB? – YENİLƏNİB + FOTO

Sharing is caring!


“Bir yaş dörd aylığında qızı övladlığa götürmüşəm. Qızın 10 yaşı olanda bioloji anası ortaya çıxıb və məxfiliyi pozaraq yeniyetməni psixoloji təsirlə öz tərəfinə çəkib”.

Bu iddiaları Bizim.media-ya yeniyetməni övladlığa götürən Lənkəran sakini Təhminə Əliyeva səsləndirib. O, 14 yaşına qədər böyüdüb boya-başa çatdırdığı qızını geri istəyir:

“Həkimlər heç vaxt övlad sahibi olmayacağımı demişdilər. Bu qızı mən 2011-ci ildə Lənkəranda övladlığa götürdüm. Atası həbs olunmuşdu, ana isə övladından rəsmi ərizə ilə imtina etmişdi. Hətta ərizəsində qeyd etmişdi ki, uşağı geri götürmək tələbim olmayacaq. Heç o vaxtlar mən qızın ailəsini də tanımamışam. Dövlət tərəfindən bu uşaq mənə verildi və rəsmi adımıza keçirdik.

Uşaq məktəbdə əlaçıdır. Dördüncü sinifdə oxuyanda bioloji anası məktəbə gedib, uşağa bizim barəmizdə yanlış fikirlər söyləyərək öz tərəfinə yönəldib.

Hətta deyib ki, guya qızı xəstəxanada dünyaya gətirəndə mən oğurlamışam. O gündən uşaq evə sığışmadı. Hər gün ağlayıb, taleyindən şikayətlənirdi. Ona psixoloq tutdum və dəfələrlə söhbət etdim. Deyirdi ki, anamın ərinin yaxşı imkanı və obyektləri var. Mənim üçün hər şey edəcəklər-filan…

Qadın qızla görüşüb, şirnikləndirici vədlər verirmiş. Əl çəkmirdi və hər dəfə qızla görüşməyə davam edirdi. Bir dəfə də dayısı məktəbə gəlib qızı zorla aparmaq istəyib. Sonra bizi məhkəməyə verdilər. İşə Lənkəran Rayon Məhkəməsində baxıldı və lazım olan bütün sənədləri təqdim etdim. Məhkəmə bioloji ananın yaşayış yeri və rəsmi nikahda olmadığını əsas gətirərək qızın məndə qalmasına qərar verdi”.

Təhminə Əliyevanın sözlərinə görə, böyütdüyü qızın bioloji anası və dayısı ilə uzun müddət əlaqəsi olduğunu bilmirmiş:

“Avqustun 20-də qəfil qızı aparıblar. 15 gündür qız dayısının evindədir və geri dönmür. Dalınca getdim, qız mənimlə danışmaq belə, istəmədi. Böyütdüyüm övladın mənə qarşı dönməsi və böhtan dolu fikirlər səsləndirməsindən şoka düşdüm. Heç olmasa, ana uşağın iki yaşı olanda gələrdi. 10 ildən sonra ortaya çıxıb uşağı aparmaq nə deməkdir?

Aidiyyəti dövlət qurumlarına müraciət etmişəm. Absurd cavablar eşidirəm. Deyirlər ki, doğma anasının və dayısının evindədir, sən niyə narahat olursan? Necə yəni, mən illərlə ona analıq etmişəm, əziyyətini çəkmişəm. Uşağın beynini yalanlarla doldurub mənə düşmən etmək hansı qanuna, çərçivəyə sığır?

Qonşuların dediyinə görə, uşaq o evdə təzyiq altında saxlanılır və evinə qayıtmaq istəyir. Onunla əlaqə qura da bilmirəm. Dayı kimdir ki, uşağı evində saxlayır? Onun rəsmi anası və atası var. O bizim yanımızda olmalıdır. Lənkəranda 7 saylı orta məktəbdə təhsil alır və bu il 9-cu sinifdə oxumalıdır. Dərsə sayılı günlər qalıb. Onu məktəbdən uzaqlaşdırırlar. Hazırlıqlara qoymuşam və dörd müəllim yanına gedir”.

Təhminə Əliyeva qızın dayısı Aqşin tərəfindən hədələndiyindən də gileylənib:

“Lənkəranda hegemonluq edir və polisin qarşısında yoldaşımın, mənim üstümə hücum edərək mənə “gör başınıza nə oyun açacağam” deyir. Artıq-əskik ifadələr səsləndirir. Mənim bu məsələdə nə günahım var axı? Özünüz imtina etmisiniz, mən də övladlığa götürmüşəm. Qızı mələk eləmişdim. Mərmər kimi idi. İndi orada rəngi qaralıb, şəkillərinə baxırsan, elə bil, 30 yaşı var.

Qonşularımdan, tanışlardan və oxuduğu məktəbdən maraqlana bilərsiniz ki, ona necə baxmışam. İnsanın insafı olar, niyə uşağı məhv edirlər? Kimin övladı kimə qalır ki? Qız ərə gedir, oğlan da evlənir. Niyə başıma bu oyunu açdılar?”

Təhminə Əliyeva tələbi ilə bağlı Lənkəran Rayon Polis Şöbəsinə, Lənkəran Rayon Prokurorluğuna və rayon məhkəməsinə müraciət etdiyini bildirib.

Qaçırıldığı iddia olunan yeniyetmənin dayısı Aqşin İbrahimov isə məsələyə belə münasibət bildirib:

“Mən, bacım və anam qızla bir neçə dəfə görüşmüşdük. Özü deyirdi ki, rəsmi anası onu dəfələrlə təhqir edib və bioloji anası barədə nalayiq ifadələr səsləndirib. Biz uşağı qaçırmamışıq. Bunlar böhtandır. Uşağın 14 yaşı tamam olub. 14 yaşı tamam olmuş hər bir şəxs valideynindən imtina edib, istədiyi şəxsə sığına bilər. Uşaq öz istəyi və polisin qəyyumluq şöbəsinin iştirakı ilə bizə verilib.

Mən evdə yox idim. Yoldaşım zəng etdi ki, bacımın qızı bizdədir. Mən polisə məlumat verdim və gəlib uşaqdan izahat götürüldü. Bildirdilər ki, uşaq məhkəmə qərarına qədər bioloji anasına sığına bilər. Bacım Bakıda yaşayır, onu uşağa görə evimə gətirdim və hazırda qız bizim yanımızda, Lənkərandadır.

Qarşı tərəf yaşlı qadındır və mən ona “anam” deyə müraciət etmişəm. Amma o, məni polis və prokurorluq qapısına salıb.

Əgər məhkəmə qərar veribsə, Təhminə Əliyeva özü deyil, qəyyumluq şöbəsi ilə birgə gəlib uşağı götürə bilər. Amma mən bütün saxta sənədləri də ortaya çıxaracağam. Uşağı o vaxt yeznəm onlara verib və bacıma məcburi ərizə yazdırıb. Bacım elə bilib ki, qız uşaq evinə gedir. Qəyyumluq Şöbəsi heç bir məhkəmə iclası keçirilmədən boş notarius kağızı ilə uşağı o vaxt bizdən götürüb.

Mən bu sənədləri ortaya çıxaracağam. Anlayıram, o ailə də illərdir uşağın üstündə zəhmət çəkib. Amma müəyyən şeylər var ki, danışmaq istəmirəm. Bacım bu günə qədər hər hansı quruma övladını istəməsi barədə müraciət etməyib. Uşaq bioloji anasını istəyirsə, burada kimsənin günahı yoxdur”.

14:08

Daxili İşlər Nazirliyi (DİN) Lənkəran rayonunda övladlığa verilən qızın qaçırılması ilə bağlı yayılan məlumatlara dair daha bir açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə azyaşlının qaçırılması ilə bağlı yayılan iddialar araşdırılıb:

“Tərəflər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə dəvət olunaraq dinləniliblər. Azyaşlı Yetkinlik Yaşına Çatmayanların İşləri və Onların Hüquqlarının Müdafiəsi Komissiyasının əməkdaşları və psixoloqun iştirakı ilə verdiyi izahatda könüllü şəkildə bioloji anasının yanına getdiyini, onu övladlığa götürən T.Əliyevanın yanına qayıtmaq istəmədiyini bildirib. Araşdırmalarla əməldə kriminal tərkibin olmadığı müəyyən olunub. Toplanmış material baxılması üçün aidiyyəti üzrə Yetkinlik Yaşına Çatmayanların İşləri və Onların Hüquqlarının Müdafiəsi Komissiyasına göndərilib”.

11:33

Daxili İşlər Nazirliyi (DİN) Lənkəran rayonunda övladlığa verilən qızın qaçırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkədə paylaşılan məsələdən məlumatlıdırlar:

“İddialar araşdırılır. Nəticəsi barədə məlumat veriləcək”.

10:18

“Lənkəranda illər əvvəl notarial qaydada uşaqdan imtina yazılıb. Övladlığa verilmə prosesi məhkəmə yolu ilə həyata keçirilib. Gözəl bir ailə formalaşıb. İndi isə məxfilik pozulub və uşaq qaçırılıb”.

Bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

Onun sözlərinə görə, 15 yaşlı qızı bioloji ana və qohumları qaçırıblar:

“Qıza nə ediblərsə, qız rəsmi anaya dönmür. Uşaq övladlığa götürən ailənin ad, soyadında… Qonşular uşağın məcburən saxlandığını iddia edirlər. Məxfiliyin pozulması cinayət tərkibi yaradır.

Uşağın qaçırılması da cinayət tərkibi yaradır. Uşağın başına nə gələcəyi min bir fikir yaradır. Rəsmi ailə yalvarır. Uşaq təzyiq altında “getmirəm” deyir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir