Cəmiyyət

Sevgi – nə qədər qədim bir söz…

Sharing is caring!


Qan Turalı yazır…

“Heç kim bir parkın skamyasında heç kimin üzünü bir dəqiqə də olsun görmək üçün gözləməyəcəkmi?” Görkəmli türk yazıçısı Sait Faikin bu cümləsi distopik bir film kimi qorxulu görünür. Ancaq bütün bunlar gerçək olsa, onda necə?!

Nüsrət Kəsəmənli isə “Sən demə, təzədən sevmək olarmış” deyərək bu mənhus gedişata bir meydan oxuyurdu. Şairin fikrincə, yenidən sevmək mümkün idi. 

Ancaq bir mahnı da “Modern zamanlarda eşq yorulmuşmudur?” deyə fəryad edirdi. Eşq yorulmuşdu yoxsa sağalmaz xəstəliyə yoluxmuşdu?

Müasir dünyanın öz gerçəkləri var. Bu gerçəklər fonunda eşq Orta Əsrlərin qalığı kimi görünməkdədir. Çünki eşqdə bir mistika vardı, mistikalar yoxa çıxdıqda isə eşq də buxarlanır. Eşqdə bir metafizika var, göylərə inam var. Ruh ekizi var, mənəvi həzlər var. 

Əvvəllər sevgi dastanları yaranardı, sevgi romanları… Sonralar sevgi filmləri… Sevgi mahnıları… Bir sözlə, incəsənət eşqə xidmət edirdi. 

Füzuli necə deyirdi? “Eşqdir aləmdə hər nə var; Elm bir qeylü-qal imiş ancaq”. İndi bu sözlər nə qədər adekvat görünür? Hər nə varsa eşq imiş deyən şairi bu günün şəraiti təccübləndirməzmi?

Sosial medianın yaranması ilə insani münasibətlərdə böyük bir uçurum yarandı. İnsanlar əsrlərdir yaşadıqları sosial məkanlardan çıxdılar. Başqa dünyalar, başqa məkanlar, başqa insanlar və başqa sığınacaqlar kəşf etdilər. Dünya kiçildi deyirlər, əslində isə dünya böyüdü, genişləndi, üfüqlər uzaqlaşdı…

Əvvəllər insanlar dar bir məkana məhkum idi. İndi isə yeni tanışlıqlar, yeni dostlar, yeni sevgilər… Burda ilk baxışda pis nə var ki? Ancaq bir məqam var: Eşq variantsızlıqdır. Variantların çoxluğu eşqi öldürür. İnsanların xisləti belədir. 

Məsələ tək burda da deyil. Dünya materialistləşdikcə bütün mənəvi dəyərlər də öz qiymətini itirir. Əvvəllər belə deyildimi? Dünya belə dünya deyildimi? Deyildi…

Misal üçün, insanlarda inanc əvvəllər çox güclü idi. İnsanlar mistik güclərə, fövqəlbəşər qüvvələrə, mələklərə və Tanrıya inanırdı. Sevgilisinə tərəf gedəndə dağların onun yolunu kəsdiyinə inanırdı. Dərdini suya danışırdı…

Bu qədər şeir, bu qədər mahnı, bu qədər roman, bu qədər rəsm, heykəl hamısı bizim beynimizdə bir eşq abidəsi yaratmışdı. O hissləri oradan əxz etmiş, oradan öyrənmiş, onunla yaşamışdıq. 

İndi hamı incəsənətin həyatdan götürüldüyünə möhkəm bir inam bəsləməkdədir. Halbuki, bu, ən populyar aldanışlardan biridir. İnsanlar daha çox incəsənəti təqlid edir, nəinki incəsənət həyatı. 

Tarzan filmi çıxdıqdan sonra Tarzan bağırışlarını hər tərəfdə eşitmirdikmi? Karate filmlərindən sona hamı özünü Brüs Li kimi aparmırdımı? Sevgi filmlərinin də bu cür bir təsiri yoxdurmu? Hər birimiz romantik bir əhvalatı təsvir edərkən “Lap filmlərdəki kimidir” demirikmi?

Sevgi hissi də əslində dastanlardan, kitablardan, filmlərdən bizim həyatımıza ötürülmüşdü. Biz oradan götürdüyümüz sevgini təqlid edə-edə yaşayırdıq. Hər şey filmlərdəki kimi idi, daha doğrusu filmlərdən götürülmüş kimi idi. 

Ancaq şairin də dediyi kimi… “Bir həyata çatmışıq ki, həyata hiylə qurubdur”. Ona görə də əski həyatın bütün görsənişləri bir-bir payız yarpaqları kimi tökülməkdədir. Eləcə də sevgi… 

Bizi yeni bir həyat gözləyir. Şəksiz ki, orda da sevgi olacaq. Ancaq əvvəlki kimi olmayacaq. Orda da münasibətlər olacaq. Ancaq heç bir şey əvvəlki kimi olmayacaq. Əvvəlkinə bənzəyəcək, onu xatırladacaq, ancaq əvvəlki olmayacaq.

Robotların, süni intellektlərin dünyasında insan ruhu da daha bir təkamül göstərəcək. Yeni təkamül prosesində isə ilk qurban da eşq olacaq… 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir