Kriminal

“Səni axtarıram”a çıxan ailə məhkəməlik oldu – FOTO

Sharing is caring!


2019-cu ildə Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşadığı binadan müəmmalı şəkildə yıxılaraq ölən 2004-cü il təvəllüdlü Kənan Musayevin ailə üzvləri məhkəmə qarşısına çıxarılıblar.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, K.Musayevin atasının xalası Məlahət Xudiyeva mərhum qohumunun ailə üzvlərinin onu “uşaq qatili”, “qətlin sifarişçisi” kimi təqdim etməsi səbəbindən xüsusi ittiham qaydasında Səbail Rayon Məhkəməsinə müraciət edib. O, Kənanın atası Elşən Musayevin, yeniyetmənin anasının və daha 2 ailə üzvünün Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə cəzalandırılmasını tələb edib.

Bildirilib ki, mərhumun ailə üzvləri Kənanın atası Elşənin xalası Məlahət Xudiyevanın sifarişi və təşkilatçılığı ilə öldürülməsini iddia ediblər. Onlar ARB telekanalında həftəarası hər gün efirə gedən “Səni Axtarıram” verilişində 2022-ci ilin fevral ayından iyul ayınadək olan müddətdə efirə gedən verilişlər zamanı müəmmalı hadisə barədə müxtəlif iddialar səsləndiriblər.

M.Xudiyeva isə bildirib ki, bacısının nəvəsini öldürmək kimi bir niyyəti olmayıb və Kənan yıxılandan sonra onu xəstəxanaya aparmaqda kömək edib. O, barəsindəki iddiaların böhtan olduğunu deyib.

Məhkəmədə K.Musayevin atası bildirib ki, onların heç kimə şər, böhtan atmaq fikirləri olmayıb: 

”Məqsədimiz oğlumun ölümü ilə bağlı bizdə yaranmış şübhələrin hərtərəfli, ədalətlə və düzgün araşdırılmasına nail olmaq idi. Dövlət orqanlarına etdikləri müraciətlər cavabsız qaldığı üçün səsimizi televiziya vasitəsilə çatdırmağa çalışmışıq. Hazırda araşdırma gedir və araşdırmanın nəticələrini gözləyirik. Eyni zamanda sözügedən televiziya proqramında Məlahət də bizi qatil adlandırıb”.

Məhkəmə K.Musayevin ailə üzvlərinin əməlində cinayət tərkibi olmaması qərarına gəlib və onlara 147-ci maddə üzrə bəraət verib.

Qeyd edək ki, Baş Prokurorluq bu hadisə barədə bir neçə dəfə məlumat verib. Bildirilib ki, Kənan Musayevin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş açılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir