Cəmiyyət

Birdən-birə 400 bal “endirim”: Universitetə qəbul niyə asanlaşıb? – FOTO

Sharing is caring!


Sosial şəbəkələrdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının (tədris ingilis dilində) dövlət sifarişli keçid balının 600 baldan 200-ə endirilməsi barədə məlumat paylaşılıb.

Məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bununla bağlı Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq.

DİM-in Mətbuatla İş və Elektron Kommunikasiya Şöbəsinin müdiri Xanlar Xanlarzadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumat səhvdir:

“Azərbaycan Dövlət Neft və Sənaye Universitetində proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının (tədris ingilis dilində, dövlət sifarişi əsasında) keçid balı 200 bal deyil, 344,3 bal olub. 200 bal ödənişli yerindir”.

Təhsil eksperti Nadir İsrafilov Oxu.Az-a açıqlamasında bildirib ki, ayrı-ayrı illərdə ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının endirilməsi və ya qaldırılması hallarının dəfələrlə şahidi olmuşuq:

“Bu bizə məlum olan və bəzən də məlum olmayan bir çox obyektiv və subyektiv səbəblərlə izah olunsa da, əsasən, plan yerləri ilə bağlı məsələdir. Bir çox hallarda universitetlərin boş qalan plan yerlərini doldurmaq üçün keçid balları aşağı salınıb, hətta bu yerlərin boş qalmaması üçün əlavə qəbul elan olunub.

Lakin ADNSU-nun proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının dövlət sifarişli yerlərinə keçid balının 600 baldan 200 bala endirilməsi barədə məlumat həm təəccüb, həm də təəssüf hissi doğurur. Bəlkə də, bunun bir səbəbi tədrisin ingilis dilində olmasıdır. İstənilən halda, əsas səbəbin nə olduğunu DİM rəsmilərindən eşitmək daha obyektiv və məqsədəuyğun olardı.

Bununla belə, bir daha təkrar edirəm, proseslərin avtomatlaşdırılması mühəndisliyi kimi ölkə sənayesi və iqtisadiyyatı üçün vacib və əhəmiyyətli bir ixtisasa keçid balının bu səviyyədə endirilməsi yalnız təəssüf hissi doğurur. Digər tərəfdən, bu yerin boş qalması ondan da təəssüfedici təsir bağışlayardı. Beləliklə, dilemma qarşısında qalmışıq – ya kəmiyyət, ya keyfiyyət.

Digər bir məsələ: ya universitetlərə qəbul sadələşdirilməli, ya da tələb-təklif prinsipi əsasında aparılmalıdır. Daha konkret desək, ali təhsil üzrə qəbul planını artırmaq əvəzinə, təhsilin keyfiyyətini yaxşılaşdırmalıyıq. İxtisas seçimindəki “labirint” abituriyenti istədiyi ixtisasa deyil, digər arzulamadığı ixtisasa yönləndirir. Arzuladığı ixtisasa qəbul olmaması isə onu ruhdan salaraq, ali məktəbdən imtina etmək məcburiyyəti ilə üz-üzə qoyur. Arzulamadığı ixtisasa qəbul olunması gələcəkdə onun iş tapması, özünə karyera qurması üçün də problem yaradır. Düzgün seçim edilməməsi isə bir də onunla nəticələnir ki, 150-200 balla ali məktəbə qəbul olunursan, 500 balla istədiyin ixtisasa yiyələnə bilmirsən”.

O qeyd edib ki, ali təhsilin hamı üçün əlçatan olmasını hədəfləmişiksə, adambaşına düşən ali təhsillilərin sayına görə dünyanın aparıcı ölkələri ilə rəqabət aparmaq fikrinə düşmüşüksə, qəbul qaydalarını sadələşdirməliyik:

“Bir çox ölkələrdə olduğu kimi, buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək yolu ilə təkpilləli vahid imtahan modelinə keçməliyik. Buraxılışla qəbul imtahanlarının birləşdirilməsi və sadələşdirilməsi barədə hətta Milli Məclis səviyyəsində məsələ qaldırılıb, müzakirələr aparılıb. Təkpilləli vahid imtahan modelinə keçilməsinin məzunlarımızın fiziki və psixoloji yükünü və deməli, gərginliyini xeyli azaltmaq, eyni adamın biliyini iki imtahanla yoxlamağa heç bir ehtiyac olmaması baxımından təhsilimizin real perspektivləri ilə tam uzlaşan prosedur ola biləcəyi belə, dəfələrlə dilə gətirilib. Ancaq nədənsə hələ də gözləmə mövqeyindəyik.

Yox, əgər ali təhsil üzrə qəbul planını artırmaq əvəzinə, təhsilin keyfiyyətini yaxşılaşdırmaq vəzifəsini qarşımıza qoymuşuqsa, onda ayrı-ayrı universitetlərin planını doldurmaq məqsədindən vaz keçməliyik. Keçid ballarını qaldırmaq yolu ilə tələb-təklif prinsipinin reallaşdırılmasında israrlı olmalıyıq. Onsuz da ehtiyat kadr fondumuz tələb olunduğundan qat-qat çoxdur.

Beləliklə, ya kəmiyyət, ya keyfiyyət. Yox, əgər aralıq mövqe tuturuqsa, “kubik-rubik”oyunu ilə “kvant dolaşıqlığı” yaradırıqsa, onda bu ətrafda dolaşan söz-söhbətlərə heç vaxt son qoyulmayacaq. Unutmayaq ki, ixtisas qruplarına təklif edilən “altqruplar”, “üstqruplar” və s. bu kimi mütəmadi dəyişikliklər məktəblərin nüfuzunun daha da azalmasını sürətləndirir, repetitor institutunun çiçəklənməsinə, əlavə hazırlıq kurslarının isə daha da rişələnməsinə geniş yol açır”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir