Siyasət

Batan gəmidən qaçan siçovullar və Arayikin sonuncu qeyri-ciddi addımı – ŞƏRH + FOTO

Sharing is caring!


Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin separatçı rəhbərləri arasında əməlli-başlı çaxnaşma yaranıb. Məlum olub ki, özünü qondarma qurumun “prezidenti” sayan Arayik Arutyunyan “istefa” verib. Olmayan dövlətin olmayan postundan istefa vermək kimi gülünc addıma imza atan Arayik özü ilə bərabər Qurgen Nersisyanı da “istefa”ya göndərib, hələ bu da azmış kimi, Nersisyanın yerinə Samvel Şahramanyanı da “təyin edib”.

Son günlər Laçın və Ağdam yolları ətrafında yaranan vəziyyət Qarabağdakı separatçı erməniləri dalana dirəmişdi. Hələ dünən Paris meri Ann İdalqonun Kornidzora qədər “humanitar yük” gətirərək bir neçə foto çəkdirib həm özü, həm də təmsil etdiyi dövləti biabır etməsindən sonra artıq separatçıların son ümidi də ölmüşdü. Kornidzorda Azərbaycan tərəfindən Həkəri körpüsündə həbs edilən Meşəli cəlladı Vaqif Xaçatryanın qızı ilə qol-boyun foto çəkdirən Ann İdalqo Fransanın terrorizmi dəstəklədiyini sübut etmişdi. Eyni zamanda, qondarma və heç Ermənistan tərəfindən tanınmayan separatçı ermənilərin “XİN başçısı” ilə görüşərək Fransanın separatizmi dəstəklədiyini də sübuta yetirmiş sayıldı. Ann İdalqonun bir neçə min kilometr yolu basa-basa gəlib Azərbaycan tərəfindən tərs şapalaqla qarşılaşacağı əvvəlcədən də gün kimi aydın idi. Sadəcə, gözünü Prezident Emmanuel Makronun yerinə dikən Ann növbəti seçkilərdə Fransa ermənilərinin dəstəyini qazanmaq üçün belə çirkin bir şouya rəvac vermişdi.

Eyni zamanda, Azərbaycanın da Qarabağdakı ermənilərə göndərdiyi ərzaq tədarükü daşıyan karvanın artıq Xankəndi yaxınlığında olması da Arayikin gecə yuxusunu ərşə çəkmişdi. Çünki Arayik də, separatçılar da, erməni himayədarları da Azərbaycanın Ağdam yolundakı addımı qarşısında mat vəziyyətində qaldıqlarını gözəl dərk edirdilər. Yükü qəbul etməmək, əslində, Qarabağda aclığın, un, ərzaq qıtlığının olmamasına dəlalət edəcək. Yükü qəbul etmək isə reinteqrasiya sayılacaq və bu, himayədarların, xarici ofislərində oturub plan cızan ağaların xoşuna gəlməyəcək. Ağalar isə qullarını sərt şəkildə cəzalandıra bilərlər. Ən gözəl yol hansıdır? Təbii ki, asta qaçan namərddir deyib, aradan çıxmaq.

Amma Arayik unudur ki, bu, onun sonuncu qeyri-ciddi addımı olacaq. Növbəti addımda qolunda qandal hakim qarşısında cavab verəcək. Bunu separatçı lider də gözəl anlayır. 2021-ci ildə Azərbaycan bayrağını təhqir edən üç erməni futbolçunun indi həbs olunması bunu deməyə əsas verir. Azərbaycan heç nəyi unutmur, hər şeyi gözəl bilir və məqamını, zamanını gözləyir. Hətta son günlər erməni KİV-ində xəbər yayılıb ki, 1-ci Qarabağ və 44 günlük müharibələrində cinayət törətmiş ermənilərin siyahısı Azərbaycan tərəfində var və körpüdən keçməyə cəhd edən istənilən şəxs həbs ediləcək. Arayik addımını Xankəndidən kənara qoyan kimi qolunda qandalı hiss edəcəyini gözəl bilir. Bəlkə də, bu səbəbdən Qurgenin yerinə Samvel Şahramyanı “təyin etmək”lə münasibətləri ilıqlaşdırmaq istəyir.

Samvel Şahramanyanın separatçılara faktiki rəhbər təyin edilməsi artıq onu göstərir ki, halqa daralıb və Qarabağdakı erməni separatizmi dalana dirənib. Seçim isə təkdir: Ağdam yolunu açmaq, Azərbaycanla inteqrasiyaya getmək, danışıqları bərpa etmək. Samvel Şahramanyan isə 1 mart 2023-cü il tarixdə Rusiya sülhməramlı kontingentinin ovaxtkı komandanı Andrey Volkovun iştirakı ilə Azərbaycan tərəfi ilə aparılan danışıqlarda iştirak edib.

Xatırladaq ki, bu danışıqlarda Milli Məclisin deputatı Ramin Məmmədov, təbii ehtiyatların qeyri-qanuni istismarının araşdırılması üzrə monitorinq qrupunun rəhbəri Məsim Məmmədov iştirak ediblər. Azərbaycan KİV-in məlumatına görə, danışıqların əsas mövzusu Qarabağ ermənilərinin reinteqrasiyası olub. Bu danışıqlarda iştirak edən şəxsi “təyin etmək”lə Arayik bir oxla iki quş vurmaq niyyətindədir. Birincisi, Samveli Azərbaycan tərəfi tanıyır və danışıqlarda iştirak edib. Azərbaycan tərəfinin tələb və şərtlərini gözəl bilən Şahramanyan bundan sonra da danışıqların sırf bu səpkidə gedəcəyindən xəbərdardır. İkincisi, əgər danışıqlar baş tutsa və Qarabağ ermənilərinin inteqrasiyası başlasa, bu zaman diaspor və Qarabağ klanının gözündə günahkar kimi Şahramanyan görünəcək. Arayik də gözəl anlayırdı ki, ən tez zamanda “istefa” verib aradan çıxmasa, bu “yük”ün altına özü girməli olacaq. Bu səbəbdən də tələsik “istefa” verərək yerinə yeni günah keçisi “təyin edib”.

Amma yenə də son söz Azərbaycanındır. Azərbaycanın növbəti danışıqlarda Samvel Şahramanyanı ciddi fiqur kimi qəbul edib masasında oturmağa icazə verib-verməyəcəyi də sual altındadır. Çünki separatizmə və terrora nifrət, separatizm və terrorla mübarizə Azərbaycanın siyasi xəttinin ana qollarından biridir. Hər şeyi zaman göstərəcək və sübut edəcək. Bir daha vurğulamaq yerinə düşər ki, Qarabağ ermənilərinin başqa çıxış yolu qalmayıb…

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir