Cəmiyyət

Böyütdüyü övladı canına qənim kəsilənlər: Ata-ananı “vuran” silahı balaya kim verir? – FOTO

Sharing is caring!


Son günlər valideynlər övladları tərəfindən qətlə yetirilirlər.

Bir neçə gün əvvəl də Sumqayıtda oğul anasını öldürüb, qardaşını isə ölümcül yaralamışdı.

Sosial psixoloq və ailə məsləhətçisi İlhamə Mustafayevanın sözlərinə görə, Rusiya psixoloqları uşaqların valideynlərini öldürməsini daha çox maddi təminata sahib olmaqla əlaqələndirirlər. Psixoloq Oxu.Az-a açıqlamasında bildirib ki, buna səbəb kimi iqtisadi azadlıq əldə etmək, valideynlərdən asılı olmamaq və sair göstərilir:

“Yəqin ki, bu səbəbə dünyanın hər yerində rast gəlmək olar. Maddi imkana sahib olan bəzi valideynlər uşağa olan sevgi və diqqəti bahalı oyuncaqlarla əvəz etməyə çalışırlar, uşaq da böyüdükdə eyni oxla valideyni vurur.

Səbəblər müxtəlif ola bilər və hər kəsin individuallığına bağlıdır. Cinayəti törətmiş şəxsin yeniyetmə olduğunu nəzərə alsaq, o, psixoloji cəhətdən dayanıqsız və tam yetişməmiş, hormonların təsirindən asılı olan bir şəxsdir. Bu zaman valideynlərin onların yanında olması vacib şərtdir. Sumqayıtda olan hadisə zamanı qonşu açıqlamasında bildirib ki, uşaq: “Mənim üstümə şər atırlar ki, evdən pul götürmüsən”, – deyib.

Ola bilsin, valideynin uşaqdan xəbəri yoxdur ki, övladı hansısa qruplara qoşulub, ya da uşağın, doğrudan da, evdən pul itməsindən xəbəri yoxdur. Səbəb nə olursa-olsun, yeniyetmələrə bu cür təzyiq etmək ağır fəsadlarla nəticələnir.

Çox zaman belə cinayətlər törədən yeniyetmələr, gənclər uşaq vaxtından sevgisiz, anlayışsız qalanlardır. Eyni zamanda, qonşu hadisəni törədən uşağın çox sakit olduğunu söylədi, amma həmin yeniyetmələrdə daxili aqressiya o həddə çatır ki, bir toxunuş bunu faciəyə çevirir”.

Psixoloq deyir ki, Azərbaycanda qısqanclıq zəminində övladın anasını öldürməsi faktına da tez-tez rast gəlinir:

“Çox təəssüf ki, bu bizim yanlış şüuraltı kodlanmamızdır ki, qadın anamız olsa belə, bizə tabedir. Amma bilməliyik və dərk etməliyik ki, qadın da bir insandır, kişilər kimi o da sosial şəbəkələrdən istifadə edə bilər. Oğlan uşaqlarına aşılanmalıdır ki, bu kodlanmanın nəticəsi, təəssüf ki, həbsxana həyatı ilə nəticələnir.

Kiminsə həyatını müzakirə etmək, yeniyetmələrə bu haqda “qeyrət notasiyaları” oxumaq onların həyatını bu faciələrə sürükləyir. Səbəb yenə də uşaqların sevgisiz, diqqətdən kənarda böyüməsi və bizim cəmiyyətimizin qeyrət haqqında yanlış kodlanmasıdır”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir