Cəmiyyət

Qərbi Azərbaycan Xronikası: Ardanışda 4000 illik türk məzarlığında gizlədilənlər – FOTO/VİDEO

Sharing is caring!


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalının, Çəmbərək (Krasnoselo) rayonunun Ardanış kəndi haqqında xüsusi buraxılış hazırlanıb.

“Report” xəbər verir ki, verilişdə Ardanış kəndinin tarixi, etnoqrafiyası, mədəniyyəti, xalçaçılığı, mətbəxi, toyları, aşıq sənəti, bayram ənənələri, iqtidsadiyyatı, kənd təsərrüfatı və digər sahələrindən geniş söhbət açılıb.

Bildirilib ki, Ardanış Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 1975 metr hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Ərdanuc”, Qafqa­zın 5 verstlik xəritəsində “Ardanic” formasında qeyd edilib. Toponim qədim türk dilində “dağ”, “dağlıq”, “dağ kəndi” mənasında işlənən “art” sözündən və məkan an­layışı bildirən “-an” və “-ış” sözdüzəldici şəkilçi­sindən ibarət olub, “dağlıq yerdə yerləşən kənd” mənasını bildirir. Kənddə yal­nız azərbaycanlı yaşayıb və müxtəlif illərdə, ən son isə 1988-ci il noyabrın 24-dən 28-dək ta­rixi-etnik torpaqlarından qovulub.

Qeyd olunub ki, Ardanış qədim və zəngin tarixə malik bir bölgədə – Göyçə mahalının şimal-şərqində yerləşir. Ərazidəki tarixi abidələr – Armudlu ərazisində Alban məbədinin qalıqları, o cümlədən Çaldakı alban qəbiristanlığı, eləcə də “Ocağın başı” adlanan dağ zirvəsində alban kilsəsinin qalıqları, Adatəpə, Böyük meşənin qənşərində və bir sıra digər yerlərdə aşkar edilmiş qədim oğuz qəbirləri, Ardanış yaxınlığındakı mağaralar və s. qədim dövrlərin yadigarları olaraq minilliklər boyu bu diyarın, bu ərazinin yaşayış məskəni olduğunu sübut edir. Ardanış ərazisindəki tarixi abidələr və tapılan maddi-mədəniyyət nümunələri bu ərazinin bizim eradan əvvəl III-II minilliklərdə məskunlaşdığını göstərir.

Həmçinin diqqətə çatdırılır ki, əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub. Kənddə iqtisadiyyatın əsasını tütünçülük, taxılçılıq, heyvandarlıq təşkil edib. Balıqçılıq, bağçılıq və arıçılıq da xeyli inkişaf edib. Kənddə üçmərtəbəli orta məktəb binası, mədəniyyət evi, ticarət və ictimai-iaşə müəssisələri, hamam, elektriklə işləyən dəyirman, ağac emalı qurğusu, heyvandarlıq üçün yem emalı sexi və s. var idi.

Verilişdə Ardanışda olan 4000 illik türk məzarlığında gizlədilənlər, alban abidələri, Nadir şahın ordusunun, taun xəstəliyindən qırılan Nadir şahın ordusunun kütləvi məzarlıqları, Ardanış-türk tarixini əks etdirən abidələrin üzərində yazı və simgələr üzə çıxarılır, “Əmir Teymur Ardanışda alban abidəsini niyə dağıdıb” sualına aydınlıq gətirilir.

Vurğulanır ki, Göyçədə 2000 ildən çox torpaq altında qalmış mərz daşının üzərindəki yazı Azərbaycan dilində ən qədim yazı nümunəsidir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş avqustun 26-da saat 19:30-da “Baku TV”nin efirində və yutub kanalında yayımlanıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir