Cəmiyyət

Yay mövsümündə hansı qidalara üstünlük verilməlidir?

Sharing is caring!


Yay fəslində havaların isti keçməsi orqanizmdə bir sıra dəyişikliklərə səbəb olur. İsti havada orqanizm bədən temperaturunu sabit saxlamaq üçün tər ifrazını artırır ki, bu da nəticə etibarilə həm maye, həm də elektrolit (əritdikdə elektrik cərəyanı keçirən maddələr) itkisi yaradır.

Oxu.Az xəbər verir ki, bu barədə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 20 nömrəli Şəhər Poliklinikasının həkim-terapevti Günel Fətəliyeva məlumat verib.

Həkimin sözlərinə görə, yay mövsümündə və havanın isti keçdiyi dövrlərdə duz və duzlu qidaları (şorbalar, kolbasa məhsulları, çipslər və s.) mümkün qədər azaltmaq lazımdır:

“Bu cür qidalar bədəndə yüksək təzyiq və ödem (bədəndə şişkinlik) yaratmaq xüsusiyyətinə malikdir. Ət və ət məhsulları qızartmaq əvəzinə manqalda bişirməklə, ya da soyutma halında qəbul edilə bilər. Salatlar hazırlanarkən mayonez, ketçup kimi yağlı sousların yerinə sirkə, limon suyu, bitki yağından istifadə edilməlidir. Un məmulatlarından hazırlanmış şirniyyatların əvəzinə dondurmalar, meyvə salatları və süddən hazırlanan şirniyyatlara üstünlük verilməlidir. Ümumiyyətlə, isti keçən yay aylarında meyvə və tərəvəzlərdən bol-bol istifadə edilməlidir”.

Həkim-terapevt qeyd edir ki, yay aylarında yağların və karbohidratların qəbulunu azaltmaq məsləhətdir:

“Həddən çox kalorili qidalanma piy kütləsinin çoxalmasına, çəki artımına, həmçinin insanın halsız və əzgin olmasına gətirib çıxarır. Diabet xəstələrində hipoqlikemiyaya (qan şəkərinin ani düşməsi) çox rast gəlinir ki, bunun da qarşısını almaq məqsədilə yemək aralarında quru meyvələrdən, eyni zamanda, ayrandan istifadə etmək məsləhətdir”.

Digər fəsillərlə müqayisədə yay mövsümündə, xüsusən də havanın isti keçdiyi günlərdə maye qəbulunu artırmaq mütləqdir:

“Çünki hava isindikcə orqanizm bədən temperaturunu sabit saxlamağa çalışır. Bu zaman isə orqanizm tər ifrazını artırır və nəticədə bədəndə maye itkisi yaranır. Gün ərzində təxminən 2,5-3 litr su qəbul edilməsi məsləhətdir. İlk seçim, əlbəttə ki, sudur. Lakin tərlə həm də elektrolitlər itirildiyindən ayran və mineral sulara da üstünlük verilməlidir. Bununla yanaşı, bitki çayları və təzə çəkilmiş meyvə şirələri də içilə bilər. Çay və qəhvə isə isti və soyuq halda məsləhət deyil. Çünki bunlar qısa müddətə maye ehtiyacını ödəsə də, uzunmüddətli sidikqovucu effektlərinə görə, sonradan maye itkisinə səbəb olurlar. Bundan əlavə, yay mövsümündə qida zəhərlənmələri artdığından ərzaqların son istifadə tarixinə və saxlanma şəraitinə mütləq diqqət yetirilməlidir”.

Həkim bildirib ki, səhhətdə yaranan istənilən problemlə bağlı ilk növbədə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət etmək lazımdır. Çünki vaxtında və dəqiq müayinə müalicənin yarısıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir