Cəmiyyət

Yevlaxın kəndində sakinlər poçt xidmətindən istifadə edə bilmirlər – VİDEO

Sharing is caring!


Yevlax rayonunun Hürüuşağı kəndində yaşayan minə yaxın sakin məktub, bağlama göndərmək və kommunal xərcləri ödəmək üçün qonşu kəndlərə, yaxud da Mingəçevir şəhərinə getmək məcburiyyətində qalırlar. Buna səbəb bu yaşayış məntəqəsində yerləşən poçt şöbəsinin bir ildən artıqdır fəaliyyətini dayandırmasıdır.

Xezerxeber.az-ın xəbərinə görə, Mingəçevir-Bəhrəmtəpə yolunun üzərində yerləşən kəndin sakinləri bildirirlər ki, poçt binası 10 ildən artıq fəaliyyət göstərib. Amma bir ildən çoxdur ki, həmin binanın qapısına qıfıl vurulub. Fəaliyyəti dayandırılan Hürüuşağı poçt şöbəsi sakinlərin işini əməlli-başlı çətinə salıb.

Kəndlilər bildirirlər ki, işıq, qaz, telefon, internet və digər xidmətlərə görə ödənişləri etmək üçün Mingəçevir şəhərinə, Yevlax rayonuna getmək məcburiyyətində qalırlar. Bu da həm vaxt itkisinə, həm də əlavə xərcə səbəb olur.

Hürüuşağı kəndində yaşayanlar bildirirlər ki, poçt şöbəsinin bağlanması ilə bağlı aidiyyəti qurumlara məlumat veriblər. Onlara yığımın az olması səbəbindən poçt şöbəsinin bağlandığı bildirilib. Sakinlər isə deyilənlərlə razılaşmırlar. Onların iddiasına görə, əvvəlki illərdən fərqli olaraq, hazırda daha çox ödəniş edilir. 

“Azərpoçt” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova “Xəzər Xəbər”ə bildirib ki, sözügedən kənddə poçt xidmətlərinə tələbat az olduğuna görə, filialın fəaliyyəti dayandırılıb. Onun sözlərinə görə, təkcə 2022-ci ilin ilk doqquz ayında cəmi 693 məktub və yeddi bağlama göndərilib. Bu da gün ərzində orta hesabla iki-üç məktub deməkdir ki, bunun üçün ayrıca şöbənin fəaliyyət göstərməsi səmərəli hesab olunmayıb. “Azərpoçt” nümayəndəsi qeyd edib ki, vətəndaşların rahatlığının təmin olunması üçün həmin şöbənin xidmətləri o məntəqəyə dörd-beş kilometr məsafədə yerləşən eyniadlı poçt filialının Tanrıqulular kəndində yerləşən poçt şöbəsinə həvalə olunub. Bildirilib ki, vətəndaşlar qeyri-poçt xidmətlərini təkcə poçt şöbələrində deyil, həmçinin alternativ ödəmə məntəqələrində də həyata keçirə bilərlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir