Cəmiyyət

“Azərpoçt”un adından saxta mesajlar göndərilir? – AÇIQLAMA + FOTO

Sharing is caring!


Son günlər sosial şəbəkədə yeni fırıldaqçılıq növü ilə bağlı paylaşımlar artıb.

Belə ki, onlayn alış-veriş edən şəxslər ünvan qeyd etsələr də, müxtəlif problemlər yaşadıqlarını deyirlər.

Sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, bağlamalarla bağlı hər hansı problemi dəqiqləşdirmək üçün əlaqə saxlanılanda telefon nömrəsi ilə yanaşı FİN kodu da tələb edilib:

“Mesaj gəlir ki, sizin bağlama ünvan qeyd edilmədiyi üçün qəbul olunmur. Onlayn türk assistent ilə əlaqə saxlayıb, dəqiqləşdirmək istədim. Söhbəti yekunlaşdırdıqdan sonra kartımdan 219,90 türk lirəsi pul çıxmaq istədilər. Təhlükəsizlik qaydasına uyğun olaraq bu barədə mənə 5 dəfə SMS gəldi. Mən də kartımı blokladım. Yenidən əlaqə saxladım, dedilər ki, azərbaycanlı operatorlarla əlaqə saxlayın.

Üstəlik mesaj bölməsinə gələn ismarışda qeyd edilib ki, siz https://azerpost.ddoxc.com/ ilə əlaqə saxlayaraq onlayn qaydada ünvanınızı yeniləyə və yeni çatdırılma tələb edə bilərsiniz”.

Məsələ ilə bağlı paylaşımın altında bir çox sosial şəbəkə istifadəçiləri də rəy yazaraq problemin bir yox, bir neçə dəfə təkrarlandığını qeyd ediblər.

Məsələ ilə bağlı “Azərpoçt” MMC ilə əlaqə saxladıq. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, son zamanlar vətəndaşlara “Azərpoçt” adından mesajlar göndərilir və mesajda vətəndaşın “bağlama”sının ona çatdırılmasının mümkün olmadığı bildirilir:

“Daha sonra isə göndərilmiş linkə keçid etmələri və fərdi məlumatlarını daxil etmələri tələb olunur. Əslində isə vətəndaşın heç bir poçt bağlaması olmur və vətəndaş maraq göstərib göndərilən linkə keçid etdikdə, artıq kiberdələduzlar aldatma prosesinə başlayırlar.

“Azərpoçt” olaraq bildirək ki, qeyd olunan məzmunla bağlı heç bir halda vətəndaşlara mesaj və ya digər formada sorğu göndərmirik.

Bundan əlavə, “Azərpoçt” adından xeyriyyə fondlarının yaradılması, şans oyunlarının təşkili və yerli onlayn alış-veriş saytları ilə göndərişlər üzərindən əməkdaşlıq kimi kiberdələduzluq halları da müşahidə olunur.

“Azərpoçt” MMC kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara diqqətli olmağı, tanımadığı şəxslərdən, eləcə də müxtəlif mənbələrdən gələn bildirişlərdə göstərilən keçidlərə daxil olmamağı, fərdi məlumatlarını təqdim etməməyi, eyni zamanda göndərilmiş bildirişlərin doğruluğunu rəsmi mənbələrdən – “169” Çağrı Mərkəzi və “Azərpoçt”un rəsmi “Facebook” hesabından dəqiqləşdirərək yoxlamağı tövsiyə edir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir