Cəmiyyət

Şahidlər: “Vaqif Xaçatryan Meşəli soyqırımının təşkilatçılarından biridir” – FOTO

Sharing is caring!


“Vaqif Xaçatryan Meşəli kənd sakinlərinə qarşı törədilən soyqırımı cinayətini planlaşdıranlardan biridir”.

Bunu “Report”un Qərb bürosuna açıqlamasında vaxtilə Meşəli kəndinə qida məhsulları daşıyan Vəliyəddin Salmanov deyib.

O, V.Xaçatryanla birgə Xankəndidə avtobazada çalışdığını bildirib:

“Vaqiflə birgə Xankəndiyə yerləşən 2717 nömrəli avtobazada işləyirdik. Yük maşınlarının sürücüləri idik. O, məndən əvvəl orada çalışmağa başlamışdı. Vaqif Xaçatryan sonralar avtobazanın müdiri Maksim Mirzəyanın sürücüsü olub.

Bizim Meşəli kəndinə ərzaq aparmağımıza imkan vermirdilər. Badara kəndində yolumuzu kəsirdilər. Elə bu Vaqif Xaçatryanın özü də bizimlə ədavətə girirdi. Onlar hiyləgər millətdir. Tək olanda bizimlə elə rəftar edirdilər ki, sanki dostdurlar. Amma çoxalanda çaqqal kimi özlərini qaniçən kimi aparırdılar”.

V.Salmanov bildirib ki, o vaxt ermənilər Meşəli kəndində giriş-çıxışa maneə törədirdilər:

“Mən sahə polisi ilə birgə kəndə un və digər qida məhsulları daşıyırdım. Sonralar onun da qarşısını aldılar. Vəziyyəti daha da çətinləşdirdilər. Vaqif Xaçatryan kəndə hücum olmazdan bir neçə gün öncə “QAZ-53” markalı yük maşını ilə Meşəli kəndinin ətrafını dolanaraq koordinatları qeyd edib. Hücum ediləcək yolları dəqiqləşdirib. O, Meşəli kəndinin sakinlərinə qarşı törədilən cinayəti planlaşdıranlardan biri olub. Onu da bildirim ki, həmin hücuma şərait yaradanlar elə o vaxt orada xidmət edən rusiyalı hərbçilər idi. Onlardan iki əsgər bizim Meşəli kəndində postda duran əsgərlərimizə demişdi ki, ermənilər sizə hücum edəcəklər, xəbəriniz olsun. Yəni onların bu hücumdan xəbərləri var idi, ancaq qarşısını almadılar. Əksinə, erməni quldurlarına silah-sursat verib, onlar tərəfindən döyüşüblər. Mən həmin gün Xocalıda idim. Bizə xəbər gəldi ki, ermənilər Meşəli kəndinə hücum ediblər, o zaman bildim həmin faciəni. Vaqif Xaçatryan və onun silahdaşları öz cəzasını çəkəcəklər”.

Vaxtilə kənddə polis kimi xidmət etmiş Zirəddin Salmanov isə kəndlərinin dəfələrlə ermənilər tərəfindən atəşə tutulduğunu deyib:

“Hər an təhlükə yaşanacağını bilirdik. Ona görə də Meşəli kəndinin könüllü özünümüdafiə batalyonu yaradıldı. Mən də həmin batalyonda döyüşmüşəm. Meşəli kəndinə hücum edən silahlı dəstənin başında duranlar Badara kənd məktəbinin direktoru Kasparyan Benik, Armanik, İlya və Vaqif Xaçatryan idi. Bunların hamısının Meşəli kəndində törədilən vəhşiliklərdə əli var”.

O söyləyib ki, ermənilər kəndi tamam mühasirəyə aldıqdan sonra hücuma keçmək istəyiblər:

“Kənd sakinlərinin çoxu düşmənin olmadığı ərazidən çıxa bildi. Yoxsa onların planı kəndi tam mühasirəyə alaraq bütün camaatı qırmaq idi. Biz bir tərəfdən düşmənlə döyüşürdük, digər yandan isə dinc sakinləri xilas etməyə çalışırdıq. Amma təəssüf ki, hamını müdafiə etməyi bacara bilmirdik. Həm silahımız yox idi, həm sayımız az idi. Onlar sürü kimi kəndə hücuma keçmişdilər”.

Şahid vurğulayıb ki, erməni quldurlar Meşəlidə dinc sakinləri qəddarcasına qətlə yetirirdilər:

“Qənimət adında yaşlı kişinin başına avtomat darağının bütün gülləsini boşaldaraq onu qətlə yetirmişdilər. Qönçə adında yaşlı bir qadın var idi. Onun uzun saçı var idi, diri-diri yandırmışdılar. Biz oraya çatanda gördük ki, qadın tamam yanıb. Vaqif Xaçatryan üç nəfərin, iki yeniyetmə bir də yaşlı qadının əl-qolunu bağlayıb maşının yük yerinə qoyub girov aparmışdı. Onlardan biri də mənimlə birgə döyüşərək şəhid olanın qardaşı idi. Sonradan bildik ki, o, yaralı və əlləri bağlı olmasına baxmayaraq, özünü maşından ataraq qaça bilib. Vaqif Xaçatryanın saxlanılması, onun istintaqa cəlb edilməsi bizim üçün təsəllidir. Orada dinc sakinlərə divan tutanlar ən ağır cəzaya layiqdirlər”.

Qeyd edək ki, Vaqif Xaçatryan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.

Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Vaqif Çerkezoviç Xaçatryanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (Soyqırımı) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.

Ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir