Siyasət

Fransa bir şey istəyir: Separatçılığa və gərginliyin artmasına, düşmənçiliyə davam… – ŞƏRH + FOTO

Sharing is caring!


“Ermənistan, eyni zamanda dünya erməniliyi başını itirib və nə etdiklərinin fərqində deyillər”.

Bu fikirləri Oxu.Az-a fransalı deputatların Qarabağ ermənilərinə guya kömək etmək üçün müraciəti haqqında danışarkən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev deyib. O qeyd edib ki, 44 günlük müharibənin nəticələri Ermənistanla yanaşı, ermənilərin ən çox məskunlaşdığı ölkələrdən biri olan Fransanı da ciddi narahat edir:

“Bu baxımdan, fransalı senatorların, deputatların, digər nümayəndələrin “Dağlıq Qarabağa dəstək” adı altında hökumətə çağırışlarının bir adı var: separatçılığa və gərginliyin artmasına, düşmənçiliyə davam.

Onların hərəkətləri təxribatdır və bu, birinci dəfə deyil. Dəfələrlə, bu ölkənin Milli Assambleyası, Senatı tərəfindən Azərbaycan əleyhinə ittihamlar səsləndirilib, bir neçə dəfə qərəzli qətnamələr qəbul edilib. Avropa Parlamenti və müxtəlif beynəlxalq təşkilatlarda, informasiya müharibəsi çərçivəsində də Ermənistana hərtərəfli siyasi dəstək verilir. Fransa dolayısı ilə, hərbi cəhətdən də, Ermənistan ordusunun yenidən təşkilatlanmasında, silahlanmasında iştirak edir.

Fransalı siyasətçilərin davranışları beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil edir, suveren dövlətin ərazi bütövlüyünə hörmətsizlik kimi qəbul edilməlidir. Parlament, hökumətin strukturları və yerli icra orqanları tərəfindən Fransa hakimiyyət dairələrinə etirazımızı bildirməliyik. Müttəfiqlərimizlə birlikdə, beynəlxalq təşkilatların diqqətinə çatdırmalıyıq ki, Fransanın apardığı destruktiv siyasət, regionda sülhün əldə olunmasına xidmət etmir. Əksinə, Ermənistanı yeni müharibəyə sövq edir. Təbii ki, hökumətlərarası münasibətlər kontekstində Fransa ilə münasibətlərə yenidən baxmaq olar”.

Qeyd edək ki, Fransada 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndəsi Fransa hökumətinə müraciət edərək “Dağlıq Qarabağa dəstək” verilməsini tələb ediblər. Müraciətdə həmişəki kimi Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirilib və ermənilərin guya “etnik təmizləməyə” məruz qaldığı iddia olunub.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir