Cəmiyyət

Üç övladı da xəstə olan ata fəryad edir: “Onları sağaltmaq üçün imkanım yoxdur” – FOTO

Sharing is caring!


Gülnarə, Zəhra və Hüseyn Əsədovların sağalmaları üçün dəstəyə ehtiyac var.

Bu barədə Oxu.Az-a onların atası Bəxtiyar Əsədov məlumat verib.

O bildirib ki, övladları müxtəlif xəstəliklərdən əziyyət çəkirlər.

“Gülnarənin 10 yaşı var. İki il əvvəl gecələr yatağına sidik qaçırdığı üçün həkimə müraciət etdik. Müayinələr nəticəsində bildik ki, Gülnarənin böyrəklərindən biri 100% işləsə də, digər böyrəyi cəmi 20% işləyir. Həkim hələ ki, müalicə olunmasını tövsiyə edib. Gülnarənin 3 aylıq dərmanları 1000-1200 manat tutur. Onun həm də nitqində problem var, loqoped yanına getməli olsa da, maddi olaraq çatdıra bilmədiyimiz üçün apara bilmirik”.

Bəxtiyar Əsədov qızı Zəhranın vəziyyətinin daha ağır olduğunu deyib:

“Zəhra anadangəlmə qapalı spina bifida (onurğa beynin anadangəlmə inkişaf qüsurudur) xəstəliyindən əziyyət çəkir. Beş yaşı olanda bağırsaqlarının 90%-i çürüdüyünə görə çıxarılıb. Beyninə isə sidiyə getmək siqnalı çatmır. Bu isə ona dəhşətli ağrılar verir. Zəhranı bir neçə ay əvvəl Türkiyəyə əməliyyata aparsaq da, həkim hələ onun müalicə almalı olduğunu dedi. İnanın əməliyyat üçün yığa bildiyimiz pulun demək olar hamısı da, müalicəyə getdi. Zəhra hazırda iki əməliyyat keçirməlidir, biri sidiyə getmək siqnalı ilə bağlı, biri də çanaq başının ovulmasına görə olan əməliyyatdır. Sidik siqnalı üçün olan əməliyyata 10 500 dollara ehtiyac olsa da, digər əməliyyat üçün lazım olan məbləği hələ bilmirik”.

Gənc ata 4 aylıq övladı Hüseynin başında kista olduğunu bildirib:

“Hüseyn 4 ay öncə dünyaya gəlib. Həkim bizə – “əgər oğlunuz olarsa, qızınızı ancaq o xilas edə bilər”, – demişdi. Çox şükür ki, oğlumuz Hüseyn dünyaya gəldi. Zəhra əməliyyat olunandan sonra Hüseyndən ona ilik köçürüləcək. Bu isə onun sağalma ehtimalını çox artırır. Hüseyn doğulana qədər onun xəstə olduğunu bilmirdik. Oğlumun başında kista var, amma həkim müalicə olsa, sovrulub gedəcəyini deyib. Müalicə üçün isə 3 000 manata ehtiyacımız var”.

Üç övladı da xəstə olan ata yardımsevər şəxslərdən imdad diləyib:

“Uşaqların vəziyyətinə görə yoldaşım işləyə bilmir, ancaq özüm taksi fəaliyyəti ilə məşğul oluram. Özümüz kirayədə qalırıq. Həm kirayə, həm uşaqların müalicəsi inanın çatdıra bilmirəm. Özüm uşaqlar evində böyümüşəm, nə atam, nə anam yoxdur. Heç bir qohumum da yoxdur ki, dəstək olsun mənə. İnanın bəzən dəli olmaq həddinə çatıram, üç övladım var, üçü də xəstədir. Onları sağlamlıqlarına qovuşdurmağı bacarmıram, gücüm çatmır. İnanın xəstəlik demirəm, istirahət demirəm, hər gün işləyirəm, amma bacarmıram. Bəzən evə yemək, çörək almağa belə pulum olmur, uşaqlar da ac yatırlar. Yardımsevər şəxslərdən övladlarıma dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: 070 982 76 26

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir