Cəmiyyət

Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı

Sharing is caring!

Tarixdə özünün yeri olan, xüsusi missiyalar yerinə yetirmək qüdrətinə malik olan dahilər əməllərinə görə bir-birinə bənzəsələr də, onların öz yaradıcılıq üslubları və xüsusi dəst-xətləri olur. Ulu öndər Heydər Əliyevin də orijinal yaşam tərzi olmaqla yanaşı, onda böyük dövlət adamına xas olan nadir keyfiyyətlər cəmləşmişdir. Qədirbilən xalqımız bu böyük insanı tükənməz məhəbbətlə sevir, şair və yazıçılarımız öz əsərlərində, alimlərimiz elmi araşdırmalarında ona layiqli yer verir. Bu nadir şəxsiyyətin fəaliyyət sferası, yaradıcılığı o qədər zəngin və geniş olmuşdur ki, onun irsinin bütün tərəflərini əhatə etmək çox çətindir. Azərbaycan xalqının milli tarixi və milli diplomatiyası üçün bənzərsiz ömür yaşamış Heydər Əliyev XX əsrdə vətənimizi təmsil etmiş mahir dövlət başçısı, kamil, aqil, müdrik ümummilli liderimizdir.

1969-cu ildə Azərbaycana rəhbər seçilən ümummilli lider Heydər Əliyev respublikanın iqtisadi, ictimai-siyasi və mədəni-ideoloji həyatında dirçəliş yaratmaqla yanaşı, dil məsələsinə də xüsusi diqqət və qayğı göstərmişdir. Unudulmaz rəhbərin ilk gündən yeritdiyi dil siyasəti bir məqsədə xidmət etmişdir: ana dilini inkişaf etdirmək, onun dövlət statusunu reallaşdırmaq, dünya dilləri içərisində nüfuzunu artırmaq. Lakin həmin dövrdə rus dilinin mövqeyi respublikada hələ çox güclü idi – nəinki dövlət idarəçiliyi, cari təsərrüfat, xüsusilə, sənaye sahələrində də rus dilindən geniş istifadə olunur, kənddən şəhərə, respublikanın paytaxtına gələn gənclər bu baxımdan müəyyən çətinliklərlə rastlaşırdılar. Bu çətinliklərin aradan qaldırılması məqsədilə ulu öndər tərəfindən bir sıra tədbirlər həyata keçirildi. Ötən əsrin 70-ci illərindən etibarən respublikanın müxtəlif ali məktəblərində ana dili və ədəbiyyatı ixtisası üzrə tələbə qəbulunun həcmi artırıldı, qəbulda ana dilindən yazılı imtahan ən müxtəlif ixtisaslar üzrə belə məcburi hesab edildi. Tədrisi Azərbaycan dilində aparılan məktəblərin sayı çoxaldıldı. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 50 illiyi münasibətilə keçirilən mərasimdə respublika rəhbəri ana dilində çıxış etdi. Burada məqsəd dilimizin yüksək səviyyədə təbliği idi.

1978-ci ildə Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması haqqında müddəanın müəllifi Heydər Əliyev olmuşdur. Həmin dövrdə respublika rəhbəri siyasi taleyini riskə qoyaraq Əsas Qanunumuzda Azərbaycan dilinin dövlət dili olması barədə müddəanın varlığını təmin etmək üçün təşkilati işlər aparmış, elmi və ziyalı qruplarını da bu işə cəlb etmişdir. Sovet imperiyası şəraitində belə bir davranış əsl vətənpərvərlik, vətəndaşlıq nümunəsi idi. Uzaqgörən rəhbərin qətiyyəti və iradəsi sayəsində Azərbaycan dilinin dövlət dili olması barədə müddəa Konstitusiyanın 73-cü maddəsində öz təsdiqini tapmışdı.

Ulu öndər Heydər Əliyev Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra respublikaya rəhbərlik etdiyi müddətdə də Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin yaxşılaşdırılması istiqamətində bir sıra sərəncamlara imza atıb. 2001-ci ilin 18 iyununda ümummilli liderimiz “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır. Bu tarixi sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır. 2001-ci il avqustun 9-da Azərbaycan Prezidenti yeni fərman – “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” mühüm bir sənəd imzaladı. Bu sənəd dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verdi, yaddaşımıza və milli-mənəvi dəyərlərimizə, eyni zamanda, əlifbamızın beynəlxalq aləmə daha yaxın olan bu qrafika ilə Azərbaycan əlifbasına keçidi sürətləndirdi. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr heç bir istisnaya yol verilmədən bu qrafika ilə aparılmağa başlandı. 2003-cü il yanvar ayının 2-də isə Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Həmin qanunda dövlətin ana dilinə qayğısı sahəsindəki əsas vəzifələr dəqiq şəkildə göstərildi. Qanun dövlət dilinin inkişaf proqramının hazırlanmasını və dövlət büdcəsindən ayrılmış vəsait hesabına həmin proqramın həyata keçirilməsinin maliyyələşdirilməsini hökumətin başlıca vəzifələrindən biri kimi qarşıya qoymuşdu.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu gün rəsmi yığıncaqlarda, məclislərdə ana dilimiz qüdrətlə, təntənə ilə səslənir. Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, zənginləşərək nüfuz qazanması, dünyanın mötəbər kürsülərindən eşidilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyəti və yürütdüyü dil siyasəti ilə bağlı olmuşdur. Həmin siyasət indi uğurla davam etdirilir. Dövlət dili milli dövlətin ayrılmaz hissəsidir.

Ramil Zeynalov,

Salyan rayonu, Filologiya üzrə fəlsəfə doktoru, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir