Cəmiyyət

Heydər Əliyev: “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük sərvətidir”

Sharing is caring!

Milli varlığın inkişafında mühüm rol oynayan dil mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın, hər bir millətin mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Hər millətin inkişafında ən mühüm varlıq və yaşanma amili olan dilin müstəsna rolu vardır. Bu amillər nəzərə alınaraq hər bir xalq öz milli dilini qorumalı, inkişaf etdirməlidir. Xalqımızın ana dili olan Azərbaycan dilinin inkişafında, onun dünya dilləri içərisində öz layiqli yerini tutmasında dilimizin zənginliklərinə bələd olan Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Azərbaycan Respublikasına rəhbərlik etdiyi bütün dövrlərdə ümummilli lider Heydər Əliyev Azərbaycan dilini dövlətçiliyin əsas atributu, milli mənliyin əsas məsələsi kimi diqqət mərkəzində saxlamış və totalitar ideologiyanın təzyiqi altında böyük qətiyyətlə Azərbaycan dilini dövlət dili kimi inkişaf konturlarını müəyyənləşdirmişdir.

Azərbaycanı bütün dünyada təmsil edən ulu öndərin mühüm fəaliyyəti nəticəsində Azərbaycan dili rəsmi tədbirlərdə rəsmi dil kimi inkişaf etdirilmişdir. Ölkəyə rəhbərlik etdiyi dövrdə yeritdiyi dil siyasəti ana dilini inkişaf etdirmək, onun dövlət statusunu reallaşdırmaq, dünya dilləri içərisində nüfuzunu artırmaq məqsədinə xidmət etmişdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdə olduğu kimi, ikinci, artıq müstəqil Azərbaycan Respublikasının Prezidenti olaraq dilin qorunub saxlanılması ilə yanaşı, onun inkişafı məsələsinə xüsusi önəm verirdi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qəbul edilmiş bir sıra qanun və qərarlar dilin inkişaf etməsi üçün yollar açır. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili elan olundu. Konstitusiyanın “Dövlət dili” adlı 21-ci maddəsində birmənalı vurğulanır ki: “Azərbaycan Respublikasının Dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.

Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin, tarixinin ədəbiyyat və mədəniyyətinin yeni azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırdı. Bu baxımdan Azərbaycan Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları böyük tarixi-siyasi əhəmiyyətə malik sənədlərdir. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynadı. Ulu öndər Heydər Əliyev Azərbaycan dilinə məhz azərbaycançılığın mənəvi əsası kimi yüksək qiymət verərək qeyd edirdi ki, Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan dilini əbədi edibdir və bu gün Azərbaycan dilimiz yaşayır və yaşayacaqdır. Qoy Azərbaycan dili müstəqil Azərbaycanda, eləcə də dünyada yaşayan bütün azərbaycanlıların dili olsun.

Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olmuşdur. Ulu öndər Heydər Əliyev həqiqətən də böyük tarixi olan işlər görmüşdür: Azərbaycan dili dövlət dili olaraq Azərbaycan Sovet Sosialist Respublikasının qanunlarında (xüsusilə Konstitusiyada) əksini tapmış, mərkəzin etirazlarına baxmayaraq, respublikada Azərbaycan dilinin rəsmiliyi təmin edilmişdir. Azərbaycan dilində mətbuatın, elmin tərəqqisi üçün dövlət rəhbərliyi əlindən gələni etmiş, Azərbaycanın böyük yazıçıları, şairləri əsərlərini demək olar ki, yalnız ana dilində yazmış, Azərbaycan Yazıçılar İttifaqının mətbuat orqanları Azərbaycan dilində çıxmışdır. Ulu öndər Heydər Əliyevin qərarı ilə 1 avqust tarixi hər il Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu, Azərbaycan dili tarixində əlamətdar, önəmli hadisədir. Bundan əlavə, qəbul edilən digər Fərman və sərəncamlar əsasında dilimizin inkişafı, ana dilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

30 sentyabr 2002-ci ildə isə ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olundu. Bu sənəddə göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanunda Azərbaycan dili müstəqil dövlətçiliyin əsaslarından biri olaraq qəbul edilmiş, onun digər dillər arasında yaşaması və təkmilləşdirilməsi sahəsində konseptual ideyalar irəli sürülmüşdür. Belə bir Qanunun ana istiqaməti budur ki, bu qanunvericilik aktı ilə Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır.

Çağdaş Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ideya və əməllərinin sadiq davamçısı Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə ana dilinin dövlət dili statusu qorunmuş və onun inkişafı yüksək səviyyədə təmin edilmişdir. Azərbaycan dilinin taleyi barədə təməl düşüncələrini şərtləndirən dil quruculuğundakı ideya istiqaməti bu gün də müasir siyasi baxışlara uyğun səviyyədə aparılmaqdadır. Müstəqillik illərində Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir. Prezident İlham Əliyev ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğu haqqında demişdir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”. Bu fikirləri əsas götürən İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır və dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi, dil siyasətində də ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu strateji xətti inam və uğurla inkişaf etdirir.

Günel Dadaşova,

Salyan rayon gənci, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir