Cəmiyyət

Müstəqillik illərində ordu quruculuğu

Sharing is caring!

      Keçən əsrin sonlarında Azərbaycan xalqının müstəqillik əldə etməsi müstəqil dövlət və onun ayrılmaz atributu olan müstəqil milli ordu yaradılması şansını ortaya qoydu. Təxminən 70 illik fasilədən sonra Azərbaycan xalqının intizarında olduğu belə bir tarixi imkanın meydana gəlməsi, çox təəssüf ki, həmin illərdə Azərbaycanın rəhbərliyində olan şəxslər, xalqın ictimai-siyasi həyatında öncül yer tutmaq istəyən insanlar tərəfindən vaxtında və lazımınca qiymətləndirilə bilmədi. Azərbaycana qarşı həyata keçirilən haqsızlıqlara qarşı genişlənən xalq hərəkatı fonunda hakimiyyətə gələnlərin isə səriştəsizliyi, təcrübəsizliyi, xalqın milli mənafelərinə laqeyd münasibətləri Azərbaycan Ordusunun yaranmasını son dərəcə mürəkkəb bir vəziyyətlə qarşılaşdırdı. Azərbaycan xalqına qarşı geniş miqyaslı təcavüzə başlamış Ermənistanla müqayisədə müdafiə qüvvələrinin formalaşdırılmasını ayrı-ayrı iddialı adamların ixtiyarına buraxılması Azərbaycanda ordu əvəzinə, idarəolunmaz silahlı kütlənin meydana çıxmasına səbəb oldu.

        Belə bir şəraitdə Azərbaycanın suverenliyinin qarantı ola biləcək ordu yaradılması üçün yüksək siyasi iradə hava və su kimi lazım idi. Bu iradəyə malik olan rəhbər şəxs ümummilli lider Heydər Əliyev oldu. Ulu öndər Heydər Əliyevin respublikaya ikinc dəfə rəhbərlik etdiyi dövrdə Azərbaycanda hərbi-təşkilati işlər bir neçə istiqamətdə aparılırdı və milli dəyərlər, xalqın maraqları bu işlərin əsas məzmununu təşkil edirdi. Bu istiqamətlərdən biri Azərbaycan gənclərinin hərbi xidmətə hazırlanması, onların xüsusi ixtisaslı hərbi hissələrə göndərilməsinə nail olunması idi. Azərbaycanda hərbi xidmətə çağırış işlərinin vəziyyəti dəfələrlə Heydər Əliyevin rəhbərliyi altında müvafiq vəzifəli şəxslərin iştirakı ilə müzakirə olundu, lazımi qərarlar qəbul edildi.

       Qeyd edək ki, XX əsrin 70-ci illərindən etibarən peşəkar hərbi kadrların hazırlanması məsələsi Azərbaycan xalqının əsas vəzifələrindən biri kimi ortaya qoyuldu. Heydər Əliyevin Sovet dövründə diqqət yetirdiyi məsələlərdən biri də SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi məsələsi idi. O, azərbaycanlı zabitlərin Sovet qoşunlarında hansı vəzifələrdə olmasını və vəzifə təyinatlarında necə irəliləməsini daim izləyirdi və çalışırdı ki, yüksək vəzifəli Sovet zabitləri arasında azərbaycanlılar da olsun

       Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Bakıda iki ali hərbi məktəb var idi. Bu məktəblərin kursantları sırasında azərbaycanlıların sayı son dərəcə az idi. Bu vəziyyətin dəyişdirilməsi üçün Heydər Əliyev öz qətiyyətini ortaya qoydu və ilk növbədə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin rəhbərliyinə yüksək rütbəli azərbaycanlı kadrın gətirilməsinə nail oldu. Sonra bu məktəbə qəbul olunanlar arasında azərbaycanlıların sayının artırılması üçün geniş təşkilati işlər aparıldı. Nəticədə bu məktəbə daxil olan azərbaycanlıların sayı xeyli artırıldı.

        Hazırda ordu quruculuğu sahəsində qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün xalqımız əmindir ki, Azərbaycanın Silahlı Qüvvələri insanların dinc həyatını, Vətənin sərhədlərini qorumağa hər an hazırdır.

İsmayıl Aslanov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Günəşli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin

 Baş məsləhətçisi-baş mühasibi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir