Müsahibə

Rauf Əliyev, Vaqif Cavadov, İlqar Qurbanov bir arada – Yeni komanda yaradıla bilər + MÜSAHİBƏ

Sharing is caring!


Bolqarıstanda keçirilən minifutbol üzrə Avropa Kubokunda iştirak edən “Zəngəzur” komandası debüt ilində yarımfinala qədər irəliləsə də, finala vəsiqə və ardından üçüncü yer uğrunda oyunda məğlub olub.

Turnirdə “Zəngəzur”un formasını geyinənlər arasında futbol üzrə Azərbaycan millisinin və “Qarabağ” klubunun sabiq yarımmüdafiəçisi Əfran İsmayılov da olub.

İlk dəfə özünü minifutbolda sınayan “Zəngəzur”un kapitanı “Report”a müsahibəsində təəssüratlarını bölüşüb.

– Avropa Kuboku ilə bağlı təəssüratlarınız necədir?

– Şəxsən özüm üçün çox maraqlı idi. Minifutbola marağım əvvəldən var idi. Amma buradakı oyunla böyük futbol tam fərqlidir. Bakıda cəmi 2-3 məşqimiz olmuşdu, uşaqları da tanımırdım. Çətinliklərimiz çox idi. Buna baxmayaraq, klubun prezidenti Şahin Məmmədov kollektivi bir araya gətirdi, mənə də dedi ki, səni çoxdan tanıyıram, komandaya kömək etməyini istəyirəm. Təmənnasız komandaya qoşuldum. Yaxşı insanlar tanıdım, maraqlı ab-hava gördüm. Avropa Kuboku da çox yaxşı təşkil olunmuşdu, hər şey yüksək səviyyədə idi. Nəticə ürəyimizcə idi, yarımfinala qədər irəliləmişdik.

– Finala yüksəlməyinizə nə mane oldu?

– İlk dəfə idi ki, belə bir turnirə qatılırdıq, təcrübəsizlik var idi. Buna görə də nəticə başadüşülən olmalıdır. Üstəlik, az məşq etmişdik. Gün ərzində iki oyun keçirirdik. Bu, mənim üçün çox ağır idi, yorğunluq olurdu. Digər komandalar isə belə turnirlərə tez-tez qatılırlar. Onlar üçün rahat olsa da, biz çətinliklərlə üzləşdik. Ümumilikdə hər şeydən razı qaldım. Klub rəhbərliyi rahatlığımız üçün hər cür şərait yaratmışdı.

– Böyük futbolla minifutbol arasında nə kimi fərqlər var?

– Böyük futbolda oynamaq daha rahatdır. Yer genişdir, məsafə var, daha rahat fikirləşərək hərəkət etmək olur. Böyük futbol əsasən təkbətək mübarizələr üzərində qurulub. Burada isə komandanın əsasını 60-70 faiz qapıçı təşkil edir. Qapıçın yaxşıdırsa və ayaqla normal oynaya bilirsə, 1:0 hesabı ilə öndə başlayırsan. Minifutbolda rəqib o qədər yaxın olur ki, daha tez düşünmək və zərbə vurmaq lazımdır. Standart vəziyyətlər çox önəmlidir.

– Bir müddət əvvəl minifutbol komandası yaratmaq istədiyinizi demişdiniz. Bu fikrinizi dəyişməmisiniz?

– Bəli, yeni komanda yaradacağam. Minifutbol üzrə Azərbaycan çempionatında iştirak etməyə çalışacağıq. Buradan maddi qazanc güdmürəm. Çəkimin artmaması, formada qalmağım üçün özümün də buna həvəsim var. Futbolçu adətən karyerasını bitirdikdən sonra kökəlir, bədənində ağrıları olur. Belə hallarla üzləşməmək üçün futboldan uzaq düşməməyə çalışıram.

– Bununla bağlı müraciət etdiyiniz qurumlar var?

– Bakıya qayıtdıqdan sonra federasiya rəhbərliyi ilə görüşəcəyəm. Görək hansı qərarı verəcəklər.

– Komandanın xərclərini kim qarşılayacaq?

– Federasiya ilə sponsor barəsində də danışacağıq. Hərtərəfli dəqiqləşdirmə apardıqdan sonra rəhbərliklə görüşəcəyəm. Çünki futbolçuların nə istədiklərini də onlara çatdırmalıyam.

– Komandanıza kimləri cəlb edəcəyinizi dəqiqləşdirmisiniz?

– Bəli, Rauf Əliyev, Rahid Əmirquliyev, Vaqif Cavadov, İlqar Qurbanov, Rail Məlikov, Elvin Məmmədov, Cavid Hüseynov və Elhad Nəziri olacaqlar. Mahir Şükürovla danışmışam. Ruslan Abışov da heyətə əlavə edilə bilər. Futbolçu çoxdur, adlarını çəkdiklərimin hamısı gəlmək istəyirlər. İnanıram ki, çempionata rəng qatacağıq. İndi yalnız komandanın adı və baş məşqçinin kimliyi qalır. Buna da Bakıya döndükdən sonra ətraflı müzakirə apararaq qərar verəcəyik.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir