Cəmiyyət

Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi

Sharing is caring!

Sülh və insanlıq əleyhinə törədilən ən dəhşətli beynəlxalq cinayətlərdən biri də Xocalı soyqırımıdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilmiş cinayətlər öz xarakteri və ağırlığına görə BMT Baş Assambleyasının Konvensiyası ilə müəyyən edilmiş soyqırımı anlayışına tamamilə uyğun gəlir. Həmin gün erməni vəhşiliyinin qurbanı olan soydaşlarımız yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirilib. Xilas olmağa can atan, əli silahsız, düşmənə müqavimət göstərmək iqtidarında olmayan, hərbi statusu olmayan mülki əhalinin, qadınların, körpələrin, yaşlı insanların amansızlıqla qətlə yetirilməsi bu cinayətlərin soyqırımı niyyətini sübut edir və məhz azərbaycanlı milli mənsubiyyətinə yönəlmiş olduğunu təsdiqləyir.

Beynəlxalq Cinayət Məhkəməsinin Statusu, Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya və Ruanda üzrə Nizamnamələri də Xocalı qətliamına “soyqırımı” kimi qiymət verilməsinə tam əsas verir. Xocalı faciəsinə hüquqi qiymət vermək üçün hadisə yerində olmuş xarici və yerli jurnalistlərin baş vermiş vəhşiliklər haqqında yazdıqları və lentə aldıqları kadrlar, eləcə də erməni siyasi xadimlərinin hadisə ilə bağlı səsləndirdiyi fikirlər bu dəhşətli cinayətin sübutudur. Lakin təəssüflər olsun ki, 30 ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistan Xocalı soyqırımına görə Azərbaycan xalqından üzr istəməmiş və hadisəyə beynəlxalq müstəvidə lazımi siyasi-hüquqi qiymət verilməyib.

Xocalı soyqrımı bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayətdir və bu faciə tarixdə ermənilərin həyata keçirdiyi yeganə soyqırımı aktı deyil. Artıq dünya ictimaiyyəti də Xocalıda yaşananlarla bağlı daha çox məlumatlıdır. Çünki tarixi faktlar, sübutlar ermənilərin həyata keçirdiyi soyqırımı gerçəklərinin gizlədilməsinə əngəl olur. Hətta ermənilər – cinayəti törədənlər də soyqırımını etiraf edirlər.

“Biz Xaçaturla ələ keçirdiyimiz evlərdən birinə girərkən əsgərlərimiz 13 yaşında bir türk uşağı pəncərəyə mismarlamışdılar. Daha sonra bu uşağın başının, sinəsinin və qarnının dərisini soydum. Saata baxdım. 7 dəqiqə sonra türk uşağı qan itirərək dünyasını dəyişdi. Ruhum xalqımın bir faizinin belə qisasını aldığım üçün sevincindən qürurlanırdı. Sonra Xaçatur ölmüş türk uşağının cəsədini hissə-hissə doğrayaraq türklərlə eyni kökdən olan itlərə atdı”. Bu, qondarma Böyük Ermənistan ideologiyasının əsas ideoloqlarından biri olan Zori Balayanın 1996-cı ildə nəşr olunan “Ruhumun canlanması” kitabındakı etiraflarıdır. Tarix göstərir ki, ermənilər müxtəlif dövrlərdə “ruhlarını” məhz insanlığa qarşı cinayətlərlə qürurlandırmağa çalışıblar. Holokost soyqırımının reallaşdırılmasında da ermənilər yaxından iştirak ediblər. Tarixi sənədlər də onu göstərir ki, Adolf Hitlerin rəhbərliyi ilə yəhudilərə qarşı aparılan soyqırımında 27 min ermənidən ibarət hərbi birləşmə xüsusi qəddarlıq nümayiş etdirib.

Xocalı soyqırımına ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkə parlamenti tərəfindən siyasi-hüquqi qiymət verilmiş, 26 fevral tarixi Xocalı Soyqırımı Günü elan olunmuş və törədilən cinayətin beynəlxalq ictimaiyyətə çatdırılması, təqsirkarların ədalət mühakiməsinə verilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət” beynəlxalq kampaniyası Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsində olduqca mühüm rol oynayır. Həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində 17 dövlətin qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul edilmişdir.

Ədalətin bərpası və insanlığa qarşı yönəlmiş bu kimi soyqırımı aktlarının təkrarlanmaması üçün dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımına və Ermənistanın törətmiş olduğu digər müharibə cinayətlərinə beynəlxalq siyasi-hüquqi qiymət verilməli, törədilmiş soyqırımının günahkarları beynəlxalq məhkəmə qarşısında cavab verməli və bu istiqamətdə qəti tədbirlər görülməlidir.

Son illər Azərbaycanın haqlı mövqeyini bütün dünyaya daha gur səslə nümayiş etdirən dövlətimizin başçısı İlham Əliyev işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində səmərəli fəaliyyəti ilə yanaşı, həm də dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməyə nail olur. “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” deyən Prezidentimizin gərgin əməyinin nəticəsidir ki, hazırda dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir. Ötən illərdə dövlət başçısının göstərişi ilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün bir sıra mühüm tədbirlər həyata keçirilib. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb. Bu isə ürəkləri daim Vətən eşqi ilə döyünən soydaşlarımzın öz yurddaşları olan Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir.

Rəşad Vəliyev,

Salyan rayon Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir