Cəmiyyət

Qərbi Azərbaycana qayıdışla bağlı ictimai dinləmə keçirilib – FOTO

Sharing is caring!

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğun təşkilatçılığı ilə Qərbi Azərbaycan İcmasının (QAİ) İdarə Heyətinin üzvləri ilə universitetin professor-müəllim heyəti və tələbələrin görüşü keçirilib.

“Report” xəbər verir ki, tədbir çərçivəsində həmçinin 21 Fevral – Beynəlxalq Ana Dili Günü ilə bağlı Meh Ədəbi Dərnəyinin üzvləri olan tələbələrin hazırladıqları ədəbi kompozisiya nümayiş olunub.

Qərbi Azərbaycana qayıdışın vacib komponentlərindən birinin də bu bölgədəki anadilli mədəniyyətin tədqiqi və yaşadılması olduğu qeyd olunub.

Tədbiri giriş sözü ilə açan ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, QAİ İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova görüşün məqsədi barədə məlumat verib.

O, Qərbi Azərbaycan həqiqətlərinin həm daxili, həm də xarici auditoriyaya çatdırılmasının vacibliyini vurğulayıb. Prorektor qeyd edib ki, Pedaqoji Universitetdə keçirilən bugünkü görüş geniş ictimaiyyət arasında Qərbi Azərbaycana qayıdışla bağlı ilk ictimai dinləmədir və belə müzakirələr bütün ictimai qurumlarda təşkil olunmalıdır.

QAİ-nin sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında bildirib ki, bu ilk ictimai dinləmənin Beynəlxalq Ana Dili Günü ilə üst-üstə düşməsi heç də təsadüfi deyil. Deputat vurğulayıb ki, dil məsələsi xalqın milli birliyinin vacib simvollarından biridir.

O deyib ki, Qərbi Azərbaycana qayıdış aspektində, bu mühüm vəzifənin icrası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü vəzifələr kontekstində dilimizin qorunması, Qərbi Azərbaycanda anadilli toponimlərin, dil abidələrinin tədqiqi və təbliği olduqca önəmlidir.

QAİ Qadınlar Şurasının sədri, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Məlahət İbrahimqızı, millət vəkili Etibar Əliyev və digərləri çıxışlarında vurğulayıblar ki, siyasi aspektdən Azərbaycan tarixində heç vaxt belə bir əlverişli şərait olmayıb.

Bildirilib ki, bu gün son 200 ildə Azərbaycan xalqının başına gətirilən faciələrin cavabının tapılması, haqq səsimizin dünyaya çatdırılması və tapdalanan haqlarımızın bərpası üçün münbit şərait yaranıb.

Çıxışlarda bildirilib ki, Vətən müharibəsindəki tarixi zəfərimiz Qərbi Azərbaycanda ermənilər tərəfindən xalqımıza qarşı törədilən tarixi ədalətsizliyin aradan qaldırılması üçün təşkilatlanmış fəaliyyətə başlamağa imkan verdi.

Qeyd olunub ki, 1989-cu ildə Azərbaycan Qaçqınlar Cəmiyyəti kimi yaradılan QAİ bu günə qədər də böyük işlər görüb, lakin Qarabağ probleminin həlli İcma kimi daha sistemli mübarizə aparmağa və beynəlxalq səviyyədə haqq səsimizi bəyan etməyə əsas yaratdı.

Bildirilib ki, Prezident İlham Əliyevin xeyir-duası ilə hazırlanan qayıdış konsepsiyası BMT və onun ali qurumları tərəfindən BMT-nin gündəliyinə daxil olan sənəd kimi yayımlandı və bu dünya arenasında böyük əks-səda oyatdı.

Çıxışlardan sonra suallar və təkliflər dinlənilib, qarşıda duran vəzifələrlə bağlı geniş müzakirələr aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir