Cəmiyyət

Ordubadın Düylün kəndində acınacaqlı vəziyyət: Ağaclar quruyur, insanlar suya həsrət qalıblar

Sharing is caring!

Ordubad rayonunda əhalinin əksəriyyəti susuzluqdan əziyyət çəkir.

APA xəbər verir ki, rayonun bir neçə kəndində bu problem yaşansa da, Düylün kəndi vəziyyət lap acınacaqlıdır.

Artıq kənd camaatı nə edəcəyini, hara, kimə müraciət edəcəyini bilmir.

Bizə ünvanlanan məktublardan sonra Düylün kəndinə yollandıq. Yol kənarlarında qurumuş ağacları, su daşıyan uşaqları gördükdə, artıq məsələnin hansı vəziyyətdə olduğuna dair ilkin təəssürat yarandı.

Sakinlərin dediyinə görə, son illər kəndə su qıtlığının olması, insanların əl-ayağını işdən soyudub. Kənd camaatı deyir ki, burada su qıtlığı həmişə olub.

Kənd ağsaqqalı Cəlil Hüseynov deyir ki, son 25 ildə bu problem yaşanır. Dəfələrlə İcra Hakimiyyətinə və Muxtar Respublika rəhbərliyinə müraciət etsələr də, nəticə olmayıb. Sadəcə gəlib, baxıb gediblər:

“Son 3-4 ilədək su problemini birtəhər yola vermək olurdu. Lakin indi vəziyyət dözülməzdir. Əvvəllər su nasosları var idi, indi yoxdu. Hamısı ya sökülüb satılıb, ya da aparıblar. İnsanlar burada susuzluqdan əziyyət çəkir. Təsərrüfatımız məhv olub. Əkin sahələrini nə vaxt əkmişik, artıq özümüz də unutmuşuq. Halbuki Düylün kəndi öz təsərrüfatı ilə ad qazanmışdı. Burada üzümçülük sahələri geniş ərazini əhatə edirdi. İndi baxın, bir dənə olsun belə üzüm kolu yoxdur. Kəndlilər onlara ayrılmış pay torpaqlarında əkdikləri qarğıdalıları suvara bilmədikləri üçün demək olar kbütün sahələr yanıb. Təbii ki, belə olduğu halda, kənd camaatı kəndi tərk edir, heç kim qalmır”.

Digər kənd sakini Vüqar Əliyev isə əlavə edir ki, indi kənddə cavan adam tapmaq olmur, hamı bu şəraitsizlikdən sonra buraları tərk edib:

“Bu kənd uzun illərdir bu problemlə mübarizə aparır, hər yana səsimizi çatdırırıq, amma bizim məsələni həll edən tapılmır”.

“Axırıncı dəfə ötən ilin iyul ayında su görmüşük. Yay aylarında suyu iki saatdan bir verirlər. İndi hansı dövrdə yaşayırıq? Halbuki hər ay ödənişləri edirik, bu kənddə heç bir evin su borcu belə yoxdur. Ölkəmiz hər bir gücə malikdir. Odur ki, biz ölkə Prezidentimizin Muxtar Respublikadakı səlahiyyətli nümayəndəsindən xahiş edirik, bizə köməklik göstərilsin. Biz nə vaxtdadək bu problemlə üz-üzə qalacağıq? Hara müraciət ediriksə, xeyri olmur. İndiyədək burada 12-13 icra nümayəndəsi görmüşəm, hamısı da deyib ki, qısa vaxtda həll olunacaq. Amma dəyişən heç nə olmayıb. Təsərrüftalarımız bərbad gündədir, heç nə əkib-becərə bilmirik. Əlacsızlıqdan quru sahələrə əkin əkirik ki, bəlkə orada bir toxum cücərə”, – kənd sakini Zahir Eyvazov belə deyir.

Əslində, Düylün kənd ərazisində su nasoslarının istifadəsi üçün şərait də var. Kəndin ərazisi üç böyük göllə əhatələnib və göllərin heç birində su yoxdur. Lakin digər kəndlərdə olduğu kimi, yaxın çaylardan bu göllərə su vurmaq mümkündür.

Kənd sakini Elsevər Əliyev deyir ki, bunun üçün kənd camaatı da içşi kimi işləməyə hazırdı, təki kəndə su çəkilsin. Kənd sakinləri aidiyyəti qurumların məsələyə biganə yanaşmasından da narahatdır:

“Düylün kəndində 249 təsərrüfat var. Kənddə qeydiyyatda olan 827 sakindən 717 nəfəri hazırda kənddə yaşayır. Kəndin ərazisi 1900 hekara yaxındır ki, bunun da 335 hektarı suvarılan sahədir. Susuzluqdan əkinə yararlı olan 235 hektardan cəmi 48 hektar torpaq sahəsi əkilib. Vaxtilə, burada 150 hekatardan çox üzüm bağları olub, indi isə cəmi 3 hektar qalıb. Susuzluğun törətdiyi fəsadlar nəticəsində 230 baş iribuynuzlu mal qaradan cəmi 100 baş, 2000 baş xırdabuynuzlu heyvandan isə cəmi 750 baş qalıb. Bunların hamısı kəndlinin əməyinin boşa getdiyinin göstəricisidir. Kəndin ərazisində 3 göl var, ancaq hamısı boşdur. Biz istəyirik ki, bu məsələdə kənd camaatına köməklik göstərilsin, kəndli öz el-obasını tərk etməsin. Belə davam edərsə, 2-3 ilə kənddə heç kim qalmayacaq. Bir daha sizlərin vasitəsilə, bizlərə köməklik göstərməsini xahiş edirik”.

Ordubad Rayon İcra Hakimiyyətinin Düylün kənd icra nümayəndəsi Araz Fərəcov isə açıqlamasında artıq bu barədə aidiyyəti orqanlara müraciət edildiyini vurğuladı:

“Kəndin su təchizatının yaxşılaşdırılması məqsədilə rayon icra hakimiyyətinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə müraciət olunub. Qısa vaxtda bu məsələlər öz həllini tapacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir