Cəmiyyət

Vəfat edən qazi Mirdavud Tahirovun anası: “Elə ağrıları olurdu ki, səhərə qədər yatmırdı” – YENİLƏNİB + FOTO

Sharing is caring!

Şuşa döyüşlərində ağır yaralanan və 2 ildən artıqdır müalicə olunan qazi Mirdavud Tahirov dekabrın 31-də yaşadığı evdə vəfat edib.

Bu barədə Oxu.Az-a açıqlamasında vəfat edən qazimiz Mirdavud Tahirovun anası Vüsalə Tahirova deyib.

O bildirib ki, oğlu bir müddət müalicə olunduqdan sonra həkim və müalicələrdən imtina edib:

“Mirdavud 44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələr sırasında xidmət edib. Müharibədə kontuziya almışdı, ayağından güllə yarası almışdı. Ağ ciyərlərində problem olub. Biz heç vaxt dövlətdən heç nə istəməmişik, öz hesabımıza müalicə etdirmişik. Dişləri irin verirdi, sümüklərində problem yaşayırdı. Ağrıları olurdu amma müalicəni istəmirdi. Dövlətdən heç bir şikayətimiz, narazılığımız yoxdur. Oğlum özü istəmirdi ki, ona qazi statusu verilsin. Həmişə mən Vətənim üçün döyüşmüşəm deyirdi. Deyirdi mən şəhid qardaşlarımın yanına gedəcəm. Elə ağrıları olurdu gecə səhərə qədər yata bilmirdi.

Biz özümüz Bakıda yaşayırıq. Dekabrın 31-də evdə oturmuşduq. Gəlib dedi ki, nəfəs ala bilmir. Təngnəfəs oldu. Süni tənəffüslə, ürək masajı ilə ona kömək etməyə çalışdım. Təcili yardım çağırdıq, həkimlər gələnə qədər əlimdən gələni etdim. Özüm də tibb işçisiyəm. Amma oğlum qollarımda boğularaq can verdi. Bu mənim üçün çox ağırdı. Yanvarın 1-də Mirdavud Göy Məsciddə yuyuldu, kəfənləndi və Astaraya gətirib dəfn etdik”.

11:58

Şuşa döyüşlərində ağır yaralanan və 2 ildən artıqdır müalicə olunan qazi Mirdavud Tahirov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Astara rayonu Pensər kənd sakini olan və Vətən müharibəsində rəşadət göstərən M.Tahirov aldığı xəsarətlər ucbatından dünyasını dəyişib.

O, doğulduğu rayonda dəfn edilib.

Qeyd edək ki, Tahirov Mirdavud Asəm oğlu Azərbaycan Pedaqoji Universitetinin tələbəsi ikən Vətən müharibəsinə yollanıb. Onun anası da müharibə vaxtı könüllü olaraq tibb bacısı kimi yaralılara yardım edib.

M.Tahirov müharibədən sonra “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir