Cəmiyyət

İki təşkilat İkinci Qarabağ Müharibəsi veteranının İsraildə donor ailəsi ilə görüşməsinə yardım edib – FOTO

Sharing is caring!

ABŞ-Azərbaycan Mədəniyyət Fondu və “Double Trouble Production” gözündən yaralanmış İkinci Qarabağ Müharibəsi veteranı Arif Hacıyevin onu əməliyyat edən həkimin və buynuz qişası köçürülməsinə razılıq vermiş donorun ailəsinin yaşadığı İsrailə getməsinə yardım edib.

Oxu.Az xəbər verir ki, A.Hacıyevin İsrailə səfəri ideyası jurnalist, ABŞ-Azərbaycan Mədəniyyət Fondunun prezidenti Nurit Qringerin qazi ilə müsahibəsindən sonra yaranıb.

“Müsahibəm Arifə istəyini (buynuz qişasını aldığı donorunun ailəsi ilə görüşmək – red.) yerinə yetirəcəyimə dair söz verməyim ilə başa çatmışdı. Azərbaycandan ABŞ-dəki evimə qayıdandan sonra Arifin İsrailə səfərini təşkil etmək və arzusunu reallaşdırmaq üçün cəhd etdim. Bu işdə “Double Trouble Production” şirkətinin baş direktoru Eti El-Kiss də mənə yardım etdi”, – o, məqalədə qeyd edir.

Onun sözlərinə görə, A.Hacıyevin İsrailə göndərilməsində həmçinin onun gözünü əməliyyat edən cərrah-oftalmoloq, buynuz qişanın transplantasiyası və kök hüceyrələrlə göz səthinin formalaşdırılması üzrə mütəxəssis İşay Falik, İsrailin Azərbaycandakı səfiri Corc Dik, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Los-Ancelesdəki Xabad SoLa icması və başqaları iştirak edib.

N.Qringer onu da əlavə edib ki, bu gün İsrail ərəb dünyası, əsasən də İslam inancının nümayəndələri ilə münaqişədədir, lakin bu vəziyyətdə vətəndaşlarının əksəriyyətinin müsəlman olduğu Azərbaycan istisnadır.

“Azərbaycan və İsrail arasında 30 illik sıx əlaqələrə baxmayaraq, bu ölkə mediada layiq olduğu qədər işıqlandırılmayıb”, – o deyib və əlavə edib ki, yaralı müsəlman azərbaycanlı əsgərin İsraildə bir yəhudidən buynuz qişası əldə etməsi iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu nümayiş etdirir.

Beləliklə, İsraildə 4 günlük proqram A.Hacıyevə yaralı İsrail əsgəri ilə görüşmək, Aralıq dənizi sahillərində gəzmək, İsrailin yəhudi və ərəb-müsəlman əhalinin birgə yaşadığı Akko şəhərinə səfər etmək, Qüdsü ziyarət etmək və Əl Əqsa Məscidində dua etmək imkanı yaradıb. Bundan əlavə, oftalmoloq İ.Falik Vətən müharibəsi qazisinin gözünü müayinə edib. Və əlbəttə ki, Arif donorunun ailəsi ilə görüşüb.

A.Hacıyev buynuz qişa donorunun ailəsinin yaşadığı Hersliya şəhərinin meri Moşe Fadlon ilə də görüşüb. Meriyada Arif yalnız İsrail Prezidentinə təqdim olunmuş şəhərin rəmzi açarını alıb.

N.Qringer qeyd edir ki, Azərbaycana səfər etdiyi illər ərzində xalqın səxavəti onun üçün mühüm amilə çevrilib və bu, ona bu ölkədə özünü evdəki kimi hiss etməyə imkan verib.

“Belə ki, Azərbaycan və İsrail arasında son 30 ildə mövcud olan ikitərəfli dostluq münasibətləri Azərbaycanın dünya miqyasında statusunun təbliği üçün səylər göstərməyə imkan verən səbəbdir. Bundan əlavə, yəhudilərin Azərbaycanda tapdıqları təhlükəsiz sığınacaq məni bu və bir çox başqa layihələri həyata keçirməyə vadar edən başqa bir amildir”, – o, vurğulayıb.

“Bu səbəbdən Azərbaycana səfərimiz, ölkənin görməli yerlərini gəzməyimiz və yerli rəsmilərlə, eləcə də sadə insanlarla görüşlərimiz ölkəni tanıtmaq üçün ərsəyə gətiriləcək sənədli filmdə işıqlandırılacaq”, – N.Qringer söyləyib.

O, həmçinin Vətən Müharibəsi qazisi A.Hacıyevin İsrailə səfərindən bəhs edən sənədli filmin Azərbaycan Respublikasının Təl-Əvivdə səfirliyinin açılışı ərəfəsində nümayiş etdirilməyə hazır olacağına ümid etdiyini də bildirib.

Mənbə: “NewsBlaze”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir