Siyasət

Prezident İlham Əliyev: “Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik”

Sharing is caring!

“Erməni xalqı bizim torpaqlarımıza, Qarabağa, Zəngəzura nə vaxt köçürülüb? Kim tərəfindən, necə və hansı məqsədlə köçürülüb? Hamısını yaxşı bilirik”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib.

Onların bizim ərazimizdə, Cənubi Qafqazda heç vaxt dövlətlərinin olmadığını qeyd edən Azərbaycan Prezidenti deyib:

“Əgər nə vaxtsa olubsa, – hələ bəlli deyil kimin dövlətini onlar öz adlarına çıxmaq istəyirlər, – bu, başqa yerdə olub. Ona görə biz bunları mütləq məqsədyönlü şəkildə, təşkilatlanmış qaydada, düzgün formada təqdim etməliyik. Əminəm ki, buna nail olacağıq”.

Dövlətimizin başçısı bildirib ki, bununla paralel olaraq biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik.

“Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq, bəlkə də, tez idi. Ancaq məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

“Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur. Biz bunu bilirik. Biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar. Azərbaycanlıların yaşadıqları yerlərin əksəriyyətində heç kim yaşamır”, – Prezident qeyd edib.

O bildirib ki, Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür:

“İnsanlar oradan gedirlər. Həm təbii artım yoxdur, eyni zamanda, dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik. Ona görə biz Qayıdış Konsepsiyası üzərində işləməliyik. Bu çox sanballı sənəd olmalıdır”.

Gələcək fəaliyyətlə bağlı fikirlərini bölüşən Prezident deyib ki, icma həm öz imkanları daxilində, həm də Azərbaycan dövlətinin dəstəyi ilə bu işlərə böyük yer verməlidir:

“Əminəm ki, biz buna nail olacağıq. Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, inşallah”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir