Cəmiyyət

Uşaqlara aşılanan yad bayramlar: “Halloween”, həqiqətən, qorxuludurmu? – FOTO

Sharing is caring!

Hər il oktyabr ayının son günü xarici ölkələrin əksəriyyətində “Halloween” bayramı qeyd edilir. 
Bu bayram ingilis dilində “Halloween”, dilimizdə isə hellouin adlanan “balqabaqlar bayramı” adlanır. 

Balqabaq “Halloween”in əsas atributlarından biri hesab olunur. İnsanlar məhz bu gün balqabaqların içini oyub, içərisinə şam qoyurlar. Onlar ölmüş yaxınları ilə birlikdə dünyaya gəlmək istəyən ziyanverici ruhları qorxutmaq üçün iyrənc makiyajlar edir, qorxuducu qiyafələr geyinirlər.

Balqabaqlar bayramı xristian dünyasına, hətta daha qədimdə keltlərə məxsus olsa da, son zamanlar Azərbaycanda da qeyd edilir.

Bəs bu bayram uşaqların psixologiyasına necə təsir edir? Övladlarımıza bu bayramı qeyd etməyə icazə verməliyikmi? 

Klinik psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun “Yaş və İnkişaf Psixologiyası Şöbəsi”nin kiçik elmi işçisi Narınc Rüstəmova Oxu.Az-a açıqlamasında bildirib ki, kimlə danışsaq, bu bayrama qarşıdır:

“Lakin müxtəlif yerlərdə qeyd edilən “Halloween” bayramı şənliklərində uşaqların əlindən tərpənmək olmur və kifayət qədər əyləndiklərini görürük. Bəs görək bu bayramın mənfi tərəfləri ilə bərabər, müsbət tərəfləri də varmı? “Halloween” qədim zamanlardan insanların pis ruhları qorxutmaq və ruhlar tərəfindən tanınmamaq üçün müxtəlif ayinlərlə qeyd etdikləri bayram kimi tanınır. Qədim dövrlərdə insanlar şənliklərdə tonqal yandırmaqla şər ruhları qorxutduqlarını və maskalanaraq ruhların onları tanımadıqlarını düşünürdülər.

“Halloween” qədim dövrlərdə insanlar üçün qış dövrünün başlanğıcını və yeni ili bildirirdi. Yeniliklər həmişə gözəldir, lakin naməlumluq, qeyri-müəyyənlik qorxu gətirir. Qorxu və qeyri-müəyyənliklərdən qurtulmağın yollarından biri ona müqavimət göstərməkdir. “Halloween”in qayəsinə görə isə bu, qorxularımızdan qurtulmaq, maskalanmaq və onlardan qaçmaqdır. Ona görə də “Halloween” belə rituallarla dolu bir bayram olaraq mövcudluğunu davam etdirir. Hər bayram yaxşı əyləncə və vaxt keçirmək üçün bir fürsətdir. Şənliklərdəki kimi fərqli insanları qəbul etmək, maskalar və kostyumlarla fərqli görünüş əldə etmək istəyi mifologiyanın hakim olduğu dövrlərdən bəri mövcuddur.

Rəngarəng kostyumlar, maskalar, aksesuarlar normal qəbul edilməlidir. Uşaqlar birlikdə bayram qeyd edərkən cəmiyyətin bir hissəsi kimi bütövlükdə paylaşmağı öyrənirlər. Bu bayram uşaqlar üçün əyləncəli bir gündür. Fərqli geyimlər geyinmək, obrazlara bürünmək özlərini fərqli bir rolda və vəziyyətdə görməyə imkan verir. “Halloween” bayramını qeyd etmək xüsusilə internet əsrində çox önəmlidir. Burada əsas olan geyimlərdə, maskalarda, qorxu və cadugərlər aləmində sərhədi müəyyən etməkdir”.

Kabuslar, cinlər, vampirlər, zombilər, pis ruhlar, pərilər, cadugərlər və s. Bəs niyə biz insanlıq olaraq, “Halloween” bayramında bizi mənfi davranışlara və qorxu kimi bir çox mənfi duyğulara sövq edəcək şeylərin arxasınca gedirik?

Psixoloq deyir ki, əslində, “Halloween” bayramında qorxularla üzləşmək və qorxmadan əylənmək qorxu filmlərinə bənzər bir təcrübədir:

“Qorxu filmlərinə baxarkən həm qorxuruq, həm də maraqla izləməyə davam edirik, elə deyilmi?! Bir sözlə, qorxu hissinin xoş tərəfi var. Qorxudan həzz almaq, əslində, şəxsiyyət xüsusiyyətini əks etdirir. Bir çox insanlar fəaliyyətlərində həyəcan axtaran bir quruluşa sahibdirlər. Başqaları ilə asanlıqla empatiya qura bilən insanlar qorxu ilə əlaqəli səhnələrə baxarkən özlərini sağ qalanların yerinə qoymağa meyilli olduqları üçün qorxu filmlərinə və ya qorxu ilə yaşanan təcrübələrə üstünlük vermirlər”.

Ekspert əlavə edib ki, “Halloween” kostyumları bu bayramın ən gülməli hissəsidir:

“Bu bayramın kostyumları çox məşhur personajların paltarları və ya qorxulu canlılar ola bilir. Kostyuma uyğun makiyaj hazırlanır və ya maskalar taxılır. Makiyajlar, maskalar və kostyumlar da insanlara anonimlik verdiyi üçün bu həm böyüklərdə, həm də uşaqlarda mənfi davranışlar da yara bilər.

Heçmi müsbət təsiri yoxdur? – İnsanların büründükləri obrazlarla mənlik hissindən müvəqqəti uzaqlaşmaları onlarda psixoloji rahatlıq yaradır. Özümüzə xas bir görünüşə sahib olmaq, əslində, kimliyimizin bir hissəsidir. Buna görə də davranışımızda da özümüzə uyğun və uyğun olmayan standartlar var. Bizi heç kim tanımırsa və yaxud bir kostyumun arxasında gizlənəndə, əslində, bu bizdə mənlik hissini kənara qoymaq duyğusu yaradır. “Halloween” həm də bizə geyinə bilmədiklərimizi geyinmək imkan verir. Bu bayram bizim üçün psixoloji cəhətdən bu baxımdan yaxşıdır desək, yanılmarıq, çünki hər zaman sosial olaraq qəbul olunmaq və mühakimə olunmadan istədiyimiz kimi geyinmək istədiyimiz bir şeydir.

Qorxduğu əşyalara və ya elementlərə əyləncə məqsədi ilə yaxınlaşmaq, onlara lağ etmək uşaqların qorxularına qalib gəlməsinə, təxəyyül və yaradıcılığının inkişafına zəmin yaradır”.

N.Rüstəmova vurğulayıb ki, uşaqların “Halloween” bayramında büründükləri qorxulu obrazlar onları qorxularıyla üzləşdirir:

“Ayıbladıqları və qorxduqları hadisələrin olduğunu kəşf edirlər. Bu bayramda ortaya çıxan qorxulara nəzər salsaq, əslində, o anda təhlükə yaratmayan qorxuların kostyum və maskalarla ifadə edilməsindən danışa bilərik. Psixologiya elmində bir “izahat” üsulu var. Bu üsul mövcud olan qorxumuzla üzləşərək məruz qalma və neytrallaşdırmağa yönəlib. “Halloween” isə real həyatda rastlaşanda qorxacağımız şeylərlə lağ etdiyimiz və onlara qarşı neytrallaşdığımız bir bayramdır. Bir növ, qorxunu simulyasiya edərək onu yenidən canlandırıb, təhlükəsizlik duyğumuza əsaslanan qorxumuzla barışırıq.

Beləliklə, “Halloween” vasitəsilə qorxularımızı ələ salmaq üçün oktyabrın 31-nə qədər gözləməli deyilik. Gündəlik həyatımızda bunu edə biləcəyimiz vəziyyəti yaradaraq qorxularımızı simulyasiya edə və onlarla barışa bilərik. “Halloween”in müalicəvi təsirini həyatımıza gətirməklə özümüz üçün yaxşı bir addım ata bilərik”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir