Cəmiyyət

İslamiada üçün mükafatların verilmə qaydasındakı dəyişikliklər idmançılara necə təsir edəcək? – ŞƏRH + FOTO

Sharing is caring!

Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş idmançılar, onların məşqçiləri və hazırlıq prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması qaydası idman ictimaiyyətində müzakirələrə səbəb olub.

“Report” xəbər verir ki, Gənclər və İdman Nazirliyinin ötən gün açıqladığı məlumatda bir sıra yeniliklərin olması nəzərə çarpıb.

Qeyd edilib ki, sözügedən dəyişikliklər idmançıların motivasiyası və onların nəticələrinin qarşıdakı illərdə də yüksəldilməsinə xidmət edir. Yeni qaydalarda təkcə nəticə qazanan idmançılarla deyil, onların şəxsi məşqçiləri, menecerləri, tibb heyəti, ümumi komandanın məşqçiləri ilə bağlı da bir sıra dəyişikliklər var.

Həmçinin, nəticəyə uyğun olaraq, nəzərdə tutulan mükafatların ödənilməsi proseduru da fərqli olacaq. Belə ki, idmançılara verilən mükafatlar mərhələli şəkildə üç il ərzində – 40%-i 2022-ci ildə, 30%-i 2023-cü ilin 4-cü rübündə, qalan 30%-i isə 2024-cü ilin 4-cü rübündə ödəniləcək. Əgər idmançıya antidopinq qayda pozuntusuna görə sanksiya tətbiq olunarsa, bu halda mükafat ödənilməyəcək.

Nazirliyin açıqlamasında bu, əvvəlki illərin təcrübəsinə əsasən, idmançıların böyük məbləğdə mükafatı birdəfəyə almasından sonra bəzi hallarda onların karyerasını davam etdirməsinə maraqlarının azalması ilə izah edilib.

Daha bir yenilik bölgü zamanı əldə edilən uğurun çətinliyinin nəzərə alınmasıdır. Rəqabətin az olduğu çəki dərəcələrində medal qazanmış idmançılara verilən mükafat 5 000 manat təşkil edəcək ki, bu da digərlərindən qat-qat aşağıdır.

Dəyişikliklərə pozitiv yanaşan, bunun çox yerində verilmiş qərar olduğunu düşünənlər də var, əksinə, bu qərarın obyektivliyi pozduğunu, ədalət prinsiplərinə zidd olduğunu hesab edənlər də.

Məsələ ilə bağlı mövzunun qəhrəmanlarına, İslamiadada iştirak etmiş və müxtəlif növlərdə Azərbaycana fərqli əyarlarda medallar qazandırmış idmançı, federasiya rəsmisi və məşqçilərlə danışdıq.

“Konya-2021”in gümüş mükafatçısı olan kikboksçu Ramal Aslanov ilk olaraq mükafatın hissə-hissə verilməsinə toxunub:

“Gözdən itmək istəyən şəxs ilk ödənişi götürdükdən sonra da gedəcək. Bu, nazirliyin verdiyi qərardır, bir söz deyə bilmərik. Amma karyerasını bitirməyə hazırlaşan, 30-35 yaşlı idmançılarımız var. Onlar daha neçə il döyüşməlidirlər ki, həmin məbləği alsınlar? Həmin şəxs idmanla vidalaşacaqsa, mükafatı ala bilməyəcək? Həqiqətən, bu mənə çox maraqlıdır. Bunun daha çox gənclərə şamil olunması yaxşıdır. Onu haradasa başa düşmək olar. Çox pul görsələr, yollarını aza bilərlər. Amma karyerasının son illərini yaşayan biri bunu düzgün qəbul etməyəcək. Onlar gələn il idmanı atsalar, mükafatdan kənarda qalacaqlar? Həmin atlet gələn il dünya çempionu olsa, eyni sistem tətbiq edilsə, necə olacaq? Bütün bunları nəzərə almaq lazım idi”.

Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti də olan 30 yaşlı idmançı bu növün 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına salınma ehtimalının böyük olduğunu söyləyib:

“Həmin vaxtadək döyüşmək niyyətindəyəm və sonra karyeramı bitirməyi planlaşdıracağam. Ödənişin belə olması mənə təsir etməyəcək”.

Aslanov İslamiadada iki kikboksçunun mübarizəyə yarımfinal mərhələsindən başladığını, həmin idmançılara böyük ehtimalla az mükafat veriləcəyini diqqətə çatdırıb.

O, legionerlərin şəxsi məşqçilərinə ödənişin edilməməsinin düzgün qərar olduğunu vurğulayıb:

“Onların yığma komandalara gəlməsinin qarşısını almaq üçün ilk növbədə bünövrəni gücləndirmək lazımdır. Gənclərə şans verməliyik ki, əcnəbi idmançılara ehtiyac olmasın. Xaricdən məşqçi və idmançı gətirməkdənsə, yerliləri yetişdirməliyik. Azərbaycanın yetəri qədər güclü idmançıları, oğlanları və qızları var. Legionerlərə ehtiyacımız belə, yoxdur. Bütün dünya Azərbaycan idmançılarından danışır. Legionerlərə ayrılan vəsait öz idmançılarımıza yönəldilməlidir və onlara yaxşı maaş verməliyik. Daha yaxşı çıxış etmələri və nəticə qazanmaları üçün də köməklik göstərməliyik. Legionerlər hazırda azərbaycanlılardan daha çox məvacib alırlar. Nəyə görə mən iki min manat, o isə altı-yeddi min manat maaş almalıdır? Bu məbləği öz idmançılarımız alsınlar və daha yaxşı çıxış etsinlər”.

Federasiya rəsmisi bəzi idmançıların maddi sıxıntılarının olduğunu gizlətməyib:

“Elə idmançılarımız var ki, İslamiadada yer tutublar və kasıb vəziyyətdə yaşayırlar. Bizim Gəncədən, Qubadan gəlib Bakıda kirayədə yaşayan kikboksçularımız, hətta valideyni xəstə olanlar belə, var. Həmin idmançı gözünü İslamiadadakı yarışın mükafatına dikib. Bu isə onlara sərf etmir. Məndə problem yoxdur, amma tək mənimlə iş bitmir. Mənə mükafat hissə-hissə verilə bilər. Evi olmayan, ehtiyacı olan idmançıları da düşünmək lazımdır”.

Yunan-Roma güləşi üzrə millinin məşqçisi Həsən Əliyev qərarların içində çox yaxşı məqamların olduğunu söyləyib:

“Komandanın daxilində olan, amma kənarda qalan mütəxəssislər, federasiya işçiləri, həkim, fizioterapevtlərin də işinin qiymətləndirilməsi çox gözəl fikirdir. İllərlə kənarda qalmış şəxslərin qiymətləndirilməsi isə çox müsbət haldır. Ən vacib məsələ legioner idmançıların xaricdə oturan şəxsi məşqçilərinin lazımsız yerə pul almaları idi ki, onu da aradan qaldırdılar. Artıq idmançıların nailiyyətlərindən sui-istifadə hallarının qarşısı alınır.

Daha əvvəl də bu barədə fikir bildirmək istəyirdim. Hətta legionerlər idmanı bitirib getdikdən sonra prezident təqaüdü və s. mükafatları alırlar. Bizdən hər ay maaş alsalar da, başqa ölkələrə xidmət edirdilər. Bu, yolverilməzdir. Neçə idmançımız kənarda qalıb, təqaüd ala bilmirlər. Amma lazımsız şəxslər idmandan uzaqlaşıb getsələr belə, pul alırlar”.

Dünya və Avropa çempionu idmançıların narahatlığına səbəb olan məsələ barədə də danışıb:

“Bu məbləğin üç il ərzində ödənilməsi yeniyetmə və gənclərə şamil edilsəydi, daha yaxşı olardı. Məsələn, Eldəniz Əzizli, Hacı Əliyev, Rafiq Hüseynov, Taleh Məmmədov kimi nəticə verən güləşçilərimiz bu pulları kifayət qədər qazanıblar. Daha əvvəl bu mükafatları alıb artıq nəsə etməyiblərsə, bundan sonra da etməyəcəklər. Belə idmançılara pulu versən, çıxıb gedən deyillər. Qarşıda olimpiada var və həmin yarışa hazırlaşırlar. Bu məbləğ onların həyatında böyük rol oynamır. Sadəcə, bu, idmançılara mənfi təsir edə bilər. Onlar həmin məbləğlə hansısa dərdlərinə dərman etmək istəyirlər. Məsələn, Rafiq Hüseynovun çiynində zədə var. O, sabah idmanla vidalaşa bilər. Əməliyyat olunmalıdır, amma biz qoymuruq və özü də istəmir. Müalicə ilə yarışlarda iştirak edir. Belə qərarların yalnız yeniyetmə və gənclərə şamil edilməsinə ikiəlli razı olardım. Mən güləşən vaxtı da deyirdim ki, həmin vaxt onlara ödəniş edilməsin, məbləğ bazada saxlanılsın və daha sonra böyüklərin yaş qrupuna gələndə verilsin. Məncə, qərarda böyük idmançılar üçün istisnalar olmalıdır”.

Konyadakı yarışda bürünc medal qazanan 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev isə İslamiadaya gedəndə mükafat haqqında düşünmədiklərini deyib:

“Sözün düzü, hətta yer tutacağımızı belə fikirləşmirdik. Sadəcə, məqsəd orada layiqli çıxış etmək idi. Hansı heyətlə getdiyimiz və çətinliklərlə üzləşməyimiz hamıya bəllidir. İlk gündən uşaqlara deyirdim ki, mükafat və digər məsələlər haqqında düşünməməliyik, biz öz oyunumuzu göstərəndən sonra bu barədə fikirləşmək olar. Nazirliyin qərarına da hörmətlə yanaşırıq. Aydın məsələdir ki, o pul adi vətəndaşa da, idmançıya da, ümumiyyətlə, hamıya lazımdır. Amma yəqin ki, onlar da təhlil və analiz ediblər ki, bundan əvvəl yer tutan, çempion olan və ya gələcək vəd edən idmançılar sonra nəticə verməyiblər. Bütün bunları nəzərə aldıqdan sonra belə qərara gəliblər. Hər qərara da hörmətlə yanaşmaq lazımdır. Amma yenə təkrarlamaq istəyirəm. Biz yer tutmaq və mükafat qazanmaq barədə düşünmürdük. Qazanılan mükafat hər futbolçunun halal xoşu olsun. Hansı rəqiblərə qarşı necə oynadığımızı və nə qədər əziyyət çəkdiyimizi biz bilirik”.

Əliyev legioner idmançının şəxsi məşqçisinə mükafatın verilməməsinin doğru qərar olduğunu deyib:

“Bu, bizə aid deyil. Amma idman növündən asılı olmayaraq, hər kəs istəyər ki, mübarizə aparan yerli idmançı öz qanımızdan biri olsun. Onda qələbələr insana daha şirin və doğma olur. Qərar da ona yönəlib ki, məşqçilər sırf yerli idmançalara daha çox üstünlük versinlər və bunları üzə çıxarsınlar. Bu, çox düzgün qərardır. Biz də məşqçilər olaraq yerli kadrları yetişdirməliyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir