Cəmiyyət

Hansı ərazilərdən yeni tramvay yolları çəkilməlidir? – Memar AÇIQLADI + FOTO

Sharing is caring!

Bakının 2040-cı ilədək alacağı görkəm bəlli olub. Prezident İlham Əliyevin tapşırığına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanan Bakı şəhərinin Baş Planı layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib.

Layihə Bakının 213 min 500 hektarlıq bütün inzibati ərazisində şəhərin əsas inkişaf prioritetlərini, o cümlədən, güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhəri, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan davamlı şəhər mühitini, mədəni və tarixi-memarlıq irsinin qorunmasını, habelə postsənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatını özündə ehtiva edir. 

Sənəddə əks olunan məsələlərdən biri də paytaxtda 54 kilometrlik tramvay xəttinin çəkilməsidir. Məlumdur ki, 1924–2004-cü illər arasında Bakıda ictimai nəqliyyat növü kimi tramvaydan istifadə edilib. Həmin tramvay xətti ilk vaxtlar “Azneft” yolu ilə Dəmir Yolu Vağzalını birləşdirib, 1966-cı ildə isə tramvay yollarının uzunluğu artıq 102,5 kilometrə çatırmış. Lakin 1980-1990-cı illərdən tramvay xətlərinin qısaldılmasına başlanılıb. Belə ki, 1990-cı ildə uzunluğu 46,6 kilometr olan tramvay yolları 2003-cü ildə isə 22 kilometr olub. 80 il ərzində ümumilikdə yeddi tramvay marşrutu fəaliyyət göstərib. 2004-cu ildə isə “Xətai” metrostansiyasından “Montin bazarı”na qədər uzanan sonuncu tramvay xətti sökülüb. Əsas olaraq isə tramvay hərəkəti səbəbi ilə Mərkəzi Bankın yanında yerləşən göydələnin silkələnməsi göstərilib. Həmin dövrlərdə avtobuslarda və metroda gedişhaqqı indiki 10-20 qəpik arasında dəyişdiyi halda, tramvay üçün bu məbləğ beş qəpik təşkil edib (indiki məzənnə ilə). Buna baxmayaraq, tramvay xətlərinin sökülməsi elə də ciddi etirazla müşayiət edilməyib. 

2012-ci ildə isə tramvay xətlərinin bərpası gündəmə gətirilib. Hökumət rəsmi şəkildə “Ağ Şəhər” layihəsi reallaşdıqdan sonra tramvay xəttinin bərpa ediləcəyini açıqlayıb. Həmin dövrdən etibarən tramvay yollarının hansı ərazilərdən keçəcəyi vaxtaşırı müzakirə edilib. Tramvayın avtobusdan fərqli olaraq havanı çirkləndirmədiyini, həmçinin daha çox insan tutumlu olduğunu nəzərə alsaq, yerüstü ictimai nəqliyyat növü kimi ən əlverişli daşıma vasitəsi olduğunu deyə bilərik.  

Bəs görəsən, yeni xətlər çəkilərkən nələrə diqqət edilməlidir?

 Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü, memarlıq üzrə elmlər doktoru Elçin Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, şəhərin Baş Planı onun inkişafının istiqamətini göstərən əsas sənəddir:

“Orada kommunikasiya, kanalizasiya, elektrik xətləri, bir sözlə, hər şey nəzərə alınır. Bu nöqteyi-nəzərdən bugünkü transport məsələsi diqqətə çarpır. Hazırda tramvay yolları olduqca lazımlıdır. O vaxt tramvay xətlərinin ləğv edilməsinə çox təəssüf edirəm. Ancaq bərpasını bilmək gözəldir. Hesab edirəm ki, yeni tramvay xətti yolların indiki vəziyyətini nəzərə alaraq salınmalıdır. Ona baxılmadan tramvayın çəkilməsi kollapsa gətirib çıxarar. Hər şey bir-birinə qarışar. Məsələn, o vaxt Hüseyn Cavid küçəsindən tramvay keçirdi. Ancaq indi həmin yerdən tramvay xətti çəkmək səhv qərar olar. Çünki həmin dövrdə o ərazidən saatda 100 maşın keçirdisə, indi 10 min maşın keçir. Yəni biz orada tramvayı bərpa etsək, qarışıqlıq olacaq”.

Memar diqqətə çatdırıb ki, tramvayı bərpa etmək üçün Bakının transport xəritəsinə yenidən baxılmalıdır:

“Əgər sabah tramvayın bərpası üçün imkan varsa, biz bunu etməməliyik, ən azı 4-5 il gözləməliyik: yol infrastrukurunu nəzərdən keçirməliyik, şəhərdə buna hazırlıq işləri aparılmalıdır, fəsadlar aradan qaldırılmalı, kənar yollar düzəldilməlidir, ondan sonra tramvay xətti salına bilər. Harada tramvay yolu olacaqsa, o yol mütləq genişləndirilməlidir. Ona görə də iki günün içində tramvayı bərpa etmək olmaz”. 

Həmsöhbətimiz hesab edir ki, tramvay “İçərişəhər” ətrafında, şəhərin mərkəzində olmalıdır:

“Məsələn, şəhərin mərkəzindən “Ağ Şəhər”ə, “Montin” ərazisinə tramvayla getmək olar. Ümumiyyətlə, ilkin olaraq iki-üç əsas turistik marşrut olmalıdır, sonra isə yavaş-yavaş tramvayı şəhərin digər hissələrinə yaymaq olar. Bizdə təəssüf ki, bütün əsas muzeylər şəhərin mərkəzindəydi, amma indi belə konsepsiya qəbul olunub ki, muzeylər şəhərin ətrafında açılacaq. Bu isə turist axınını şəhərin mərkəzində azaldacaq. Nəyə görə Bakıdan Balaxanıya bir tramvay yolu açılmasın? Bu, həmin istiqamətdə inkişafa yol açar. Tramvay hansı yollarla Balaxanıya gedib çatacaqsa, həmin istiqamət faktiki olaraq inkişaf edəcək. Ona görə də fikrimcə, birinci Bakı-Balaxanı tramvay yolu çəkilməlidir. Bu çox gözəl olar. İndi Balaxanıya getmək üçün istifadə edilən yol pis vəziyyətdədir, əgər tramvay xəttinin çəkilməsi nəzərdə tutulsa, həmin yol da tam təmir olunar və genişlənər. Fəsadlar aradan qalxar, ətrafda yeni binalar tikilər. Dediyim kimi, yol infrastrukturu mütləq tramvay xəttinə uyğunlaşdırılmalıdır, yeni yollar açılmalıdır. İndiki yollara tramvay xətti çəkmək kollaps yaradacaq”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir