Cəmiyyət

Bakıda 9 aylıq körpə 20 gündən sonra komadan ayıldı – FOTO

Sharing is caring!

Yaşadıqları binanın ikinci mərtəbəsindən yıxılan, 20 gün komada qalan 9 aylıq körpənin həyatı xilas edilib. 

Oxu.Az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat paylaşıb.

O, bildirib ki, hadisə baş verən gün Kliniki Tibbi Mərkəzə gətirilən körpə olduqca ağır vəziyyətdə olub. İlkin müayinə zamanı məlum olub ki, onun beyin ocaqlarında ciddi dəyişiklik yaranıb, eyni zamanda ağır kəllə-beyin travması alıb. 

Mərkəzin Reanimasiya şöbəsinin müdiri Ülviyyə Qurbanovanın sözlərinə görə, körpə 20 gün süni tənəffüs aparatında qalıb və yalnız bu şəkildə müvafiq müalicələrinin aparılması mümkün olub. 

“Körpə 20 sentyabr ağır kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Mədəciklərdə qansızma, aşağı saturasiya, alın-təpə payında böyük hemoridik əzilmələr, tənəffüsdə pisləşmə olduğu üçün intubasiya edilərək, süni tənəffüs aparatına qoşulub. Daha sonra portativ süni tənəffüs aparatı ilə KT müayinəsi edildikdən sonra xəstənin cərrahi əməliyyata ehtiyacı olmadığı müəyyənləşib. Amma buna baxmayaraq, ağır kəllə-beyin travması və əzilmələr müşahidə edildi. 20 gündən sonra tənəffüsdə sabitləşmə və huşunda yaxşılaşma qeydə alınmağa başladı. Bu səbəbdən xəstə süni tənəffüs aparatından ayrıldı və ekstubasiya edildi. Artıq 10 gündür ki, xəstə spontan tənəffüs alır, analiz nəticələri müsbətdir. Hazırda nevropatoloq müayinəsi davam etdirilir”.

Körpənin anası Güllü Mirzəyevanın dediklərinə görə, övladının həyatda qalması bir möcüzədir. 

“Binamızın 2-ci mərtəbəsindən qızım aşağı yıxıldı. Körpəni dərhal özəl xəstəxanalardan birinə apardıq. Bizi qəbul etmədilər. Daha sonra Kliniki Tibbi Mərkəzə çatdırdıq. Çox şükür ki, bura gəlmişik. Buradakı həkimlərin sayəsində uşağımız yaşayır. Onlara çox minnətdarıq. Bir aydan çoxdur ki, biz sanki bu xəstəxananın həyətində yaşayırdıq. Şükür bu günə…”. 

Məlumat üçün bildirək ki, körpənin bütün müalicə xərcləri icbari tibbi sığorta ilə qarşılanıb. Artıq vəziyyəti müəyyən qədər yaxşılaşan körpənin nevroloji sahə üzrə də müalicəsinin tamamlanması məqsədi ilə ötən gün Uşaq Nevroloji Xəstəxanasına köçürülməsinə qərar verilib.  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir