Cəmiyyət

Yenilikçi dövlət başçısı, qalib Ali Baş Komandan

Sharing is caring!

         2003-cü ilin oktyabr  günləri tarixin yaddaşında bizim üçün lap dünənki gün qədər yaxındır. Azərbaycan xalqı o zaman əmin idi ki, prezident seçilmək üçün irəli sürülən namizədlər içərisində məhz İlham Əliyev ulu öndər Heydər Əliyevin qoyduğu yolla gedəcək, onun müqəddəs işini uğurla davam etdirəcək, Azərbaycanı tutduğu yolla daha da irəli aparacaq.

Xalqımız yanılmadı. 2003-cü il seçkilərindən keçən zaman kəsiyi ərzində Azərbaycan Prezidenti nəinki öz ölkəsini sürətlə və iri addımlarla irəli apardı, eyni zamanda onun özü də bu mürəkkəb, keşməkeşli dünyanın ən seçilib-sayılan, sözü keçən görkəmli dövlət xadimi kimi böyük nüfuz qazandı.

          Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu qalibiyyət Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, ötən 19 ildə Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı.

       Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı;

        Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir;

       Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlərin təsis olunması Qələbənin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.

        İlham Əliyev böyük qəhrəmanlıq nümayiş etdirərək ulu öndərin  vəsiyyətini yerinə yetirdi, düşmənə məğlubiyyət aktına imza atdırdı. Bu imza dünya ailəsində atılmış ən möhtəşəm imzadır, deməli, Azərbaycan bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səyləri sayəsində daim sayılıb-seçilən ölkələrdən biri kimi planetin üzərində söz sahibi olacaq, daha da şöhrətlənəcək.

Lətifə Heydərova Təqaüdçü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir