Cəmiyyət

“Belə tezliklə uğur qazanacağı ağlıma gəlməzdi” – ABŞ-da mükafat alan filmin aktyoru ilə MÜSAHİBƏ + FOTO

Sharing is caring!

“Maddi dəstəksiz çəkilən filmin dünya arenasına yol alması böyük uğurdur. Təəssüf ki, daha çox yüngül filmlərə pul ayrılır”.

Bunu Oxu.Az-a ABŞ-da 19-cu “Accolade Qlobal Film” yarışında “Ən yaxşı bədii film” kateqoriyası üzrə “Accolade heykəlciyi” adlandırılan qızıl mükafata layiq görülən “Xatirə və Xəta” filmində rol almış aktyor Əjdər Zeynalov deyib.

Müsahibəni təqdim edirik:

– Əjdər müəllim, əsas rollardan birini oynadığınız film ABŞ-da qızıl priz mükafatına layiq görülüb. Bununla bağlı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

– O hissləri ifadə etmək çətindir. Onu necə təsvir etmək lazım olduğunu, düzü, bilmirəm. Ən çox qürur hissi duydum. Azərbaycan filminin adı artıq dünya arenasında getdikcə daha çox səslənməyə başlayır. Bu məni daha çox qürurlandırdı, sevindirdi.

– “Xatirə və Xəta” bədii filminin heç bir maddi dəstək almadan ərsəyə gəldiyi bildirilib. Bu doğrudurmu?

– Cəlaləddin müəllim özü çox gözəl yazardır. Baxmayaraq ki, əvvəl polis orqanlarında fəaliyyət göstərib, indi ehtiyatdadır, bizim incəsənətimizə, kinomuza çox böyük həvəsi var. Artıq dörd və ya beşinci filmidir ki, öz hesabına, heç bir yerdən dəstək almadan ərsəyə gətirir. Özü məşğul olur. Belə insanların olması məndə başqa bir təəssürat yaradır.

Şirkətlər var ki, bir gecəyə 100 000 manat pul xərcləyir, qonaqlıq edirlər. Lakin belə filmlərə pul ayırmırlar. Yüngül filmlərə pul ayırırlar, belələrinə isə yox. Səbəbi bəlli deyil. 

– Film koronavirusla mübarizəyə həsr olunub. Həkimlər, polislər və jurnalistlərdən bəhs edilir. Müxtəlif insan taleləri təsvir olunub. Filmin uğur qazanmasına bu səbəb ola bilərmi?

– Düzdür, mövzu koronavirusla bağlıdır. Ancaq filmdə fərqli insan həyatları var. Avtomobildə kəmərin bağlanmamasının törətdiyi fəsad belə, təsvir olunur. Kəməri bağlamaqla həkimin oğlu ölümdən xilas olur. Bu da cəmiyyətə bir mesajdır ki, qanunlarımıza hər kəs əməl etməli, hörmətlə yanaşmalıdır. “Mən taxmıram” deməklə deyil. Qəza zamanı kəmər insan həyatını xilas edir.

Filmin uğur qazanmasına səbəb onun ssenarisidir. Ssenari gözəl olsa və yaxşı çəkilsə, o daha baxımlı olacaq. Əsas məsələ insandır, cəmiyyətə mesajdır. Aktyorların da böyük rolu var. Peşəkarlıq önəmlidir.

– Ümumiyyətlə, filmin dünya səviyyəsinə yüksəlməsi təəccüb doğurur. Bu sizin üçün gözlənilən idimi?

– Açığı, bu qədər tezliklə olacağını gözləmirdim. Lakin bilirəm ki, Cəlaləddin müəllim həmişə əlindən gələni edib. Son qəpiyini belə, kinoya qoyub. Filmi tək çəkməklə iş düzəlmir. O səviyyəyə, dünya standartlarına hazırlamaq lazımdır.

– Siz çox filmlərdə rol almısınız. Bu filmin sizin həyatınızda hansısa bir özəlliyi oldumu?

–  Mən aktyoram. Hara dəvət alıramsa, iştirak etməyə çalışıram. Mənim borcum peşəkar aktyor kimi onu yüksək səviyyədə oynamaqdır. Qalan məsələlər filmin mövzu və ssenarisindən asılıdır. Hər kəs öz vəzifəsini yerinə yetirməlidir. Biz öz işimizi gördük. Getdik, çəkildik.

Film prosesinin əvvəli və axırı bilinmir. Ssenarini oxuyursan. Amma necə olacağını düşünə bilmirsən. Çəkiliş prosesi bir qədər fərqli olur. Qısa-qısa çəkilir. Sonda film alınır. Bunlar hamısı peşəkar komandadan asılıdır. Sonda bəzən insan təəccüblənə bilir. Ona qədər necə olacağını düşünürsən. Belə xoş xəbərləri eşidəndə başa düşürsən ki, əziyyətimiz boşuna deyilmiş.

– Əjdər müəllim, filmdə hansı obrazı canlandırırdınız? Çətinlik çəkdiyiniz məqamlar oldu?

– Filmdə müxbir rolunu oynayırdım. Müxbir həkimdən oğlu və koronavirusla bağlı müsahibə alır. Mənim çətinlik çəkdiyim məqamlar heç vaxt olmayıb. Artıq 40 ildir ki, bu sənətin içindəyəm. Özünü peşəkar sayan aktyor gərək hər bir rolu oynaya bilsinn. Əksinə, çətinlik yox, sevinc hissi var idi. Daha bir obraza imza atdığım üçün sevinirdim.

– Film neçə müddət ərzində ərsəyə gəldi?

– Ötən il ərsəyə gəldi. Bir ildən çoxdur. Filmin üzərində çox dayanıldı. Dəstək olsa, bir və ya iki aya bitə bilər. Öz hesabına çəkiləndə isə pul olandan-olana çəkilirdi. Film ötən ilin payızında bitmişdi. Bitəndən sonra digər məqamlar var idi. Daha sonra onun üzərində işlənildi. Apreldə artıq bitmişdi. Ondan sonra mükafatlara layiq görülüb. Əsas odur ki, bu, Azərbaycan kinosunun uğurudur.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir