Siyasət

“Vaşinqtonun arzuolunmaz presedentə yol açan mövqeyi qəbuledilməzdir” – RƏY + FOTO

Sharing is caring!


“Vaşinqtonun beynəlxalq hüquqa hörmətsizliyi təşviq edərək arzuolunmaz presedentə yol açan mövqeyi qəbuledilməzdir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, ötən gün ermənilərin Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna girişi bağlamaları beynəlxalq hüquqa zidd formada diplomatik missiyanın rahat fəaliyyətinə müdaxilə və Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası, Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası, BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il Konvensiyasının aşkar və kobud pozuntusudur:

“Adıçəkilən sənədlər müvafiq olaraq beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə, onun xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə, onların sərbəst hərəkətinə hər hansı müdaxilə və hücumu yolverilməz hesab edir. Beynəlxalq müqavilələrdə təsbit olunan bu immunitet və imtiyazlara, o cümlədən təhlükəsizliyə diplomatik missiyanın ərazisində yerləşdiyi dövlət təminat verməlidir. 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsində açıq mətnlə qeyd edilir ki, diplomatik nümayəndəliklərin binalarını istənilən müdaxilədən, zərər yetirilməsindən qorumaq, nümayəndəliyin rahatlığının hər cür pozulması hallarının qarşısını almaq üçün qəbul edən dövlət bütün müvafiq tədbirləri görməlidir. Amma Los-Ancelesdəki erməni icması adı altında əksəriyyəti ASALA və digər erməni terror təşkilatlarının nümayəndələrindən ibarət olan və bunu geyim və şüarları ilə gizlətməyən aksiya iştirakçılarının beynəlxalq hüququ kobud formada pozması fonunda ABŞ polisi, sadəcə, seyrçi qalmağa üstünlük verdi”.

Deputat xatırladıb ki, ermənilərin açıq terror təhdidləri və çağırışlarına ABŞ “sərbəst toplaşma və ifadə azadlığı” zəminində yanaşdı: “O ABŞ ki hər il ifadə və sərbəst toplaşmaq azadlığından istifadə etmək istəyən 1 000-1 200 amerikalını sorğusuz-sualsız güllələyir. Yaxud onlarla siyasətçi və jurnalisti həbsxanada çürüdən Paşinyanı “Demokratiya sammiti”nə dəvət edir”.

B.Məhərrəmov bildirib ki, Vaşinqtonun beynəlxalq hüquqa hörmətsizliyi təşviq edərək arzuolunmaz presedentə yol açan mövqeyi qəbuledilməzdir:

“Lakin görünən odur ki, ABŞ bu təhlükəli davranışla artıq effektiv nəticə verməyən Qarabağda “humanitar fəlakət” şousuna diqqəti artırmaq istəyir. Vaxtaşırı Dövlət Departamentindən gələn, dövlətlərin ərazi bütövlüyü və suverenlik haqlarına etinasız yanaşan tezislərlə səhifələrində Azərbaycana palaz-palaz yer ayıran, bizə insan haqlarından mühazirə oxuyan “müstəqil Amerika mediası” isə Los-Ancelesdəki beynəlxalq hüququn təhlükəli formada pozuntusunu görməzdən gəlir. İslam İnqilabından sonra Tehrandakı ABŞ səfirliyinə hücumu pisləməkdən, haqqında film çəkdirməkdən, kitablar yazdırmaqdan usanmayan ABŞ ötən gün Los-Ancelesdəki konsulluğumuzun normal fəaliyyətinin pozulmasına şərait yaratmaqla, əslində, inqilab sonrası İranından mahiyyətcə fərqlənmədiyini göstərir”.

“Əlbəttə, biz ABŞ-nin daxili məsələlərinə qarışmaq niyyətində deyilik, amma beynəlxalq hüququn tamhüquqlu subyekti kimi, hüquq-mühafizə sisteminin, daxili nəzarət şəbəkəsinin güclü olduğu, az qala hər bir fərdin nəzarət altında olduğu bir ölkə olan ABŞ-dən beynəlxalq öhdəliklərinə hörmətlə yanaşmağı tələb edir, baş konsulluğumuz ətrafında çirkin olaylarla bağlı ən qısa zamanda qəti addımlar atmağa çağırırıq”, – Milli Məclisin üzvü vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir