AKTUAL

Hakimiyyətin önə keçdiyi “Feysbuk”, uduzduğu “Tik-Tok” – Düzgün aparılmayan ideoloji işin acı fəsadları…

Sharing is caring!

Etiraf edək ki, Azərbaycan əhalisinin və xaricdə yaşayan sayı milyonlarla ölçülən soydaşlarımızın daha çox ətrafında cəmləşdiyi və informasiya aldığı mənbələr hazırda fəaliyyət göstərən televiziyalar və saytlar deyil.

Bu, birmənalıdır. Belə rəqabətdə uduzan KİV-lərimizin sayəsində, vətəndaşlarımız və soydaşlarımız kütləvi şəkildə radikal dini liderlər və kriminal avtoritetlər ətrafında cəmləşir və onlara olan açıq rəğbətlərini çəkinmədən ifadə edirlər.

Bəllidir ki, Azərbaycan dövləti KİV-lər və sosial şəbəkələrlə iş üçün stimullaşdırıcı tədbirlər həyata keçirir. Hətta bu məqsədlə müxtəlif layihələr adı ilə külli miqdarda vəsaitlər də ayırır.

Ancaq bu vəsaitlərin müqabilində aparılan təbliğat və təşviqat işi ayrılan dövlət vəsaitlərinə adekvat deyil, daha çox kimlərinsə pul qazanması üçün formalizm mahiyyətini daşıyır. Hazırda Azərbaycan sosial şəbəkə seqmentində əsasən 3 təbəqə cəmləşib və bunu aşağıdakı kimi səciyyələndirmək olar:

  1. “Feysbuk”dan daha çox siyasi cameə istifadə edir.
  2. “İnstaqram”dan reklam məqsədi ilə biznes subyektləri yararlanır.
  3. “Tik-Tok”da isə ölkənin əsas kütləsi cəmləşib. Loru dillə ifadə etsək “qara kütlə”.

İllər əvvəl Azərbaycan hakimiyyətində mediaya cavadeh olan şəxslər “Feysbuk”a da barmaqarası baxırdı. Bu sosial şəbəkə alətindən istifadə edənləri avara, qaraguruh adlandırırdı. Nəticədə bu şəbəkədə müxalif fikir , bu yöndə olan təbliğat və əsasən də xaricdən idarə olunan səhifələr iqtidara meydan oxumağa başladı. Bunu anlayan Azərbaycan hakimiyyəti gec də olsa “Feysbuk”la ciddi işləməyə başladı.

Böyük səhifələr və qrupların satın alınaraq, kursunun dəyişməsinə külli miqdarda vəsait xərcləndi. Eyni zamanda, hakimiyyət nəzarətində olan bütün resurslara , QHT-lərə, gənclər təşkilatlarına “Feysbuk”da fəal olmaqla bağlı göstəriş verildi.

Bu metod izləmə sayında müxalif mənbələri üstələyə bilməsələ də, xəbər bolluğunun yaradılması baxımından olduqca böyük önəm kəsb etməyə başladı. Yəni artıq “Feysbuk”u açan kimi sənin qabağına yalnız xaricdən yayımlanan xəbər səhifələri çıxmır. Çünki xəbər bolluğu şəraitində suni alqoritimlər onları uduzdurur, arxa plana keçirir.

Hazırda anoloji vəziyyət “Tik-Tok”da hökm sürür. 4 milyondan çox əhalinin istifadə etdiyi bu sosial şəbəkə ilə hakimiyyətin media və ideoloji siyasətinə cavabdeh olan şəxsləri demək olar ki, ciddi işləmir. Adını da belə qoyurlar ki, ora əyləncə və əxlaqsızlığın hökm sürdüyü, qeyri-ciddi bir platformadı. Bu adla da ölkədə ən çox izləyicisi olan platformanı taleyin ümidinə buraxıblar.

Nəticədə nəyin şahidi oluruq? Hazırda “Tik-Tok”un Azərbaycan seqmentində üzdəniraq həyatda tərzi keçirən adamlar əsl fenomenə çevriliblər. Onların hər birinin canlı yayımında 10 minlərlə adam olur. Bu, artıq müxalifət-İqtidar mübarizəsi deyil. Əxlaqımıza, mənəviyyatımıza olan təcavüzdür. Hünərin var onların hansınasa bir söz de.

Hər tərəfdən şantaj və təzyiqlərə, hətta məhkəmə çəkişmələrinə məruz qalassan. Təbiidir ki, Azərbaycan dövləti bu məsələni inzibati müdaxilələrlə həll edə bilməz. Geniş auditoroyanın toplaşdığı sosial alətlərlə düzgün iş prinsipinin qurulması ilə ciddi dönüşlərə nail olmaq mümkündür.

Bunun üçün də, bloggerlik, sosial şəbəkələrdə iş adı ilə ayrılan vəsaitlərdən hansı nəticələrin əldə olunması ilə ciddi maraqlanıb, hesabat tələb olunmalıdır. Ölkənin xeyiri üçün sosial şəbəkələrdə təmənnasız ciddi iş aparan peşəkarlar “qara siyahı”lardan çıxarılmalı, onların da fəaliyyətinə dəstək verilməlidir…

Məhəmmədəli Qəribli

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir