Xarici siyasət

Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı

Sharing is caring!

“Cənub Qaz Dəhlizi”nin əsas məqsədi “Şahdəniz” qaz-kondensat yatağının ikinci mərhələsi zamanı hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Bu da Azərbaycanın Avropanın enerji təminatında artan rolunu açıq şəkildə ortaya qoyur. İqtisadi inkişafını durmadan şaxələndirərək genişləndirən Azərbaycan eyni zamanda Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə deyil, alternativ enerji mənbələri hesabına da təmin etməsi işində əhəmiyyətli addım atıb. Beynəlxalq maliyyə qurumlarının da Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə marağı böyükdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Biz bu layihəyə başlayanda bunun necə olacağına dair çoxlu müxtəlif ideyalar var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq.

Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir. Çünki bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var”.

COP29-un bu il Azərbaycanda keçirilməsi respublikamızın günbəgün artan nüfuzundan və Azərbaycana olan böyük inam və etibardan irəli gəlir. COP29-un Azərbaycanda keçirilməsi respublikamız üçün eyni zamanda böyük məsuliyyətdir və bu il demək olar ki, çox həlledici ildir. Bu, bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir.

Azərbaycan qazıntı yanacağı ilə zəngindir. Qazıntı yanacağı ilə zəngin olan və bu yanacaqdan maksimum istifadə edən ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır.

Onu da qeyd etməliyik ki, Azərbaycan neft-qaz satışından əldə etdiyi gəlirlərdən bərpaolunan enerjinin inkişafına sərmayə yatırmaq üçün istifadə edir.

Bütün dünyada bildiyimiz kimi iqlim dəyişikliyi gedir. Bu, Azərbaycandan da yan keçməyib. Xəzər dənizi getdikcə dayazlaşır, suyun səviyyəsi azalır, sanki dəniz geri çəkilir, çaylarda su azalır, bəzi çaylar isə demək olar ki, quruyur. Yayda, isti havalarda belə başı qarlı olan dağlarda qar azalır. Əgər tezliklə bərpaolunan enerjiyə keçilməsə, bu işlə ciddi məşğul olunmasa ağır fəsadlar olar, həm də su qıtlığı yarana bilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq.

Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq.”

Neft, qaz Azərbaycanın sahib olduğu sərvətlərdir və respublikamızda bu sərvətdən indiyədək səmərəli istifadə olundu. Bu sərvətin ədalətli paylanması da təmin edildi. Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə endi. İnfrastruktur inkişaf etdi, insanların həyat səviyyəsi yüksəldi.

“Euronews” televiziyasına verdiyi müsahibəsinin sonunda dövlət başçısı qeyd etdi ki, “Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir.

Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək.”

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir