Kriminal

Rəfail Sadıxovun “obyektivliyi” – hakimin jurnalistə qarşı qərəzi

Sharing is caring!


Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə təkrar müraciət edən vətəndaş Cəlal Cavanşir oğlu Qurbanov “Report İnformasiya Agentliyi” MMC-nin reportyoru Orxan Rasif oğlu Hacıyevi bir daha şikayət edib.

Şikayətində onun Cinayət Məcəlləsinin (CM) 147.1-ci maddəsi (böhtan) ilə məsuliyyətə cəlb edilməsini xahiş edib. İddia edib ki, guya reportyor 2022-ci il aprelin 8-də çalışdığı mətbu orqanda “Bakıda nəğməkar-şair obyekt sahibini döyüb” başlığı altında həqiqətə uyğun olmayan məlumat dərc edib. İddiaçı göstərib ki, guya bu xəbər onun işgüzar nüfuzunu ləkələyib.

Qeyd edək ki, Cəlal Qurbanov bundan əvvəl də eyni mövzuda məhkəməyə müraciət edib və hakim də 2024-cü ilin yanvarında şikayətin icraata qəbul edilməsindən imtina qərarı çıxarıb. Məhkəmə müəyyən edib ki, şikayət verilmiş əməldə cinayət əlamətləri yoxdur.

Maraqlıdır ki, eyni şikayət üzrə əvvəl bəraətverici əsaslarla qərar qəbul edildiyi halda, hakim ikinci şikayət üzrə hazırlıq iclası keçirib, cavabdeh şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edib. Halbuki, bəllidir ki, CPM-in 39.1.6-cı maddəsinə əsasən şəxs barəsində eyni şikayət üzrə məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz. CPM-in 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir.

Buna baxmayaraq, hakim özü tərəfindən qəbul edilmiş birinci qərarı ləğv etmədiyi halda, qanunsuz və əsassız məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edib.

Digər tərəfdən, şikayətçinin vəkili olan Dədəkişi Nəriman oğlu Vəlizadə səlahiyyəti olmadan işə buraxılıb. Belə ki, məlum olduğu kimi, vəkilin səlahiyyəti orderlə təsdiq edilir və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 27.09.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş ”Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən vəkil orderi yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi üçün verilən sənəddir.

Vəkilin təqdim etdiyi 0372009 nömrəli order artıq 1(011)-140/2024 nömrəli iş üzrə istifadə edilib. Bu isə ona işarə edir ki, o, hazırkı iş üzrə səlahiyyətsizdir və səlahiyyəti olmayan vəkil olaraq cinayət prosesinə qoşulub. Buna baxmayaraq, hakim həmin vəkili prosesdən kənarlaşdırmayıb.

Əldə edilən məlumata əsasən Dədəkişi Nəriman oğlu Vəlizadə əvvəllər Bakı Şəhəri Xətai Rayon Məhkəməsində çalışıb. Görünür, hakim həmin vəkillə olan əvvəlki iş münasibətlərinə görə ona isti münasibət bəsləyir və onun hər bir qanunsuz hərəkətlərinə göz yumur.

Göstərilənlər hakimin məhkəmə baxışının təyin edilməsi haqqında qərardan şikayət verilməsinin mümkünsüzlüyünə güvənərək baxışın təyin edilməsi səlahiyyətindən sui-istifadə etdiyindən xəbər verir. Bu da öz növbəsində hakimin aşkar şəkildə qanun pozmasına, bizə bəlli olmayan hansısa gizli məqsəddən irəli gələrək şikayətçi tərəfə meylli olmasına və nəyin bahasına olursa-olsun məhkəmə baxışının təyin edilməsində maraqlı olmasına işarə edir.

Məhkəmə baxışının təyin edilməsi isə O.Hacıyevə psixoloji təzyiq göstərməyə xidmət edir. Həmin hərəkətlər isə reportyorun şübhə altına alınması ilə nəticələnib. Bütün bu addımlar hakimin süni olaraq və hüquqi normalarla manipulyasiya edərək mətbuatı susdurmasına yönəldiyini göstərir. Hakim işə qərəzsiz və ədalətlə baxmalıdır, qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməz. Hakimin qanunsuz hərəkətlərinə qarşı etiraz aidiyyəti qurumlara göndərilib. Ümid edirik ki, Məhkəmə Hüquq Şurası hakim Rəfail Sadıxovun qanunsuz davranışına qarşı ciddi və kəsərli təsir tədbirləri görəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir