Təhsil

”Ətirli daşların sehrində yaradıcılıq”

Sharing is caring!

Elm və Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant müsabiqəsində “Ətirli daşların sehrində yaradıcılıq” layihəsi “Təhsilalanların yaradıcılıq, həyati, sosial bacarıq və dəyərlərinin inkişaf etdirilməsi” nominasiyası üzrə iştirak edərək qalib olmuşdur. Layihənin rəhbəri Mərkəzi Aran Regional Təhsil İdarəsi Ucar şəhər 1№li texniki və humanitar fənlər təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimi İsmayılzadə Aynurə Hökmüran qızıdır. Şagirdlərin istedadlarını və bacarıqlarını aşakaralyıb, nümayişi üçün şərait yaratmaq, onları qayğı ilə əhatə etmək lazımdır. Sağlam əqidənin formalaşması, güclü iradənin inkişafı, müsbət əxlaqi keyfiyyətlərə yiyələnmə və ümumiyyətlə sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxtdan da asılıdır. Şagirdlərin məktəb mühitində əldə etdikləri bilik, bacarıq və vərdişlər qədər dərsdənkənar fəaliyyətləri də onların hərtərəfli şəxsiyyət kimi formalaşmasının bir parçasıdır. “Ətirli daşların sehrində yaradıcılıq” layihəsinin məqsədi də yaradıcılıq dərnəyi quraraq şagirdləri sosiallaşdırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək və estetik zövqünü mənəvi fəaliyyətdə üzə çıxarmaq məqsədi ilə dəstək olmaqdır. Layihənin təqdimatı 17 oktyabr 2023-cü il tarixində keçirilmişdir. Təqdimat mərasimində Ucar Təhsil Sektorunun üzvləri, Ucar rayonunun bir sıra təhsil müəssisələrinin direktor və müəllimləri, valideynlər iştirak etmişdir. Layihə çərçivəsində Ucar şəhər 1№li texniki və humanitar fənlər təmayüllü məktəb-liseydə yaradıcılıq dərnəyi qurulmuş, həftədə 2 dəfə olmaqla hər biri 2 saat davam edən təlimlər təşkil edilmişdir. Təlimlər zamanı şagirdlərə ətirli daş tozunun məhlul halına salınması, müxtəlif formalı qəliblərə tökülərək şəkilləndirilməsi, rənglərin köməyi ilə canlılıq qatılması və müxtəlif dekorların hazırlanması texnologiyası öyrədilir. Təlimlər zamanı şagirdlər müxtəlif formalı çərçivələr, maqnit fiqurlar, kiçik heykəllər, yeni il dekorları və s. hazırlamışlar. Ən yaddaqalan işlərdən biri Ucar şəhidlərinin şəkillərinin çərçivəyə salınaraq dekorunun hazırlanması olmuşdur. Hal-hazırda təlimlər yekunlaşmaq üzrədir. Sonda hazırlanmış əl işlərinin sərgisi və satış yarmarkası təşkil ediləcək. Ucar şəhidlərinin dekorları isə şəhidlərin ailə üzvlərinə hədiyyə ediləcək. Şagirdlərin asudə vaxtlarının səmərəli təşkil edilərək, qabiliyyət və istedadlarının müəyyənləşdirilib düzgün istiqamətləndirildiyi təlimlər zamanı məktəblilər öz əlləri ilə yaratdıqları “ətirli daşların sehri”ndə daxili rahatlıq, ruhi sakitlik hiss edirlər. Bu həm də stress və depressiyadan, müxtəlif pis vərdişlərdən qorunmaq baxımından yaxşı imkandır. İnsan ruhən özünü xoşbəxt hiss edəndə onda həyat eşqi, yaşamaq həvəsi, nikbinlik daha da çoxalır. Belə şagirdlərin təhsilə olan maraqları da artmış olur. Çünki onlar daxili komfort hissi əldə edirlər.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir