Sosial

“Qanan da danışır, qanmayan da…“ – Rəşid Mahmudov

Sharing is caring!

Azərbaycanda artıq tibb işçiləri və 65 yaşdan yuxarı şəxslər peyvənd olunmağa başlayıb. Lakin bəzi şəxslər peyvəndin fəsadlara yol açacağını düşünərək onu vurdurmağa tərəddüd edir.

XəbərAl.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin dosenti, əməkdar müəllim Rəşid Mahmudov peyvənd vurdurmağın vacib olduğunu vurğulayıb:

“İnsanlar anlamırlar ki, peyvənd vurdurmayanda ölüm faizi çox olur. Çox xəstəliklərə qarşı peyvənd var, hamısında da effektivliyini görürük. Koronavirus peyvəndi də çox effekt verəcək, ölümün sayı azalacaq, xəstəlik ağır keçməyəcək. Hətta ola bilsin ki, şəxs heç virusa yoluxmayacaq. Amma peyvəndin 6 ay-1 il arası müddəti var, çox azdır.

Onun fəsadlarının ola biləcəyini düşünən şəxslərə demək istəyirəm ki, adicə penisillin, novakain, qlükoza vuranda reaksiya verib adam ölə bilər. Gərək, “prob” qoyulsun. Peyvənddə isə “prob” qoymurlar, sadəcə onu iki dəfə vururlar. Birincini çox az miqdarda olur, o elə “prob” kimi bir şeydir, 21 gün sonra isə digərini vururlar. İnsanlar düzgün başa düşsünlər, peyvənd mütləq vurdurulmalıdır. Hərə bir söz deyir. “Çip taxırlar” kimi cümlələr çox mənasızdır. Qanan da danışır, qanmayan da…”.

Həmsöhbətimiz virusla, peyvəndləmə prosesi ilə bağlı ancaq həkimlərin danışmalı olduğunu diqqətə çatdırıb:

“Bu sahənin öz mütəxəssisləri var, onlar danışmalıdır, amma ağızlarını yumublar. Heç kəs danışmır, danışan da şablon cümlələr deyir. Məsələ təfərrüatlı izah edilməlidir. Virus – o gözəgörünməz şey bu boyda bədənimə nə edə bilər?  Mən deyim. Gözəgörünməz dediyimiz şey toksin ifraz edir. O da zülal təbiətlidir. Həmin zülala qarşı da bədən özü antitoksin yaradır. Zəhəri antitoksin zərərsizləşdirir. Antitoksinin olması elə immunitet deməkdi. Adamı öldürən virusun toksinidir. Hazırda onu zərərsizləşdirən maddə-peyvənd yaradılıb. Peyvəndi az miqdarda vurdururuq, az miqdarda da antitoksin yaranır, yavaş-yavaş artır və insan xəstəlik keçirmir.

Elə xəstəlik var ki, ömründə bircə dəfə keçirirsən. Məsələn, qızılca xəstəliyi bu sıraya daxildir. Yoluxandna sonra ona qarşı yaranan antitoksin, yəni bədənimizin yaratdığı immun sistemi daha sonra heç vaxt qandan çıxmır. Ona görə də adam o xəstəliyə bircə dəfə yoluxur. Amma əgər sən yoluxmadan ona qarşı peyvənd etdirsən, heç vaxt yoluxmazsan. Ona görə də insanları düzgün başa salmaq lazımdır. Hər deyilənə fikir verməsinlər. Peyvənd vurdursunlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir