Siyasət

Bakıda liderlərin görüşü: Azərbaycan-Qazaxıstan münasibətlərinə baxış – ŞƏRH

Sharing is caring!

Qazaxıstanla Azərbaycan arasında əlaqələr dərinləşir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin avqustun 24-ü Azərbaycana səfəri də dərinləşən əlaqələrə yeni məzmun gətirmək məqsədi daşıyır.

Qeyd edək ki, Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar.

Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da qurulub. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından isə Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu fəaliyyət göstərir.

Xatırlatmaq yerinə düşər ki, iki ölkə arasında yaxın dostluq münasibətləri 2004-cü il martın 1-də Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci il mayın 24-də Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə daha da möhkəmləndirilib.

2006-cı ildə “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında neftin Qazaxıstan Respublikasından Xəzər dənizi və Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında” müqavilə imzalanıb.

Azərbaycanla Qazaxıstan BMT, ATƏT, Avroatlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər.

Prezident İlham Əliyev Qazaxıstana ilk rəsmi səfərini 2004-cü ildə gerçəkləşdirib. Səfər zamanı iqtisadi münasibətlər, xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan və Qazaxıstan arasında iqtisadiyyat sahəsində də əlaqələrin böyük tarixi var.

2021-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 330 milyon dollardan çox olub. 2022-ci ildə isə bu rəqəmin 500 milyon dollara çatdırılması nəzərdə tutulub.

Hazırda Azərbaycanda 165 Qazaxıstan şirkəti fəaliyyət göstərir. Qeyri-neft sektorunda Azərbaycandan Qazaxıstana indiyə qədər 204,3 milyon ABŞ dolları dəyərində sərmayə yatırılıb. Qazaxıstandan Azərbaycana isə bu sahə üzrə 98,8 milyon ABŞ dolları həcmində investisiya qoyulub.

İki ölkə nəqliyyat, enerji və digər layihələr vasitəsilə regional əməkdaşlığı möhkəmləndirmək üçün çox işlər görürlər.

Beynəlxalq Transxəzər nəqliyyat marşrutu çərçivəsində əməkdaşlıq, ölkələrimizin əlverişli tranzit potensialı və logistika imkanları beynəlxalq yükdaşımalarda onların rolunun artmasına gətirir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan investisiyası ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin artmasında əhəmiyyətli rol oynayır. 26 may 2021-ci ildə Nur-Sultanda Azərbaycan Ticarət Evinin açılışı baş tutub.  

Azərbaycan və Qazaxıstan humanitar sahədə geniş əməkdaşlıq əlaqələri qurublar. Qazaxıstanda hazırda beş Azərbaycan tarixinin və mədəniyyətinin öyrənilməsi mərkəzi fəaliyyət göstərir.

Azərbaycanla Qazaxıstan Türk Dövlətləri Təşkilatında da müştərək maraqlarla çıxış edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsini prioritet məsələlərdən biri hesab edir.

Dövlət başçısı bu ölkələrlə iqtisadi, siyasi, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir.

Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə əlaqələri tarixində ikitərəfli münasibətlərin ən yüksək zirvəyə ucalması, Qazaxıstan, Özbəkistan, Qırızıstan və Türkmənistanla qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, türkdilli ölkələr arasında inteqrasya prosesinin geniş vüsət almasında Azərbaycanın körpü rolunu oynaması, habelə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilərək yeni statusda fəaliyyəti göstərməsində xidmətləri böyükdür.

44 günlük Vətən müharibəsi dövründə Qazaxıstan dövləti, bütün qazax xalqı Azərbaycanın mövqeyini dəstəkləyib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də öz çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevlə mütəmadi əlaqədə olduğunu və iki ölkə arasında əlaqələrin son illərdə yüksələn xətlə davam etdiyini bildirib.

Tokayevin Bakıya səfəri və Prezident İlham Əliyevlə görüşü pozitiv əlaqələrə keyfiyyətcə yeni məzmun yükləyəcək.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir